Hacıyev G.
Mədəni irsi
qorumasan, öyrənməsən zənginləşdirə
bilməzsən
Ölkəmizin
müasir inkişaf manifesti — “Azərbaycan Respublikası
regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
uğurlu icrası dünyanı, sözün əsl
mənasında, heyrətləndirməkdədir. Qısa
müddətdə tarixi baxımdan böyük işlərin
gerçəkliyə çevrilməsi nəticəsində
ölkə həyatının digər sahələri kimi
mədəni sfera da yeni yüksəliş
mərhələsinə daxil olmuşdur. 2007-ci ildə bu
sahənin inkişaf etdirilməsi ilə bağlı 50-dən
artıq fərman və sərəncam imzalanması
dövlət başçısının milli
mədəniyyətin tərəqqisinə diqqətinin
canlı nümunəsidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fəal
dəstəyi, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun rəhbəri Mehriban
xanım Əliyevanın yüksək
təşkilatçılığı ilə həyata
keçirilən layihələr nəticəsində
xalqımızın mədəni irsinin nadir inciləri
YUNESKO-nun Dünya irsi siyahısına daxil edilməklə,
bəşəri dəyər və status almışdır.
Bu gün mədəniyyətimizə, incəsənətimizin
və musiqimizin inkişafına ulu öndər Heydər
Əliyevin himayədarlığı ölkə başçısının
nümunəsində uğurla davam etdirilir. Müstəqil
dövlətimiz milli mədəniyyətimizi dünya
miqyasında tanıdır, onun yeni uğurlarına qapı
açır. Ötən il İslam Konfransı
Təşkilatının Bakı şəhərini 2009-cu
ildə İslam mədəniyyətinin paytaxtı elan
etməsi ən böyük mədəni
uğurlarımızdandır. Bu nəticələr
ölkənin çoxsaylı mədəniyyət və turizm
işçilərinin də qürurunu artırır, bizi
mədəni tərəqqiyə töhfəmizi
artırmağa həvəsləndirir. Bütün bunlar
barədə Mədəniyyət və Turizm Nazirliyinin
rayonumuzda keçirdiyi builki ilk kollegiya iclasında geniş söhbət
açıldı, həlli vacib məsələlər
önə çəkildi.
Goranboy Rayon Mədəniyyət və Turizm
Şöbəsinin kollektivi də qarşıya qoyulmuş
vəzifənin — ölkə Prezidentinin
məqsədyönlü və davamlı sosial-iqtisadi,
mədəni siyasətinin əhali arasında təbliği,
qədim və zəngin milli-mənəvi irs və
dəyərlərimizin yaşadılması və inkişaf
etdirilməsi, əhaliyə göstərilən mədəni
xidmətin məzmunca yeniləşdirilməsi ilə
bağlı işlərin yerinə yetirilməsinə maksimum
səy göstərir.
Ölkəmizdə olduğu kimi, rayonumuzda da mədəni
sahədə son illərdə ciddi işlər
görülmüşdür. Goranboy şəhər və
Xoylu kəndi Tarix-Diyarşünaslıq Muzeyləri
əsaslı şəkildə yenidən qurulmuşdur.
Dəliməmmədli uşaq kitabxanası üçün
yeni oxu zalı tikilmişdir. Şəhər
İncəsənət Məktəbinə yeni binanın,
Dəliməmmədli uşaq musiqi məktəbinə
əlavə korpusun və mədəniyyət evinə
yardımçı otaqların tikintisi davam
etdirilməkdədir. Rəsm Qalereyasına yeni inzibati
binanın tikintisinə yaxın günlərdə
başlanacaqdır.
Ötən il Goranboy şəhərində Heydər
Əliyev Parkının müasir dizaynda yenidən qurulması
işləri davam etdirilmişdir. 2 mədəniyyət evi, 3
musiqi məktəbi, 5 kitabxana filialı da əsaslı
təmir edilmişdir. Ümumilikdə, mədəniyyət
obyektlərində 59 min manatlıq tikinti-təmir
işləri aparılmış, 34 min manatlıq inventar
və avadanlıq alınmışdır.
Muzeylərin və kitabxanaların xidmətində
irəliləyiş əldə olunmuşdur. Ötən il
muzeylərimizdə 8 min nəfərdən çox adam
olmuş, kitabxanalarımız isə 29 min nəfərə
xidmət göstərmişdir. İki kitabxana filialı yeni
binaya köçürülmüşdür. Ulu öndər
Heydər Əliyevin zəngin dövlətçilik irsinin
muzeylər vasitəsilə təbliği və
öyrənilməsinə diqqət yetirilir. Avropa və
Asiyanın 17 ölkəsindən olan qonaqlara muzeylərdə
diyarın tarixi, mədəni-siyasi inkişafı haqqında
yetərincə bilgi verilmişdir. Mədəniyyət və
Turizm Nazirliyi rayonumuzdakı Heydər Əliyev Muzeyində
sənədlərlə iş təcrübəsinin
öyrənilməsini ətraf rayonlara da tövsiyyə
etmişdir.
İnformasiya məlumatlarının sürətlə
alınması və ötürülməsi müasir kitabxana
xidmətində çeviklik tələb edir. Bu
məqsədlə kitabxanaların elektron avadanlıqla
təmin olunması, yeni kitabxana mərkəzlərinin
yaradılması da diqqətdə saxlanmışdır.
Yaxın günlərdə Qızılhacılı
qəsəbəsində belə bir mərkəzin
yaradılmasına başlanacaqdır. Bununla da yararsız
otaqlarda yerləşən kitabxanaların yeni binalara köçürülməsi
işləri sürətlənəcəkdir.
Son 1 ildə rayonun 66 klub müəssisəsi tarixi
hadisələr və əlamətdar yubileylərlə
bağlı 74-dən artıq tədbir keçirmişdir.
Sahənin maddi-texniki bazasının
möhkəmləndirilməsi, zəruri inventara olan
ehtiyacın ödənilməsi məqsədilə Goranboy
Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
Mədəniyyət və Turizm Nazirliyindən 700 oturacaq
və digər avadanlıq almışıq. Rayon
rəhbərliyi büdcə xərclərinə yenidən
baxdıqdan sonra mədəniyyət obyektlərində
əsaslı təmir, inventar və avadanlıq üçün
ayırmalar ikiqat artırılmışdır. Bu isə
müəssisələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsində
dönüş yaratmağa imkan verəcəkdir.
Keçən il Goranboy şəhər 2 saylı klubu yeni
binaya köçürülmüşdür. 17 ildən sonra
vaxtilə ölkəmizi Bolqarıstanda, Rumıniyada,
Hollandiyada layiqincə təmsil etmiş “Goranboy xalq
teatrının” və folklar qrupunun fəaliyyəti bərpa
olunmuşdur. Bu kollektivlər müxtəlif
müsabiqələrdə uğurla çıxış
edirlər. Yaxın aylarda respublikada ilk dəfə olaraq bizim
rayonda yeni bir layihənin reallaşması — kənd
mədəniyyət mərkəzinin yaradılması bu
sahədə köklü işlərin görülməsinə
şərait yaradacaqdır.
Hazırda rayonda 113 daşınmaz tarix və
mədəniyyət abidəsi mühafizə olunur.
Abidələrimiz tarixilik baxımından qədim və
möhtəşəmdir. Onların uzunömürlülüyünü
təmin etmək məqsədilə Rəhimli
türbələr kompleksinin elmi bərpası
Mədəniyyət və Tarizm Nazirliyinin, Azərbaycan
Atabəylər dövlətinin alınmaz qalası olan
Şətəl şəhərinin ərazisində və
Səfikürd kurqanlarında arxeoloji qazıntıların
aparılması isə Arxeologiya və Etnoqrafiya İnstitutunun
2008– 2009-cu illər üçün iş planına daxil
edilmişdir. Ötən müddət də Sarov,
Baxçakürd və Zeyvə kəndlərində,
Qızılhacılı qəsəbəsində,
Dəliməmmədli və Goranboy şəhərlərində
yerləşən tarix-memarlıq abidələri və
komplekslərində təmir və abadlıq işləri
aparılmış, işlərin davam etdirilməsi
nəzərdə tutulmuşdur.
Təəssüf ki, torpaq islahatları aparılan zaman
bəzi abidələrin yerləşdiyi sahələr,
xüsusilə kurqan və qala yerləri pay
mülkiyyətinə verilmişdir. Zəbtetmələr
də qalmaqdadır. Bəzi kurqan abidələrinin
yerləşdiyi ərazidən qum, çınqıl
mənbəyi kimi istifadə edilir. Belə hallar
abidələrin mühafihə işində əlavə
problemlər yaradır. Goranboy abidələrinin elmi
tədqiqini davam etdirmək lazımdır. 2003-cü ildə
Borsunlu kurqanlarından əldə olunmuş qiymətli
nümunələr bu torpaqlarda min illərdən bəri
türkdilli xalqların yaşadığını sübuta
yetirmişdir.
Rayonun Aşağı Ağcakənd və Gülüstan
əraziləri təbii relyefinə görə turizmin
inkişafı üçün əlverişli və iqtisadi
potensiala malik zonalar kimi seçilmişdir. Artıq
Aşağı Ağcakənd ərazisində 2 turizm
istirahət mərkəzi fəaliyyət göstərir. Burada
yeni obyektlər də salınacaq. Rayonda turizmin inkişaf
etdirilməsi məqsədilə iş adamları, turizm
şirkətləri, qeyri-hökumət təşkilatları
fəal təşviq olunur.
Goranboy rayonu üzrə turizm marşurutu da tərtib
olunmuşdur. Birincisi marşrut Goranboy şəhərini
(muzeylər, Rəsm Qalereyası, İstirahət Parkı),
Rəhimli kəndini (XVIII əsr türbələr kompleksi,
IX—XII əsrlərə aid kənd qəbristanlığı),
Şətəl şəhər qala yerini (VI—XII
əsrlər), Səfikürd kəndini (e.ə. I minilliyin II
yarısı — kurqanlar, XVII əsr türbə, X—XIII
əsrlərə aid kənd qəbristanlığı,
qədim kəhrizlər), Meşəli kəndini (VI—XII əsr
Alban məbədi), Aşağı Ağcakəndi (turist
istirahət mərkəzləri) əhatə edir. İkinci
marşrut Goranqboy şəhərindən başlanmaqla
(muzeylər, Rəsm Qalereyası, İstirahət Parkı) Balakürd
kəndindən (qədim toysar ocağı),
Qızılhacılı qəsəbəsindən (XVIII
əsr məscid), Naftalan şəhərindən
(müalicəvi neft buruqları), Səfikürd
kəndindən (e.ə. I minilliyin II yarısı kurqanlar),
Meşəli kəndindən (Alban məbədi — VI–XII
əsr), Aşağı Ağcakənd qəsəbəsindən
(istirahət güşələri), Börü —
Mənəşli — Buzluq kəndlərindən (yaylaqlar,
təbiət mənzərələri, bulaqlar və s.) və
Gülüstan kəndindən (XII əsr Gülüstan
qalası) keçir.
Bu ildən rayonumuzda kənd mədəniyyət günləri
həftəsinin keçirilməsinə
başlanmışdır. Xalça sərgisinin
təşkili Qızılhacılı
qəsəbəsində xalça muzeyinin yaradılması
üçün təşkilati işlər aparılır.
Goranboylular həmişə dövlət və
dövlətçiliyimizə dərin ehtiram və
sədaqətləri ilə seçilmişlər. Bu gün
də onlar regionun iqtisadi ehtiyatlarının və potensialının
ölkəmizin tərəqqisi naminə istifadə
edilməsində əzmkarlıq nümayiş etdirirlər.
Rayonun mədəniyyət və turizm kollektivləri bu
prosesdə fəal iştirak etməklə, milli-mədəni
dəyərlərimizi öyrənmək, təbliğ
etmək və zənginləşdirmək işinə
töhfələrini bundan sonra da artıracaqlar. Tarix
göstərir ki, mədəni irsinə hörmətlə
yanaşmayan xalqların aqibəti acınacaqlı olur. Bu
baxımdan bizim öyünməyə haqqımız olduğu
kimi, görməyə işlərimiz də çoxdur.
Yaxşı deyiblər ki, mədəni irsi qorumasan,
öyrənməsən zənginləşdirə
bilməzsən.
Xalq qəzeti.- 2008.- 15 mart.- S. 9.