Hər kəsin fərdi geyim tərzi olmalıdır

 

Leyla Süleymanova, modelyer: "Moda hələ son sözünü deməyib"

 

Deyirlər, gözəl olmayan qadın yoxdur, sadəcə, gözəl görünməyi bacarmayan qadın var. Leyla Süleymanova qadını gözəl göstərməyi bacaran istedad sahibidir. İşləri defilelərdən, manekenlərin qiyafəsindən çoxlarına tanışdır. Moda adlı zərif və incə bir sənətlə məşğul olur. Rəngin, çaların sirrini aləmə açır, korlanmış zövqləri təzələyir. Bir sözlə, gənc modelyer gözəllik yaratmaqla məşğuldur.  

 

Qeyri-adi kolleksiya istəyi

 

- Bir neçə il bundan əvvəl Moda Assosiasiyasının təşkil etdiyi müsabiqələrdə manekenler sizin tikdiyiniz patarlarlarla podiuma çıxırdılar.

- 2000-ci ildə Moda Assosiasiyasının Bakıda keçirdiyi "İlin paltarı" müsabiqəsində ilk dəfə iştirak etdim və birinci yerə layiq görüldüm. 2005-ci ilə qədər hər il keçirilən bu yarışmaya qatıldım. Müxtəlif illərdə ayrı-ayrı yerlərin qalibi oldum. 2003-cü ildə Odessada "İlin fəsli" müsabiqəsində iştirak etdim. "Tikişlərin melodiyası" adlı birinci kolleksiyamı da həmin müsabiqədə təqdim etdim. O festivalda bir neçə modelyer iştirak edirdi və onların hər biri 5-6 paltardan ibarət kolleksiyasını nümayiş etdirirdi. MDB ölkələrindən, o cümlədən Ermənistanı da təmsil edən modelyerlərin iştirak etdiyi "İlin fəsli" festivalında bizim modelyerlər daha çox uğur qazandı. Onu da qeyd edim ki, ermənilər heç bir yer tuta bilmədi. Bu uğurlardan sonra müstəqil fəaliyyət göstərməyə başladım və "L&S Fasion" moda studiyasını açdım.

- Adətən modelyerlər ən böyük uğuru kolleksiyalarının nümayişindən qazanırlar. Ən çox da xaricdə keçirdikləri kolleksiyalardan. Odessadakı uğurdan sonra xaricdə kolleksiya nümayişi keçirməyə cəhd etmədinizmi?

- Sözün düzü, yox... Amma gələcək üçün belə bir planım var. İşləməyə başlayandan sonra kolleksiya hazırlamağa o qədər də vaxtım olmadı. Daha çox müştərilər üçün işləyirdim. İndi də layiqli bir kolleksiya hazırlamaq istəyirəm. Əgər Azərbaycanın adını təmsil edəcəyəmsə, bu, mütləq yaxşı bir kolleksiya olmalıdır. Təbii ki, bu da tez başa gələn iş deyil. Yaxın gələcək üçün layiqli bir kolleksiya hazırlamaq və şəxsi nümayişimi keçirmək planım var.

- Modada müstəqil fəaliyyət göstərmək, yoxsa hansısa bir assosiasiyanın təmsilçisi olmaq modelyerin tanınmasına kömək edir?

- Məncə, modelyerin həyatında hər iki amil vacibdir. Moda Assosiasiyasının təşkil etdiyi müsabiqələrdə, festivallarda iştirak etmək mənim həyatımda çox böyük rol oynayıb. Bunlar başlanğıc üçün çox vacibdir. Təzə başlayanda bu mənə də çox kömək etdi. Müsabiqələrdə iştirak etdim, yerlər tutdum. Sonra efirlərə dəvət olundum. Bu, modelyerin tanınması üçün ilkin mərhələdir. Bundan sonra isə modelyerin həyatında fərdi nümayişlər vacibdir. Artıq öz üzərində çalışıb inkişaf edirsən. Düzdür, fərdi nümayişlə başlamaq da modelyerə uğur gətirir. Ancaq bunun özünəməxsus çətinlikləri var. Məsələn, əgər istəsəm, günü sabah şəxsi kolleksiya nümayişi keçirərəm. Ancaq bu, ürəyim istəyən səviyyədə olmayacaq. Ona görə də tələsmirəm. Ürəyim istəyən səviyyədə olmayınca, şəxsi nümayiş keçirməyəcəyəm. Qeyri-adi nümayiş keçirməyə nə vaxt hazır olsam, onda təşkil edəcəyəm. Düzdür, xaricdə elə modelyerlər var ki, onlar məşhurdurlar və belə şəxsi nümayişləri tez-tez keçirirlər. Bizdə isə moda sahəsi təzəcə inkişaf edir. Ona görə də belə təcrübələr yoxdur.

- Şəxsi kolleksiya nümayişi üçün ən azı nə qədər paltar olmalıdır?

- Heç olmasa 40-50 paltar hazırlamalısan. Bu paltarlar doğrudan da qeyri-adi olmalıdır ki, tamaşaçıların diqqətini cəlb etsin. Bu isə o qədər asan iş deyil.

 

Vəsait problemi

 

- Öz moda stilinizi necə xarakterizə edərsiniz?

- Dəyişkən... Kolleksiyamda daha çox "predeparte" stilinə üstünlük verərəm. Daha çox geyiniləsi stil mənim üçün əsasdır. Burada avanqard, qeyri-adi geyimlər də var. Kolleksiyalarımda daha çox fantaziyalarıma üstünlük verməyə çalışıram. Əgər kolleksiyamı təqdim etməli olsam, geyiniləsi paltarlara üstünlük verərəm ki, adamlar onu geyib harasa gedə bilsinlər. Yəqin ki nə avanqard, nə də ekstravaqand stillərə hələlik üstünlük verməyəcəyəm.

- Bəzən elə kolleksiyaların nümayişləri keçirilir ki, orada təqdim olunan paltarlar hər hansı bir gecədə, mərasimdə istifadə olunmur. Yəni onların geyinilməsi, ümumiyyətlə, mümkün deyil.

- Bunlar da lazımdır. Elə modelyerlər var ki, öz fantaziyaları, qeyri-adi stillə çalışmağı xoşlayırlar. İstəyirlər ki, tamaşaçıları hansısa bir geyimləri ilə şoka salsınlar. Həmin kolleksiyada səhnə, teatr, kino çəkilişləri və ya hansısa mərasim üçün nəzərdə tutulanları var. Əlbəttə, elələri də var ki, həmin geyimləri heç kəs heç yerə geyinən deyil. Həmin paltarlar hansısa səhnədə istifadə oluna bilər.

- Modelyer öz şəxsi kolleksiyasını təşkil etmək və nümayişini keçirmək istəyirsə vəsaiti haradan tapır?

- Təbii ki, hamı özü tapır. Belə götürəndə vəsait də az deyil. Məsələn, mən elə bir səviyyədə kolleksiya təqdim etmək istəyirəm ki, ona çoxlu vəsait lazımdır. Təəssüf ki, hazırda Azərbaycanda bu sahəyə pul ayıracaq sponsor yoxdur. Bizdə indiyə qədər kim nəyə nail olubsa, öz gücünə qazanıb. Paltarların hazırlanması, manekenlərin xərcini ödəmək, nümayişi keçirmək üçün tutduğun yerin icarə haqqı, podiumun işıqlandırılması və s. işlər həddindən artıq vəsait tələb edir. Bəlkə də modaya sponsorların vəsait yatırımı xaricdə çox yayılıb, ancaq bizdə bu ənənə yoxdur.

- Bəs beynəlxalq yarışmalara qatılmağın hansı çətinlikləri var? Yenə də vəsait problemi?

- Əlbəttə, yenə də vəsait lazımdır. Bizdə hələ o səviyyədə deyil ki, dövlət tərəfindən pul ayrılsın və ya hansısa bir sponsor pul versin ki, modelyer gedib xaricdə Azərbaycanı təmsil etsin. Bizdə hələ belə bir şey olmayıb. Hansısa bir modelyer hər hansı bir festivallarda, müsabiqələrdə iştirak edib öz kolleksiyasını təqdim edirsə, bütün bunları öz hesabına görür. Məsələn, mən istəsəm, bu saat pulumu keçirib istənilən bir kolleksiya ilə Milanda və ya Parisdə keçirilən nümayişdə iştirak edə bilərəm. Hər şey pulun hesabına başa gəlir.

- Niyə bizim modelyerlər dünya bazarına çıxa bilmirlər? Və ya bəlkə belə bir təcrübə var, xəbərimiz yoxdur?

- Azərbaycanda moda sahəsi son bir neçə ildə inkişaf edib. Mən bu sahə ilə məşğul olmağa başlayanda isə çox nadir hallarda kiminsə modelyer olduğunu eşidirdim. İndi isə görürsən ki, rəqabət çoxalır, moda evləri artır. Artıq insanlar öz seçimlərini müəyyənləşdirməyi bacarırlar. Dünya bazarına çıxmağa gəlincə, bu, o qədər də asan iş deyil. Hal-hazırda bütün dünyanı Türkiyənin geyimləri başına götürüb. Bu geyimlər hər yerdə satılır, geyinilir. Türkiyənin böyük modelyerləri var. Ancaq Türkiyənin hər hansı bir modelyeri dünyaca məşhur deyil ki, onu hamı tanısın. Sırf tanınmışları olsa da, adları məşhur kutyuryelərin adlarının yanında çəkilmir. O ki qalmışdı Azərbaycanın hansısa bir modelyeri gedib o podiuma çıxsın. Buna illər lazımdır. Moda ilk dəfə Milanda, Parisdə yaranıb. 100 illərdir ki, onlar moda ilə məşğul olurlar, öz moda mərkəzləri var. Kristian Dior, Şanel kimi moda qanunvericiləri olub. Bu moda mərkəzləri 100 ildən çoxdur ki, fəaliyyət göstərir. Həmin moda mərkəzləri bütün dünyada tanınır. Onların vaxtilə özləri bu işlə məşğul olub, indi isə nəvə-nəticələri məşğuldur. Bizim üçün isə hələ elə səviyyəyə qalxmaq çox tezdir.

- Dünya modası ilə ayaqlaşmaq mümkündürmü?

- Bunu demək çətindir. Biz hələ o səviyyəyə gəlib çatmamışıq. Dünya bazarına çıxmaq üçün ilk növbədə dünyada tanınmaq lazımdır. Dünya modası ilə ayaqlaşmaq istəyiriksə, Nyu-Yorkda, Parisdə, Milanda keçirilən moda həftələrində iştirak etməliyik. O ölkələrdə ildə bir neçə dəfə keçirilən qış, payız, yaz, yay kolleksiyalarında iştirak etmək lazımdır. Bu cür kolleksiyaların keçirilməsi artıq orada qanun halını alıb. Dünya modası bu kolleksiyalardan müəyyənləşir. Bizdə hələ o səviyyədə modelyer yoxdur ki, həmin nümayişlərdə iştirak etsin.

- Sizcə nə zaman "Azərbaycan moda məktəbi" anlayışı formalaşacaq?

- Moda məktəbi olmalıdır. Düzdür, indi institutlarda müəyyən fakültələrdə modelyerlikdən dərslər keçirilir. Ancaq yaxşı mütəxəssis yetişdirmək səviyyəsi yoxdur. Sabah yaxşı bir modelyer yetişmək üçün mütləq modelyerlik məktəbi olmalıdır.

- "L&S Fasion" studiyasını açmaq sizə hər hansı bir gəlir gətirdimi?

- Bu işə çox həvəslə başlamışam. Bu studiyanı açanda təkcə pulu güdməmişəm. Müştərilərlə işləmək, təzə nəsə yaratmaq mənə həmişə zövq verirdi. Bu moda evini açmaqda məqsədim fantaziyalarımı, düşüncələrimi həyata keçirmək idi. Kimisə zövqlə geyindirib yola salmaq özü bir həzdir. Pul qazanmaqda da məqsədim o olub ki, onu işimə xərcləmək istəmişəm. Ancaq hər hansı bir kolleksiya nümayişi təşkil etmək üçün o dərəcədə vəsait toplamamışam. Gəlir ancaq xərcləri ödəyir. Bizdə modanı o qədər qiymətləndirməyi bacarmırlar. Eləsi var ki, "bu qədər pul verənə kimi, gedib hazır paltar alaram" deyir. Ancaq başa düşmür ki, hər hansı bir məclisə daxil olanda əynində eksklüziv bir paltar olur.

- Bizim modellərin dünya podiumuna çıxan modellərdən fərqi təkcə təcrübənin çatışmamasıdır?

- Bunu müqayisə etmək qətiyyən düz deyil. Dünyanın məşhur manekenlərinin podiuma bir dəfə çıxışının filan qədər qiyməti var. Bizdə isə agentliklər o qədər azdır ki, onların modelləri də barmaqla sayılası qədərdir. Dünya podiumuna çıxmaq üçün onlardan təcrübə, istedad tələb olunur. Düzdür, Moda Assosiasiyasının manekenləri xaricdə keçirilən müxtəlif festivallarda layiqli yerlər tutublar. Hər halda yenə də dünyanın məşhur manekenləri ilə müqayisəediləcək şey deyil. Bu sahəni inkişaf etdirmək lazımdır.

 

Zövq məsələsi

 

- Adətən deyirlər ki, şairlərin şeir yazması üçün ilham lazımdır. Bəs modelyer nədən qidalanır?

- Deyərdim ki, hər bir modelyerin fərqli iş üslubu var. Məsələn, əhval-ruhiyyəm yaxşı olmayanda hansısa bir eskizi çəkə bilmərəm. Nə qədər çalışsam da, bu məndə alınmayacaq. Ancaq əhvalım yaxşı olanda istədiyim bir eskizi yarada bilirəm. Məsələn, təbiət qoynuna çıxanda, bu, adama hansısa bir anı xatırladır. Onda adama ideya gəlir və mən buna ilham deyirəm.

- Bir modelyer kimi necə tövsiyə edirsiniz: dəblə ayaqlaşmaq lazımdır, yoxsa kimə nə yaraşırsa onu geyinmək?

- Yaraşdığına görə durub bir neçə il bundan əvvəl dəbdə olan paltarı geyinmək düz deyil. Özünü dəblə geyinməyə məcbur etmək də düzgün deyil. Ümumiyyətlə, bir paltar dəbdə olan kimi bizdə bütün mağazalara yayılır. Şəhərə baxıb görürsən ki, əhalinin yarısı eyni stildə geyinib. Bu da düzgün deyil. Hər kəsin özünün fərdi geyim tərzi olmalıdır. Yeri gələndə, hər kəs özünə yaraşanı da geyinməlidir. Hətta bəzən efirdə də görürsən ki, dəb olduğu üçün yaraşmayan paltarları geyinirlər.

- Ümumiyyətlə, avanqard, klassik, müasir stillər dəb, yoxsa zövq məsələsidir?

- Əlbəttə, zövq məsələsidir. Bu stillərdən istifadə etməyin hər birinin öz yeri var. Tutaq ki, bu gün avanqard stildə geyinib küçəyə çıxsan, hamı adama gülər. Yaxud gündəlik ev geyimində hər hansı bir məclisə getsən, yaxşı qarşılanmaz. Ona görə də seçimə diqqətlə fikir vermək lazımdır. Gündəlik həyatda sadə geyimə üstünlük vermək lazımdır.

- Necə bilirsiniz, modanın cinsi varmı?

- Moda hamı üçündür. Dəbi "kişiyə və ya qadına aiddir" - deyə bölmək lazım deyil. Bir də ki, moda təkcə geyimə aid deyil. Hər şeyin özünə aid dəbi var. Evdəki mebel və ya hər hansı aksesuar da dəblə müəyyənləşir.

- Niyə modadan danışanda ancaq qadınlar nəzərdə tutulur? Məgər kişilərə dəb lazım deyil?

- Dəb kişilərə də aiddir. Onlar üçün də dəb dəyişir. Köhnə illərin dəbi qayıdanda kişilər üçün də dəyişilir. Ancaq kişilər üçün geyimdə o dərəcədə seçim yoxdur. Qadın geyimində daha çox müxtəliflik olduğu üçün dəbi daha çox zərif cinsə aid edirlər. Ona görə də qadınlar dəb məsələsində irəlidə gedir.

- Bəzən qadın ciddi kostyum geyinəndə "işgüzar" imic kimi qəbul edilir. Ancaq kişilər qadınlara məxsus görkəmi mənimsəyəndə, məsələn, saçlarını yığanda birmənalı qarşılanmır.

- Qadınlar ta qədimdən zərif məxluq kimi tanınıb. Kişilər isə kişiliyi ilə seçilib. Qadın geyimində seçim geniş olduğu üçün o, heç kəsi təəccübləndirə bilməz. Onun saç düzümü kişisayağı da ola bilər. Kişilərə gəldikdə isə bu onların işlədiyi sahəyə baxır. Düzdür, çox zaman qəbul olunmur. Ancaq əgər kişi şou-biznesdədirsə, müğənni və ya aktyordursa, o qədər də pis qarşılanmır. Xüsusən indiki dövrdə.

- Kişi müğənnilərimizin zövqü sizi qane edirmi?

- Açığını deyim ki, elə bil zövqləri get-gedə yaxşılaşır. Əvvəlki illərdə müğənnilər hamısı standart geyim formasında səhnəyə çıxırdılar. İndi isə dəblə geyinən cavan müğənnilər səhnəyə çıxır. Ümumiyyətlə, kişi müğənnilər arasında zövqlərinə görə fərqlənənlər var. Bəzən hər hansı müğənni adi bir verilişə dəvət olunur, ancaq görürsən ki, geyimi həmin verilişə qətiyyən uyğun gəlmir. Onun geyimi, saç düzümü, makiyayı sanki hər hansı bir toy məclisi üçün nəzərdə tutulub. Bəzən müğənnilər verilişlərdə özlərini modanın diqtəedicisi kimi aparırlar. Ancaq onların arasında zövqsüzləri çoxdur. Ümumi nəzər salanda zövqlə geyinən adamlar az deyil. İndi adam küçədə, hər hansı bir mərasimdə zövqlə geyinən adamlara daha tez-tez rast gəlir.

 

Özünə yaraşanı geyinmək

 

- Şəxsən siz dəbdə nəyə üstünlük verirsiniz? Ümumiyyətlə, dəblə geyinirsinizmi?

- Mənə maraqlı deyil ki, hansısa bir paltar dəbdə olsun və mən onun arxasınca qaçım. Bəzən elə olub ki, bir neçə il bundan əvvəl çəkdiyim eskizi qabaqlamışam. Məsələn, mən o eskizi çəkmişəm, 10-12 ildən sonra o, dəbdə olub. Belə təsadüflər çox olub. Mən eskizlərin altında tarixini yazdığım üçün bunun şahidləri də var. Gündəlik geyimimdə qeyri-adiliyə can atmıram. Ancaq hara gedirəmsə, onda seçilməyə çalışıram. Ümumiyyətlə, geyimimdə daha çox qeyri-adiliyi xoşlayıram.

- Sizin üçün imic və obraz müxtəlif anlayışlardır?

- Bir obrazı yaratmaq istəyirsənsə, onu başdan-ayağa fikirləşirsən. Ayaqqabıdan tutmuş saçına qədər. İmic isə seçilmiş geyim tərzidir. Yəni insan o tərzlə özünə imic formalaşdırır. İmiclə obraz arasında həm oxşarlıq, həm də fərqlər var.

- Belə bir fikir var: "Dəb zorakılığa qarşı ən gözəl silahdır". Sizcə dəblə yalnız gözəllikləri tərənnüm edib, eybəcərliklərə qalib gəlmək mümkündür?

- Baxır hansı şəraitdə... Bəlkə elə bir vəziyyət yarandı ki, orda dəb də heç bir rol oynaya bilməz.

- Yaxşı zövq nədir?

- Özünə yaraşanı geyinmək, dəblə ayaqlaşmağı bacarmaq, öz fərdiliyini daha qabarıq göstərə bilmək, bir məclisdə digərlərindən seçilmək, qeyri-adiliyini nəzərə çatdırmaq zövq deməkdir. Bu, həmçinin daxildən gəlir. İnsanın zahiri ilə daxili bir-birini tamamlamalıdır. Bir də görürsən ki, kimsə qeyri-adi, yüksək zövqlə geyinib, amma ağzını açanda onun dünyagörüşünün nə qədər kasad olduğunu görürsən.

- Hazırda dünya modası nə diktə edir?

- Hazırda 50, 60, 70-ci illərin dəbi təzədən qayıdıb. Düzdür, yeni, müasir seçim variantları da ola bilər. Ancaq stil baxımından köhnə illərin dəbidir.

- Bəs rənglər, çalarlar necə müəyyənləşir?

- Bütün bunları məşhur modelyerlər keçirilən moda həftələrində müəyyənləşdirir. Ondan sonra bütün dünyaya yayılır.

- Deyə bilərsinizmi, modanın son məqsədi nədir?

- Modanın son məqsədi ola bilməz. Dünya durduqca moda da olacaq. Moda hələ son sözünü deməyib.

 

Kaspi.- 2008.- 8-11 mart.- S. 22-23.