Samirə
Ələsgər
Ələkbərov Otellonu oynamaqdan niyə imtina edib?
Arayış:
Azərbaycan SSR-in və
SSRİ-nin xalq artisti, yüksək orden və medallara layiq
görülmüş Ələsgər Ələkbərov 1910-cu il mart ayının 26-da
Bakıda anadan olub. 1963-cü il yanvarın 31-də vəfat
edib.
Ələsgər
Ələkborov... Azərbaycan teatr mədəniyyətinin
inkişafında böyük rol oynayıb. Xalqın
həyatını dərindən bilən və onun fikir
və arzularını, mənəvi gözəlliklərini
duyub ifadə edən xalq sənətkarına böyük ehtiyac
olan bir vaxtda sənətə gəlib. Səhnəmizin realist
və mütərəqqi ənənələrini davam
etdirən sənətkar dövrünün yüksək
sənət tələbləri ilə ayaqlaşa bilib. Buna
görə də çox gənc yaşlarından teatr
ictimaiyyətinin diqqətini cəlb edib, xalqın
nıəhəbbətini qazanıb.
Müsahibimiz SSRİ xalq
artistləri - Hökumə Qurbanova və Ələsgər
Ələkbərovun nəvəsi neftçi Nazim Əliyevdir.
- Hökumə Qurbanova
və Ələsgər Ələkbərov nəslinin
yeganə yadigarısınız, eləmi?
- Bəli, nəslin yeganə oğlu,
yeganə yadigarıyam. Həm nənəmin, həm
babamın, həm anamın, həm də Vəfanın...
- Hökumə xanımla
Ələsgər Ələkbərovun
qısqanclığı uzun sürdümü?
- Bir müddət davam edib. Babam nənəmdən sonra iki dəfə evlənib. Küsülü olmalarına baxmayaraq, ömürlərinin axırına qədər bir-birini seviblər. Qohumların xahişləri onlara təsir eləmirdi. Babam nənəmlə ancaq mən doğulandan sonra barışıb. Babam türkiyəli yazıçı Nazim Hikmətlə dost imiş. Mən anadan olanda zəng vurub deyib ki, nəvəm anadan olub, ona sənin adını qoyuram.
- Bir az xasiyyəti tünd olub, deyəsən?
- Əsl kişi xasiyyətli olub. Nənəmlə xasiyyətləri tutmadığına görə dolana bilməyiblər. Nənəm düzgün və bir az sərt xasiyyətli idi. Həmişə mənə deyərdi ki, sən heç vaxt söz vermə. Söz verdinsə, gərək yerinə yetirəsən. Babam sovet teatr sənətinin görkəmli nümayəndəsi olub. O, rəhmətə gedəndə mənim 2 yaşım var idi.
- Nədən rəhmətə gedib?
- İnfarkt olmuşdu...
- Yəqin əsəbiləşib?..
- Ola bilər. Anam da belə rəhmətə getdi, 5 dəqiqənin içində. 1985-ci ildə bacısı Qəmər xanım, 1987-ci ildə Vəfa xanım rəhmətə getdi. Hökumə xanım onun vaxtsız ölümünə dözə bilməyib, bir ildən sonra vəfat etdi. Müharibədən yaralı qayıtmış qardaşı Ağasadıq 1968-ci ildə, babam isə 1963-cü ildə rəhmətə getdi.
- Onun vəfatı Hökumə xanıma necə təsir eləmişdi?
- Çox ağlayırdı. Amma onda bir xarakter var idi ki, heç vaxt istəmirdi zəifliyini kiməsə göstərsin.
- Nənə ilə baba barışandan sonra sənət yolunda nə planlar cızırdılar?
- Onların həyatı boyu tərəf-müqabil olmaq istəkləri ömürlərinin yarım əsrdən sonrakı dövrünə təsadüf etdi. Nəhayət, "Vaqif" tamaşasında babam Vaqif, nənəm Xuraman rolunda çıxış edib. O rollar özünün təbiiliyi və təsirliyi ilə tamaşaçıları heyran qoyub. Tamaşaçılar hələ indiyə qədər onların belə təsirli oynadıqlarını görmədiklərini söyləyirlər. Sanki hər iki aktyor öz həyatlarını, ağrılarını-acılarını yaşayırdılar səhnədə.
Sonra ona Cavanşir rolunu oynamağı tapşırıblar. Babam deyir ki, "Bu rolu necə oynayacağam, axı mənim yaşım çoxdur?" Nənəm deyir, eybi yoxdur, parik geyərsən, sən mənim üçün həmişə cavansan". Babamla nənəmin barışmağı sənət adamlarını ailədən çox sevindirirdi. Odur ki, babama Otello, nənəmə isə Dezdemona rolunu oynamağı təklif ediblər. Babam həyəcanlanıb və etiraz edib. Onun fikrinə görə, Hökumə xanımı Dezdemona rolunda boğa bilərmiş...
- Məlum məsələdir ki, adi həvəskar aktyordan nadir bir sənətkara çevrilmək üçün uzun bir yol keçmək lazımdır. Ələsgər Ələkbərovun yaradıcılıq addımları barədə nə deyə bilərsiniz?
- Elə uşaq yaşlarından bayram tədbirlərində iştirak edər, atası ilə birlikdə müxtəlif oyunlara, tamaşalara gedərmiş.
Atasının vəfatından sonra ailənin ağırlığı anasının üzərinə düşür. Zəhmətkeş Zübeydə xanım uşaqlarını dolandırmaq və oxutmaq üçün gecə-gündüz işləyir, paltar tikir, çörək pulu qazanırdı. Belə bir vaxtda İmamverdi Əbilov adına klubda dram dərnəyi yarandı və babam bu dərnəyə üzv yazıldı. Zübeydə xanım oğlunu artist olmaq arzusundan daşındırmaq üçün əlindən gələni etsə də, babamda bu istək, bu istedad özünü büruzə verirdi.
- Müəllimləri kim olub?
- Babamın aktyor kimi yetişməyində görkəmli aktyor İsmayıl Hidayətzadənin böyük rolu olub. Ona Teatr Texnikumuna girməyi məsləhət görüb. 5 dildə yazıb oxuyan, Azərbaycan dilinin qrammatikasını yaxşı bilən M.S.Kirmanşahlı səhnə danışığından imtahan vaxtı ona məsləhət görür ki, gedib dil ləhcəsi üzərində işləsin. Babam o zaman bakılı ləhcəsi ilə danışırmış. Tələbəsinin istedadlı olduğunu görən tələbkar müəllim onun ədəbi dil normalarına, aydın tələffüzə yiyələnməsinə kömək edir. Babamın aktyor kimi yetişməsində İ.Əbilov adına klubun bədii rəhbəri Mirabdulla Marlinskinin, Qadınlar klubunda isə Ağakərim Şərifovun böyük rolu olub. Babamın teatr səhnəsinə coşğun həvəsini görən Marlinski ona ilk dəfə C.Məmmədquluzadənin "Ölülər" əsərində dilmanc Əlibəyin rolunu, daha sonra Mirbağır ağa kimi məsul rolu tapşırmışdı. Kommuna klubunda da çıxış edən babam burada Rza Təhmasibin və İbrahim Azərinin rəhbərliyi altında Məşədi İbad rolunu ifa etmişdir.
-
Professional aktyorluq sənətinə nə vaxtdan
başlayıb?
- 1927-ci
ildən sənət yolunda uğurlu addımlar atmağa
başlayıb. Vaxtilə əlaqədə olduğu
ədəbiyyat və incəsənət xadimlərindən
Mehdi Hüseyn, Mirzə İbrahimov, Məmməd Arif,
Məmməd Məmmədov, İ.Altman, V.Zalesski, P.Novitski,
A.Obraztsova və başqaları onun yaratdığı
surətlər barəsində maraqlı fikirlər
söyləyiblər. Yaradıcılığının
ən məhsuldar dövrü Bakı işçi
Teatrındakı fəaliyyətinə təsadüf edir.
Bakı işçi teatrı 1921-ci ildən fəaliyyət
göstərən Azad Tənqid Təbliğ Teatrının
bir növ davamı idi.
- İstedadlı aktyor hansı
səhnə mədəniyyətinin fədailəri ilə
çiyin-çiyinə işləyirdi?
-
İ.Talıblı, A.H.Cavadov, K.Ziya, Fatma Qədri, Ağasadıq
Gəfaybəyli və başqa istedadlı aktyorlarla
bərabər sənət yolunda uğurla addımlayırdı.
1938-ci ildə "Vaqif" dramında Vaqif rolu böyük
əks sədaya səbəb olmuşdu.
- Sizcə, onu tamaşaçıya sevdirən
hansı cəhətləri idi?
- Qulaqları oxşayan gur səsi,
odlu-alovlu qəlbi, rola təbiilik verməsi onu
tamaşaçılara sevdirir, yaratdığı obrazlar
xalqın şüuruna təsir edirdi. Vaqif, Otello, Fərhad,
Elxan, Cavanşir, Rüstəm kişi, Alxan və başqa obrazları
buna nümunədir. O, səhnədə necə böyük
ideallarla yaşayırdısa, bu hissləri bilavasitə
tamaşaçıya ötürür, onları da bu
hisslərlə yaşamağa vadar edirdi.
Uzun müddət birlikdə
işlədikləri rejissor Ədil İsgəndərov onun
barəsində deyirdi: "Səmimilik, sadəlik, cazibədarlıq Ələkbərovun
yaradıcılıq üslubunun xarakterik
xüsusiyyətlərini təşkil edir. Buna görə
də o tamaşaçıları obrazın həyatı
ilə yaşamağa, sevinib həyəcanlanmağa vadar
edir".
Mədəniyyət.- 2008.- 20 mart.- S. 7.