Bakıda 2-ci Azərbaycan beynəlxalq moda və aksessuarlar sərgisi açılmışdır

 

Martın 18-də Bakıda, "Avropa" mehmanxanasında Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Kaspian MMM şirkətlərinin birgə təşkilatçılığı ilə 2-ci Azərbaycan beynəlxalq moda və aksessuarlar sərgisi açılmışdır.

Ticarət və Sənaye Palatasının (TSP) vitse-prezidenti Mehman Əhmədov belə tədbirlərin ölkəmizdə iqtisadiyyatın inkişafına, sağlam ticarət mühitinin və qarşılıqlı rəqabətin formalaşmasına, xarici sərmayələrin cəlb olunmasına, yerli malların dünya bazarına çıxarılmasına və müştərək biznesə əlverişli şərait yaratdığını vurğulamışdır.

Burada yeni kolleksiyalarla tanış olmaq və modadakı yeni meyillər barədə məlumat almaq mümkündür.
Dünya şöhrətli şirkətlər sərginin köməyi ilə ölkəmizdə eksklüziv nümayəndə tapmaq niyyətindədirlər.

Sərgidə İtaliya, İspaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Polşa və digər ölkələrin tanınmış şirkətlərinin istehsal etdikləri hər cür qadın, kişi, uşaq paltarları, idman geyimləri, ayaqqabılar, çantalar, dəri və xəzdən hazırlanan geyimlər, aksessuarlar, kosmetika və s. nümayiş etdirilir.

Beynəlxalq sərgi Türkiyə, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, Hindistan, Pakistan, Polşa, Rusiya və digər ölkələrdən olan tanınmış geyim istehsalçılarında böyük maraq doğurmuşdur.
Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən rəsmi dəstəklənən beynəlxalq sərgi martın 20-dək davam edəcək.

Azərbaycan.- 2008.- 19 mart.- S. 6.