Dünya şöhrətli violonçelçi Mstislav Rostropoviçin doğum günü münasibətilə onun Bakıdakı ev muzeyində tədbir keçirilmişdir

 

Dünya şöhrətli violonçel ustası, həmyerlimiz Mstislav Rostropoviçin doğum günü münasibətilə onun ev muzeyində tədbir keçirilmişdir.

Dahi musiqiçinin 81-ci doğum günü münasibətilə muzeydə “açıq qapı” elan edilmişdir. Muzeyin eksponatları ilə yaxından tanış olmaq istəyənlər iki gün ərzində bura baş çəkib, tanınmış musiqiçi ilə bağlı ətraflı məlumat əldə edə bilmişlər.

Anma tədbirinə toplaşanlar Mstislav Rostropoviçlə bağlı xatirələrini bölüşmüş, onun ömrünün Bakı dövrünün yaddaqalan məqamlarından söz açmışlar. Bildirilmişdir ki, 1927-ci ilin baharında Bakıda anadan olan maestro 5 ilə yaxın bir vaxtda bu evdə yaşamışdır.

Tədbirdə dünya şöhrətli musiqiçi ilə ümummilli lider Heydər Əliyev arasındakı dostluq münasibətlərindən söz açılmışdır. Qeyd olunmuşdur ki, violonçel ustasının ulu öndərimizlə olan səmimi münasibəti maestronu öz doğma şəhərinə sıx tellərlə bağlayırdı.
Olduqca humanist insan olan Rostropoviçin uşaqlara göstərdiyi qayğıdan danışan tədbir iştirakçıları Bakıda yaradılan Rostropoviç Vişnevskaya Fondunun
körpə uşaqların peyvənd olunması istiqamətində gördüyü işləri xatırlatmışlar.

Tədbirdə maestronun pedaqoji fəaliyyəti də xüsusi qeyd olunmuşdur.

Sonda Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında klassik əsərlərdən parçalar səslənmiş, görkəmli sənətkar haqqında sənədli filmlər nümayiş etdirilmişdir.


Xalq qəzeti.- 2008.- 30 mart.- S. 5.