Azərbaycanın ilk qadın reiissorunun 100 illiyi qeyd olundu

 

Mədəniyyət va Turizm Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın ilk qadın kinorejissoru və ölkəmizdə ilk uşaq filminin yaradıcısı, rejissor Qəmər Salamzadənin 100 illik yubileyi qeyd edildi.

Mədəniyyət ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev yubilyar haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xətli "Molla Nəsrəddin" jurnalını görən, Naxçıvanın, Tiflisin ədəbi mühitlərində böyüyən Qəmər xanım kinorejissorluq sənətini Azərbaycanda hələ də qadınların köhnəlik buxovundan bütövlükdə xilas ola bilmədikləri bir vaxtda özünə peşə seçmişdir.

Qeyd edim ki, Qəmər Salamzadə Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirmişdir. Arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları onun geniş fəaliyyət göstərməsinə imkan verməmişdir. Çox vaxt azərbaycanlı xanımı yeni çəkiləcək filmə rejissor təyin etsələr də, son anda bu alınmamışdır.

Qəmər Salamzadənin əsas yaradıcılıq fəaliyyəti "Azərbaycanfilm" kinostudiyasından başlamışdır. Mehdi Hüseynin "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın - Qəmər Salamzadə kino sənətinə öz töhfəsini verə bilmişdir.

Kinoşünas Aydın Kazımzadə və başqaları Qəmər Salamzadənin olduqca çətin şəraitdə fəatiyyət göstərdiyini diqqətə çatdırmış və qeyd etmişlər ki, məhz bu səbəbdən rejissor, arzu və istəklərini reallaşdıra bilməmişdir. Amma bununla belə, o öz sənəti ilə Azərbaycan kinematoqrafiyasının tarixində silinməz izlər qoymuşdur.

Tədbirin sonunda Qəmər Salamzadənin 1936-cı ildə çəkdiyi və elə həmin ildə də it-bata düşən "Dəcəl dəstə" filmi Azərbaycan tamaşaçılarına itk dəfə təqdim olunmuşdur.

Çıxışlar zamanı diqqətə çatdırılmışdır ki, etinasızlıq üzündən yoxa çıxmış film Dövlət Film Fondunun uzun axtarışlarından sonra Rusiya Dövlət Film Fondundan tapılaraq, bu yaxınlarda ölkəmizə gətirilmişdir.

 

Səs.- 2008.- 4 mart.- S. 12.