Martın 26-da
Kanadanın Ottava Universitetində Azərbaycanın
işğal olunmuş ərazilərində ermənilər
tərəfindən dağıdılmış mədəni
irs və qədim abidələrin fotosərgisi
açılmışdır.
Azərbaycanın
Kanadadakı səfirliyindən bildirmişlər ki, Ottava
Azərbaycanlıları İcmasının təşkil
etdiyi sərgidən məqsəd həmin abidələrin
qorunması, bərpası və gələcək
nəsillərə çatdırılmasına
çağırışdır.
Aprelin 6-dək
davam edəcək sərgidə dağıdılmış
abidələrin işğaldan əvvəlki və sonrakı
vəziyyətini əks etdirən fotolar nümayiş etdirilir.
İcmanın nümayəndəsi
Yaşar Moğan sərgini açaraq, qədim insan məskənlərindən biri
kimi zəngin tarixi keçmişə və mədəni irsə malik olan Azərbaycanın Qobustan qayaüstü rəsmləri, zərdüştlük,
xristianlıq və İslam sivilizasiyasını
əks etdirən abidələri barədə ətraflı
məlumat vermişdir.
O,
Azərbaycanın müstəqilliyini yenidən bərpa
etdikdən sonra Ermənistan tərəfindən işğala
məruz qaldığını diqqətə
çatdırmış, işğal altında olan
ərazilərdə 738 tarixi abidənin, 28 muzeyin və 14
xatirə kompleksinin dağıdıldığını
və bunun təkcə Azərbaycan deyil, bütün
bəşəriyyət üçün böyük itki
olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, işğalçı Ermənistan
abidələrin Azərbaycana
məxsusluğunu inkar
etmək üçün
onların məhvi siyasətini həyata keçirir.
Sonra
müvəqqəti işlər vəkili Fərid
Şəfiyev çıxış edərək Ermənistanın
işğalçılıq siyasətinin
nəticələri, Azərbaycanın sülh
danışıqlarındakı mövqeyi, BMT-nin erməni
qüvvələrinin işğal olunmuş
ərazilərdən çıxarılmasını
tələb edən son qətnaməsi barədə məlumat
vermişdir.
Sərginin
açılışında Kanadanın qeyri-hökumət
təşkilatlarının rəhbərləri, dini icma
qurumlarının, Azərbaycan və türk icmalarının
nümayəndələri və həmçinin
tələbələr iştirak etmişlər.
Xalq qəzeti.- 2008.- 30 mart.- S. 5.