Bill Klinton azərbaycanlı pianoçuya
məktub göndərib
ABŞ-ın sabiq
prezidenti Bill Klinton pianoçu Çingiz Sadıxova
təşəkkür məktubu yollayıb. Sənətkarın
həyat yoldaşı Ceyran Sadıxovanın APA-ya verdiyi
məlumata görə, bir ay əvvəl o, Bill Klintonun yeni
"Giving" kitabının San-Fransisko
şəhərində keçirilən təqdimat
mərasimində iştirak edib. Xanım Sadıxova sabiq Ağ
Ev sahibi ilə görüşərək ona prezident Heydər
Əliyevin ABŞ-a səfəri zamanı təqdim etdiyi
xalçanın şəklini və pianoçu Sadıxovun
ifasında Azərbaycan və ABŞ musiqi nümunələri
olan iki diski bağışlayıb.
Qeyd edək ki, mərhum
prezident Heydər Əliyevin Klintona təqdim etdiyi xalçada
ürək işarəsinin ətrafında Bill və Hillari
Klintonların cizgiləri həkk olunub. Xalçanın
fotoşəkli isə "Azerbaijan İnternational" jurnalında
çap olunub. Ceyran Sadıxovanın sözlərinə
görə, prezident Klinton Heydər Əliyevi yaxşı
xatırladığını və hədiyyəsinin onun
ürəyində dərin iz buraxdığını deyib.
Həmin görüşdən 3 həftə sonra isə Bill
Klinton Çinqiz Sadıxova təşəkkür məktubu
yollayaraq ona verilmiş hədiyyələrə görə minnətdarlığını
bildirib. Cənab Klinton Çingiz Sadıxovun ifasında
Azərbaycan və ABŞ musiqi parçalarını
dinləməkdən həzz aldığını yazıb. Sənətkarın
yoldaşı bildirib ki, sabiq prezidentə hədiyyələr təqdim
edərkən o, milli musiqimiz və Kaliforniyada çap olunan
"Azerbaijan İnternational" jurnalı haqqında ona
məlumat çatdırmaq istəyib. Xatırladaq ki, xalq
artisti Çinqiz Sadıxov 90-cı illərin ortalarından
Kaliforniyanın San-Fransisko şəhərində
yaşayır.
Yeni Azərbaycan.- 2008.- 5 mart.- S. 8.