Mehdiyev M.
Respublika
Mədəniyyət və Turizm Nazirliyinin qayğısı,
köməyi ilə son vaxtlar Dövlət Film Fondu 60-70 il
əvvəl ölkəmizdə lentə alınmış, az
qala yaddan çıxmış xeyli bədii,
qısametrajlı, sənədli filmləri xaricdən
gətirməyə nail olmuşdur. Həmin filmlərin göstərilməsinə
keçmiş SSRİ zamanı
qadağa qoyulmuş, onlar respublikamızdan uzaqda saxlanılmışdır.
Bir çox ekran əsərlərinin yaradıcısı, ilk azərbaycanlı qadın
rejissor Qəmər Salamzadənin anım günündə Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevlə görüşdük. O dedi:
-
Müstəqillik qazandıqdan sonra ölkəmiz bütün
sahələr üzrə sürətlə inkişaf edir. İqtisadi uğurlarımız artır, vətəndaşların
güzəranı yaxşılaşır.
Eyni zamanda, mədəniyyətə,
incəsənətə də
qayğı gündən-günə artır. Ötən ilin fevral ayında dövlət başçısı
İlham Əliyevin imzaladığı "Azərbaycanda
kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam
Film Fondunun inkişafında mühüm
əhəmiyyət kəsb
edir. Biz bu etimadı doğrultmaq üçün
var qüvvəmizlə
çalışırıq. Qısa müddət ərzində keçmiş
Sovet İttifaqının
müxtəlif respublikalarından
onlarla bədii, sənədli filmləri fondumuza gətirmişik. Onlardan biri də
mərhum Qəmər
Salamzadənin quruluşçu
rejissoru olduğu
"Dəcəl dəstə"
filmidir. Bildiyiniz kimi, Qəmər Salamzadə nəinki Azərbaycanda və bütün Qafqaz rejionlarında, eləcə
də bütün Şərq dünyasında
ilk qadın kinorejissoru olmuşdu. O, ötən əsrin
bu vədəsində
- 1908-ci ilin baharında
Naxçıvan şəhərində
dünyaya göz açmışdı. Anası
erkən vəfat etmiş, atası - unudulmaz Cəlil Məmmədquluzadənin sadiq
dostu, məşhur mollanəsrəddinçi şair,
publisist Əliqulu Qəmküsar obyektiv səbəblərdən yeganə
övladı ilə Tiflisə köçmüşdü. Amma
onun bəxti orada da gətirməmişdi.
Zaman-zaman millətimizə qənim kəsilən erməni-daşnaklar onu qətlə yetirmiş, arzu-istəklərini ürəyində
qoymuşdu. İmkansız,
çarəsiz, ata-anasını erkən itirmiş gənc Qəmər Bakıya gəlmiş, Azərbaycan
Pedaqoji İnstitutunda oxumuş, sonra Moskva Dövlət Kinematoqrafiya Texnikumunda təhsil almış, Moskva Elmi-Tədqiqat
İncəsənət
İnstitutunun aspirantı
olmuşdu.
C.Quliyev daha
sonra Q.Salamzadənin kino sənəti sahəsində
rastlaşdığıı haqsızlıqları,
dözülməz münasibətləri də
xatırlatdı:
- İlk
qadın rejissoru kimi onun başı min bir bəla
çəkmişdi. Təsəvvür edin, əzablara
qatlaşıb araya-ərsəyə gətirdiyi
bədii, publisist filmlərin sonluğunda
"Quruluşçu rejissor
Qəmər Salamzadə"dir titrini verməyi
də ona qadağan etmişdilər.
O, təzyiqlərlə üzləşirdi.
Lakin bu gərginliklərə baxmayaraq,
Qəmər xanım amalından, əqidəsindən
dönməmiş, bir
çox ekran əsəri yaratmağa cəhd göstərmişdi.
Bu səbəbdən də onun adı milli
kino sənətimizin tarixinə yazılmışdı.
"Qızıl kol",
"Əlsiz adamlar",
"26 komissar" filmlərində
rejissor köməkçisi,
"Dəcəl dəstə",
"Rəqs edən bağalar" filmlərinin
quruluşçu rejissoru
(Moskvadan gəlmiş
A.Popovla birgə),
"Şəfa nəğməsi",
"Ordenli Azərbaycan" sənədli
filmlərinin rejissoru,
"Səbuhi", "Bir
ailə" filmlərində
isə assistent kimi işləmişdi. Unudulmaz kino sənətkarımızın xidmətlərindən
biri də sovet kinolarını ana dilimizə dublyaj etməsi olmuşdur.
Cəmil
müəllim dedi ki, Qəmər xanım həm də
məşhur fırça ustası, xalq rəssamı Salam
Salamzadənin həyat yoldaşı idi. Onlar yarım əsrdən artıq birgə ömür sürmüşdülər.
86 yaşında o, dünyasını dəyişmişdi.
Unudulmaz kino xadimi Qəmər xanımın anım günündə rejissoru olduğu, 1937-ci ildə lentə aldığı,
amma ölkəmizdə
ekranlara çıxmayan,
uzun illər Moskva kinostudiyasının
filmotekasında saxlanılan
"Dəcəl dəstə"
bədii filmi nümayiş etdirildi. Tamaşaçılar Azərbaycan
Dövlət Film Fonduna minnətdarlıqlarını
bildirib, rejissor yaradıcılığına qayğını
sənətə, sənətkara
hörmətin, ehtiramın
əlaməti kimi qiymətləndirdilər.
Azərbaycan.- 2008.- 21 mart.- S. 8.