Babayeva T.


Şamil Süleymanov: Mən heç yuxuda da Abbas Mirzənin üzünə dura bilməzdim

 

Müğənni və aktyorların aparıcılığı ilə televiziya tamaşaçılarına təqdim olunan əyləncəli verilişlər, tok-şoular Qərbdə olduğu kimi, Azərbaycanda da geniş yayılıb. Bunların bir qismi uğurlu, digərləri uğursuz alınsa da, bir faktı inkar etmək olmaz ki, hər halda həmin verilişlərin əksəriyyətinin öz auditoriyası var. Özünü teleaparıcı kimi sınayanlardan biri də əməkdar artist Şamil Süleymanovdur.
Kinoaktyorla söhbətə elə onun televiziya fəaliyyəti ilə başladıq. Şamil Süleymanov televiziyada çalışmağa başlayandan özünü gənc hiss etdiyini deyir.

- Televiziyada aparıcılıq etmək təklifini böyük məmnuniyyətlə qəbul etdim, o dəqiqə razılaşdım. Buradakıların əksəriyyəti gənclərdir. Onların tempinə qoşulanda adam 53 yaşında olduğunu unudur. Televiziyada başa düşdüm ki, o qədər də qocalmamışam. Aparıcılıq bacarığıma gəlincə, bəzi tamaşaçılar və ailə üzvlərim məni bir məsələdə günahlandırırlar - qonaqlarımı çox tərifləyirəm. Həyatımın kredosu odur ki, insanlar üçün mənimlə söhbət etməkdən, mənimlə dost olmaqdan asan heç nə olmasın. İnsanlar mənim gözümdə həmişə yüksəkdə dayanıblar. Mənim aləmimdə sənətdə sözünü deyən müsbət enerjili adamlar təriflənməlidir. Mənim verilişimin qonaqları da tərifəlayiq adamlar olduğu üçün onları tərifləyirəm.

- Şamil müəllim, kino fəaliyyətinizdən danışaq. Çəkildiyiniz ilk film "Baladadaşın ilk məhəbbəti" olub. Daha sonra "Tütək səsi", "Papaq", "Bəyin oğurlanması" ...

- "Uzun ömrün akkordları", "Anlamaq istəyirəm"… bu siyahını bir az da artıra bilərəm. Nə yaxşı ki, tamaşaçılar həmin filmlərdə mənim hansı rolu oynamağımı sezəmyiblər. Bu mənim ən çox sevdiyim məqamdır. Bir çox rollarım var ki, orada mənim çəkildiyimi heç kim bilməyib. Belə rollarımdan sonuncusu rejissor Ramiz Həsənoğlunun film-tamaşsında Qıpçaq Məlik olub. O rolda heç özüm də özümü tanıya bilmədim. Bu mənim ilk mənfi rolum idi. Ramiz müəllim sağ olsun, başa düşdü ki, mənfi obrazlar da yaratmaq istəyirəm. Bundan sonra bir neçə mənfi rol ifa etmişəm. Amma bu yaxınlarda belə bir obrazı canlandırmaqdan imtina etməli oldum. Həyatımda bir dəfə çox hörmət etdiyim insana - Ramiz Həsənoğluya rədd cavabı verdim. Neçə illər idi bu rejissorla birgə işləyəcəyim günü gözləyirdim və o da arzumu nəzərə alaraq, mənə "Hüseyn Cavid" filmində yenidən rol təklif etdi. Tərslikdən bu rol repressiya dövründə Abbas Mirzənin üzünə duran, donosçunun rolu oldu. Mən heç yuxuda da Abbas Mirzənin üzünə dura bilməzdim. Ona görə də bu roldan imtina etməli oldum. Düzdür, məni qınayanlar oldu, "axı, sən aktyorsan, hər bir rolu oynamalısan" deyənlər oldu. Amma mən bacarmadım. Bir nağıl var ki, mən ona inanıram- Abbas Mirzə nağılı. Əgər sən dünyada nağıla inanmırsansa, demək, sən uşaqlığını qorumamısan. Abbas Mirzə Abbas Mirzə idi. Mən ömrüm boyu onu donos edən adamın kim olduğunu axtarmışam. Abbas Mirzəni həbs edən müstəntiqi böyük məmnuniyyətlə oynayardım. Amma onun üzünə duran aktyoru yox.

- Bir müddət yerli kinematoqrafiya durğunluq dövrünü yaşadı. İndi isə vəziyyət dəyişib, hər il üç-dörd film istehsal olunur. Bəs, sizi necə, çəkilişlərə dəvət edirlər?

- Elədir, son illər "Azərbaycanfilm" elə addımlarla irəliləyir ki, böhran dövrü yaddan çıxıb. Azərbaycan kinosunun çox böyük gələcəyi var. Ölkə Prezidentinin kino haqqındakı sərəncamı Azərbaycan kinosunun inkişafı yolunda atılan ən böyük addımdır. Bu sərəncamla Azərbaycan kinosu yenidən doğuldu. Təbii ki, bu dəyişikliklər mənim də yaradıcılığıma təsirini göstərir. Mən Oqtay Mirqasımovun "Günaydın, mələyim" filmində teatr direktoru rolunu oynamışam. Bundan başqa, bir neçə təklif almışam. Ümumiyyətlə, bu il mənim ilimdir. "Baladadaşın ilk məhəbbəti" filminin rejissoru, mənim ustadım Fikrət Əliyev bu il film çəkəcək. Mən onun filminə çəkilsəm də, çəkilməsəm də, elə bilirəm, həmin filmdə baş rolu oynayıram. Çünki onun filmlərilə yaşayıram. Fikrət Əliyev Abşeronun aşiqidir, vurğunudur, mən deyərdim, Fikrət Abşeronun özüdür. Onun lentə alacağı yeni filmdə mən Şamil roluna çəkiləcəyəm. Belə ki, kino fəaliyyətimdə üçüncü dəfə öz adaşımı oynayacağam. Bundan əvvəl "Papaq"da, Almaniyada istehsal olunmuş, azərbaycanlı mühacirlərin həyatından bəhs edən "Şamil" filmində Şamil obrazını canlandırmışam.

- Bir neçə filmdə baş rolları ifa etsəniz də, tamaşaçılar sizi ilk rolunuz - Baladadaş kimi tanıyır. Bu rolun indiyə qədər belə məşhur olmasının səbəbi nədir?

- Bilirsiniz, "O olmasın, bu olsun" filminin belə məşhur alınmasında Hüseyn Seyidzadənin böyük rejissor olması, orada dahi aktyorların çəkilməsi ilə yanaşı, başqa səbəb də var. Sənətkarlıq, istedad kimi amillər bir yana, film həm də vaxtında çəkilməlidir. Bu, yerində deyilmiş söz kimidir. "Baladadaşın ilk məhəbbəti" kiçik film olsa da, yerində deyilmiş söz, məqamında çəkilmiş filmdir. "Mən səni sevirəm" kəlməsini ancaq sözlə demək lazımdır? Bu film də eynən Leyli və Məcnun əhvalatıdır. Klassik sevgi əhvalatını insanlara yaxın olan dildə çatdırdıq. Sevgi, ölüm, həyat kimi əbədi mövzular isə heç vaxt unudulmur. Ona görə də 30 ildən çoxdur ki, film tamaşaçıların yaddaşından silinmir.

- Siz hansı tip aktyorlardansınız? Hansısa rolun arzusu ilə yaşayanlardan, ya bu məsələni rejissorun öhdəsinə buraxıb gözləyənlərdən?

- Bəzi tanınmış aktyorlar elə düşünürlər ki, mən teatrda işləmirəm, kinoda da fasilələrlə çəkilirəm deyə kimdənsə, nədənsə geri qalıram. Mən hər gün filmə çəkilirəm, elə gün yoxdur ki, heç olmaya bir filmə çəkilməyim (mən dəli deyiləm.) Mən içimdə bütün rolları oynamışam. Hər gün Ramiz Rövşənin bir şeirini əzbərləyirəm. Bu artıq məndə vərdişə çevrilib. Nə olsun ki, rejissorlar məni hansısa rolda görmürlər, mən özüm-özümü görürəm. Vacib deyil ki, "Ölülər"də İskəndəri oynayım. Bu əsərdə poçt müdiri mənim üçün İskəndərdən də böyük roldur, daha çox əhəmiyyət kəsb edir. Əgər "Ölülər" əsərində mənə rol təklif etsələr, mən əlbəttə ki, poçt müdiri obrazını yaradardım. Məncə, o da İskəndər qədər ağıllı, bu dünyaya bələd insandır. Sadəcə, o, mübariz deyil. O bilir ki, hələ mübarizə aparmağın vaxtı çatmayıb. Onun da mübarizəsi adam dolamaqdır. Bu mənim variantımdır. Yəqin ki, o filmi bir də çəkməyəcəklər, o rolu mənə verməyəcəklər. Amma mən öz içimdə oynadım o rolu. O filmin rejissoru da özüm oldum, aktyoru da…

- Yeri gəlmişkən, rejissor olmaq fikriniz yoxdur?
- Uzun illər Vaqif Mustafayevlə bir otaqda oturmuşuq, bir kollektivdə işləmişik. Onun "Mozalan"da çəkdiyi ilk süjetin inzibatçısı da mən olmuşam. Onun çəkilişlərində böyük həvəslə işləyirdim. Çünki həmyaşıdım və dostum idi. Vaqif professional rejissor olacağını hələ cavan vaxtlarından bilirdi və qarşısına belə bir məqsəd qoymuşdu. Ona görə də gözəl rejissor oldu. Amma məndə heç vaxt rejissor olmaq istəyi olmayıb. Bəlkə də nə vaxtsa bu istək məndə oyanacaq, film çəkəcəyəm.
- Bəs, nə üçün teatrda işləmirsiniz? Ümumiyyətlə, bizdə belə bir tendensiya var - kino aktyorları teatrda çalışmırlar...

- Başqalarını deyə bilmərəm, şəxsən mən teatrda işləməyi ağlıma sığışdıra bilmirəm. Teatr böyük sənətdir, düzünü desəm, mən teatrdan qorxuram. Teatr ibadətgahdır, orada özünü tamam başqa cür hiss edirsən. Kinoda isə insan özünü sərbəst hesab edir. Kino mənə daha yaxındır.
- Şamil müəllim, yaxın gələcəyə hansı planlarınız var?

- Bir televizya layihəsi üzərində işləyirəm. Televiziyada çalışmaq çox xoşuma gəldiyi üçün hələ ki oradan uzaqlaşmaq fikrim yoxdur. Qabaqcadan danışmaq mənə düşmür, ona görə də layihə barəsində geniş məlumat verməyəcəm. Fikrət Əliyevin filmində çəkilməklə yanaşı, həm də kinoda böyük bir arzumu yerinə yetirmək, epizodik bir rolda çəkilmək istəyirəm. Bu, kiçik bir rol olsa da, mənim həyatımın mənası olacaq. Bir də Şerlok Holms qədər ciddi, ağıllı bir adamı oynamaq istəyirəm. Məncə, bu arzum da həyata keçəcək. Rejissor məni çəkmək istəyir, müəllif də məni həmin rolda görür. Bu, müstəntiq rolu olacaq. Bunlardan başqa, həm də klip çəkmək fikrim var. Bu klipdə baş qəhrəman "Cip"də gəzməyəcək, restoranda dərin fikirlərə dalmayacaq, üçmərtəbəli villada yaşamayacaq. Bizim kliplərə baxanda adamda belə təəssürat yaranır ki, "Cip"i və villası olmayan insanın sevməyə ixtiyarı yoxdur. Çox qəribədir… 25 ildir ki, xanımımla həyat sürürəm, bir dəfə də olsun, ağlıma gəlməyib ki, dünyada başqa gözəllər var. Nə maşınım olub, nə də dəbdəbəli evim. Ona görə də mən elə bir klip çəkmək istəyirəm ki, qızla oğlan metroda, avtobus dayanacağında tanış olsunlar. Mən heç kimi qınamaq fikrində deyiləm. Şou-biznesdəkiləri tənqid etməyi xoşlamıram. Bu gün hamı şou-biznesdən danışır, estrada müğənnilərinə həsr olunmuş böyük verilişlər hazrlanır. Müğənnilər özləri isə bir-birini təhqir etməklə məşğuldurlar. Heç Yalçın Rzazadənin, Flora Kərimovanın, İlhamə Quliyevanın kimisə təhqir etdiyini, gənc müğənnilərin ünvanına xoşagəlməz söz dediklərini eşitmisiniz? Çünki onların o vaxt da səsləri vardı, bu gün də var. Maraqlısı da odur ki, korifeylər danışmır, səsi olmayanlar meydan sulayırlar. Amma narahat olmağa, əsəbləşməyə dəyməz. Zaman hamını öz ələyindən keçirəcək. Layiqlilər tarixdə qalacaq, layiq olmayanlar heç kimin yadına belə düşməyəcək.

- Müsahibəyə görə sağ olun. Qarşıdan gələn Novruz bayramınızı təbrik edirik və sizə yaradıcılıq uğurları arzulayırıq...

- Mən də xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm.

Xəzər.- 2008.- 20 mart.- S. 12.