Əbədiyyətə köklənən musiqi

 

Arif Məlikovun arxivində “Məhəbbət əfsanəsi” ilə bağlı 100 mindən çox fotoşəkil, 3 mindən çox resenziya var

 

Dünyaşöhrətli bəstəkar, Əməkdar incəsənət xadimi, xalq artisti, professor Arif Məlikovun bu il martın 13-də 75 yaşı tamam olur. Elə bu münasibətlə də, dahi musiqiçimizlə görüşməyi qərarlaşdırdıq. Onunla Azərbaycan Dövlət Konservatoriyasında dərs dediyi sinifdə görüşdük. Məlumat üçün deyək ki, bir vaxtlar bu sinifdə A.Məlikovun müəllimi-görkəmli bəstəkarımız Q.Qarayev dərs deyib. Redaksiyadan konservatoriyaya çatana kimi içimizdə bir yır-yığış başlamışdı. Çünki, kimin görüşünə getməyimizin fərqindəydik. Ona görə də, bizi böyük bir məsuliyyət hissi çulğalamışdı. Təbii ki, müsahibimizə verəcəyimiz sualları qabaqcadan yazıb hazırlamışdıq. Lakin necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Qeyd dəftərçəmizdəki sualların hamısı eləcə səslənməmiş qaldı. Sadəcə, Arif müəllim sözə elə başladı ki, biz verəcəyimiz suallardan vaz keçdik. O, söhbətimizin plankasını çox hündürə qaldırdı və boynumuza alırıq ki, hündürlük də danışmağa nəfəs çatdırmaq çox çətin idi. Düzü, bizdə o hündürlüyə can atmaq və o nəfəsin bərabərliyində dayanmaq istəyi də yox idi. Çünki bizim üçün A.Məlikovla görüşmək və söhbət etmək əslində bir xoşbəxtlik idi. Qarşımızdakı adamın kimliyini, Azərbaycana bir Azərbaycan qədər şöhrət gətirdiyini çox gözəl anlayırdıq. Və belə bir nəhəng sənətkarın hansısa sözünə irad tutmaq çox çətin idi.

Müsahibimizin başlıca giley-güzarı jurnalistlərdən oldu:

İndiyə kimi, 250-dən çox xarici ölkədə olmuşam. Orada yüzlərlə jurnalistin suallarına cavab vermişəm. Bəzən jurnalistə cavabım onu qane etməyib. Daha doğrusu, mənim yaradıcılığımla bağlı elə statistik göstərici olub ki, xarici jurnalist onu məndən dəqiq bilib. Bizdə isə bu məsələ elə də ürəkaçan deyil.

-  Biz isə Arif müəllimin bu giley-güzarına cavab olaraq, onun yaradıcılığı barədə bildiklərimizi dilə gətirdik. Söylədik ki, o, hələ gənc yaşlarında - 1961-ci ildə böyük türk şairi Nazim Hikmətin eyni adlı pyesi əsasında "Məhəbbət əfsanəsi" baleti ilə dünya şöhrəti qazanıb. Bundan  başqa,  o, "Bu  torpaqda iki nəfər",  "İki ürək dastanı" baletlərinin müəllifidir. Onun bu əsərləri, daha çox "Məhəbbət əfsanəsi"  dünyanın məşhur teatrlarında səhnəyə qoyulub. A.Məlikov "8 simfoniya", bir çox simfonik poemalar və digər musiqi əsərləri yazıb. "Sehirli xalat", "26 Bakı komissarı","Ulduzlar sönmür", "Axırıncı aşırım" və bir çox başqa filmlərin musiqisi ona məxsusdur. Bizim "Məhəbbət əfsanəsi" haqqında daha çox söz açmağımız da sevimli bəstəkarımızı razı salmadı:

-  Mən bu balet haqqında danışmaq istəmirəm. Niyə? Çünki mənim 8 simfoniyam var. Kimi dindirirsən, "Məhəbbət əfsanəsi"ndən danışır. İkinci simfoniyamı dahi bəstəkar  D.Şostakoviçə həsr eləmişəm. Şostakoviç yazır: "Mən fəxr edirəm ki, Arif Məlikov mənə belə bir əvəzsiz sənət əsəri həsr edib. R.Rojdestvenski  dördüncü simfoniyamı göylərə qaldırır, heyranlığını bildirir. Bizimkilərin isə eşidib bildiyi  elə "Məhəbbət əfsanəsi"dir.  Əgər siz də mənə bu haqda sual vermək istəyirsinizsə onda sizdən soruşuram: "Məhəbbət əfsanəsi" Yaponiyadan tutmuş İngiltərəyə kimi az qala dünyanın bütün ölkələrində səhnəyə qoyulur, dünyanın bütün teatrlarında oynanılır, ancaq bizdə yox, niyə?!

- Bu yerdə Arif müəllim bir siqaret yandırır, bildirir ki, həkim, ürəyinə görə ona siqaret çəkməyi qadağan edib. Siqaret söhbətimizə bir yumşaqlıq gətirir və sözünə davam edir:

- Bu baletin arxasında mən yox, Nazim Hikmət nəhənglikdə bir şair dayanır. Dünyanın məşhur teatrlarının səhnələrində 46 ildir oynanılan bu tamaşaya indiyə kimi 40 milyondan çox insan baxıb. 45 ildir ki, bu balet Böyük Teatrda səhnəyə qoyulur. Hələ bu əsərin elə bir tamaşası olmayıb ki, zalda bircə yer belə boş qalsın. Böyük Teatr bu tamaşanı Qurultaylar Sarayında da göstərib. Bir gecədə ona 6 min tamaşaçı baxıb. 250 ilə yaxın tarixi olan Böyük Teatrın səhnəsində yeganə azərbaycanlı bəstəkar A.Məlikovdur ki, onun əsəri burada yarım əsrə yaxındır, oynanılır. İkinci belə azərbaycanlı müəllif yoxdur. Böyük Teatr dünyanın bir nömrəli teatrıdır. Onların ancaq kostyum tikən emalatxanalarında 600 nəfər işləyir. Bu teatrın üç truppası var. Bir truppa Amerikaya qastrola gedəndə, digər truppa Moskvada fəaliyyətini davam etdirir. Yeri gəlmişkən, deyim ki, mən də əsərimin premyerası ilə əlaqədar bu teatrla Amerikaya uçmuşam.

Onda 26 yaşım vardı. "Məhəbbət əfsanəsi" Leninqradda tamaşaya hazırlanırdı. Leninqrad teatrının yeddi dirijoru vardı. Lakin mən onların rəhbərliyindən xahiş etdim ki, bu əsərə Niyazi dirijorluq etsin. Onlar soruşdular ki, bəs bizim yeddi dirijorumuz? Mənsə cavab verdim ki, bu baletə Niyazi qədər yanğı ilə dirijorluq edə biləcək ikinci bir şəxs tapılmaz. Onlar mənimlə razılaşdılar. Bu teatr üçün müəllif sözü qanundur. Yəni demək istəyirəm ki, görün, burada sənətə və sənətkara münasibət hansı dərəcədədir. Yaxşı, bəs Qara Qarayevin "İidırımlı yollarla", Niyazinin "Çitra"sı niyə teatrlarımızda qoyulmur?

Dünya praktikasında belə fakt cəmi iki dəfə qeydə alınıb. Biri alman bəstəkarı Vaqnerin adına ayrıca teatr, biri də A.Məlikovun "Yeddinci simfoniya"sı şərəfinə 1995-ci ildə Türkiyədə konsert salonu tikilib.

Mən xoşbəxt adamam. Onə görə ki, gənc yaşlarımdan dünyanın bir çox dahi adamları ilə ünsiyyətdə olmuşam. Teatrda əsər qoyuruq:

Qriqoroviçdi, Virseladzedi və mənəm. (1961-ci ildə Leninqrad Opera və Balet Teatrında səhnəyə qoyulmuş "Məhəbbət əfsanəsi"nin baletmeysteri Qriqoroviç, rəssamı Virseladze, dirijoru isə Niyazi idi. Aramızdakı yaş fərqi heç vaxt münasibətimizə mane olmayıb. Çox dahilərlə dostluq etmişəm: D.Şostakoviç, Q.Qarayev, Niyazi, A.Mirzəcanzadə. Təbiətin qanunudur: gedənin yerinə kim isə gəlir. Lakin N.Hikməti, Q.Qarayevi heç kim əvəz edə bilməz.

Xahiş edirəm, mənim sözlərimi rəndələməyin. Çox vaxt rastlaşdığım adamlar məndən soruşurlar: Arif müəllim, sizin baletləriniz niyə bizim teatrların səhnəsində qoyulmur?

Mən bu adamlara cavab verə bilmirəm. Başqa heç nə demirəm, Ukraynanın Lıvov, Xarkov, Dnepropetrovsk və başqa şəhərlərində xalq Arif Məlikovun "Məhəbbət əfsanəsi"nə rahat şəkildə baxa bilir, ondan ruhi qida alır. Azərbaycan tamaşaçısı isə bundan məhrumdur.

"Məhəbbət əfsanəsi" ilə bağlı mənim arxivimdə 100 mindən çox fotoşəkil, 3 mindən yuxarı resenziya var. İlk resenziyanı 1961-ci ildə D.Şostakoviç yazıb. O haqda N.Hikmət də öz fikrini yazmışdı. O qeyd edirdi ki, Yaponiya, İngiltərə, Fransa, Almaniya, Amerika və mənim vətənim Türkiyədə də bu əsər səhnəyə qoyulacaq. Daha doğrusu, böyük şair bütün dünya ölkələrinin paytaxt şəhərlərinin adını çəkmişdi. Nazim Hikmətin bütün bu dedikləri reallığa çevrildi. Deyim ki, bu çoxsaylı resenziyaların içində D.Şostakoviçin və N.Hikmətin yazdıqları mənə hamısından əzizdir.

-  Sonra ünlü bəstəkarın sonuncu - "8-ci simfoniya"sı haqqında söhbət düşdü. Arif müəllim bu əsərin yazılma tarixindən söz açdı:

-  Bir dəfə Heydər Əliyev məni özü  ilə Səudiyyə Ərəbistanına -Həcc ziyarətinə apardı. Orada H.Əliyev məndən soruşdu ki, bilirsinizmi, sizi niyə bura gətirmişəm? Cavab verdim ki, bəs Məkkə, Mədinə müsəlman dünyasının müqəddəs yerləridir. O isə cavabında bildirdi: "Mən istəyirəm ki, siz bu yerləri görəsiniz. Buradakı ab-havadan ruhlanasınız və gözəl bir simfonik əsər yazasınız".

Bax, ulu öndərimizə həsr olunmuş simfoniyanın özülü bu müqəddəs diyarda qoyuldu.

O səfərdən sonra H.Əliyevlə Bakıda Rostropoviçin yubileyində görüşdük. Onu da deyim ki, mən məşhur yerlimizə həmin yubiley gecəsində çəkdiyim bir rəsm əsərini də bağışladım. Bu mərasimdə H.Əliyevə dedim ki, sizə həsr olunmuş "8-ci simfoniya" üzərində işləyirəm. Ondan sonra, harada görüşürdüksə, məndən soruşurdu: "Mənim simfoniyam necə oldu?"

Əsəri onun sağlığında yazıb başa çatdırdım. Gözləyirdim ki, filarmoniyanın təmiri qurtarsın və simfoniya burada ifa olunsun. Təəssüf ki, həmin ərəfədə H.Əliyev xəstələndi və müalicə üçün Klivlendə gedəsi oldu. Və bu simfoniyanı eşidə bilmədi.

H.Əliyevin vəfatından sonrakı ilk ad günündə bu simfoniya filarmoniya səhnəsində səsləndi. Onu da deyim ki, bu potensialda simfoniyalar 100 ildən, 200 ildən bir yazılır.

Azərbaycan xoşbəxt ölkədir ki, onun bəstəkarları 20-ci əsrdə "İldırımlı yollarla", "Məhəbbət əfsanəsi", "Min bir gecə", "İki qəlb dastanı", "Babək", "Çitra" kimi nəhəng balet əsərlərini meydana qoyub. Sonra da deyirik ki, biz Azərbaycanı dünyaya tanıtmalıyıq. Görürsən ki, "Sarı gəlin"i bir erməni dığası oxuyub. Bunu böyük bir problemə çeviririk. Biz bunun əvəzində, teatrımızın səviyyəsini qaldırmalıyıq. Dünyanın məşhur impressarioları onda istər-istəməz bizim teatrlara üz tutacaqlar. Biz dünyanın o nəhəng baletlərini teatrlarımızda tamaşaya qoysaq, həmin impressariorlar gəlib bizim teatrlarla müqavilə bağlayacaqlar. Və qastrola gedən teatrımızın kardobalet işçisi hər tamaşa üçün ən azı 400-1500 dollaradək pul alacaq. Aparıcı solistin qazancı isə hər çıxış üçün 2000-4000 dollar arası olacaq. Nəzərə alsaq ki, qastrol səfərlərinin müddəti 3 aydan az olmur, onda teatr truppasının hansı qazancla geri dönəcəyini müəyyən etmək o qədər də çətin deyil. Digər tərəfdən də, bu, Azərbaycanın adına böyük şöhrət gətirir.

Təsəvvür edin: burdan-bura Krasnodarda "Məhəbbət əfsanəsi"ni oynayırlar. Məni də ora əsərin premyerasına çağırmışdılar. Qriqoroviçi Böyük Teatrdan dəvət ediblər. O da yoldaşı ilə gəlib. Burada tamaşanı hazırlayırlar, sonra da uçub gedirlər Moskvaya. Krasnodar teatrının dünya səviyyəli truppası var. Bəs bu bizdə niyə olmasın?! Krasnodar böyükdü, yoxsa Bakı?

- Bir daha qeyd edək ki, A.Məlikovla bir vaxtlar dahi bəstəkarımız Q.Qarayevin dərs dediyi sinifdə görüşdük və ondan müəllimi Q.Qarayev haqqında soruşmaya bilməzdik:

-  Azərbaycan xalqı xoşbəxtdir ki, Tanrı ona Q.Qarayev kimi böyük şəxsiyyət bəxş edib. Mən bütün tələbələrimə həmişə bir şeyi deyirəm: insanın həyatda 2 atası olur. Biri səni həyata gətirən, digəri isə sənə sənəti öyrədən. Q.Qarayevin elə əsərləri var ki, bu gün də onlara qulaq asanda məni ağlamaq tutur. Məsələn, onun "3-cü simfoniya"sının 3-cü hissəsinə mən sakit qulaq asa bilmirəm. Çünki  bu əsər insanın qəlbinin elə nöqtələrinə toxunur ki, istər-istəməz adamın ruhu yerindən oynayır. İnsan qəlbi arfadır. Onun simlərinə toxunmaq hər sənətkara müyəssər  olmur. Bu baxımdan, Q.Qarayev doğrudan da dahidir. O, təkcə bəstəkar kimi deyil, eyni zamanda müəllim kimi də böyük idi. Hətta deyərdim ki, onun müəllimliyi bəstəkarlığından yüksəkdə dururdu. Kimsə məni düzgün başa düşməz. Əgər o, bəstəkar kimi nə qədər dahi idisə, müəllim kimi üç qat dahi idi.

-  Sonra yaxın tariximizdən, Azərbaycanın müstəqillik yollarına qədəm qoyduğu illərdən söz düşdü. Söhbət çözələnə-çözələnə gəlib Qanlı Yanvar hadisələrinə çıxdı:

-  20 Yanvar faciəsindən keçən 15 gün ərzində mən öz vəsaitim hesabına Bakıda törədilmiş vəhşiliklərlə bağlı kitab çap etdirdim. Kitaba simvolik bir qiymət qoydum-15 qəpik. İstədim ki, kitabı hamı ala bilsin. Bu kitab 15000 tirajla nəşr olundu. Həmin ərəfədə mən xaricə gedəsi oldum. Qayıdanda gördüm ki, Bakının kitab mağazalarında bu kitabdan əsər-əlamət yoxdu. Elə bildim ki, hamısını alıblar. Kədərli də olsa, doğrusu, bu fakta sevindim və təəssüfləndim.

Təxminən,1997-ci il olardı. Bir dostum dedi ki, Alatavada böyük kitab anbarı var. Orada sənin kitablarını gördüm. Soruşdum ki, o nə kitabdı? Cavab verdi ki, 20 Yanvar faciəsinə həsr olunub. Maşın tutub, getdim Alatavadakı anbarı tapdım. İçəri keçdim və gördüm ki, kağıza bükülmüş qalaq-qalaq kitab bağlamaları bir küncdə üst-üstə. 12000 ədəd kitab idi. Hamısının pulunu verib gətirdim evə. Sonra onları istəyənlərə payladım.

Sözümüzün sonunda bir məsələni qeyd etməyi mütləq özümüzə borc bilirik.

Musiqi sənətində böyük zirvələr fəth etmiş bəstəkar Arif  Məlikovun ara-sıra öz sualları ilə bizi imtahana çəkməsi, Qanlı Yanvar hadisələrindən yana-yana danışması, Avropa ölkələrindəki teatrların yüksək səviyyəsini dönə-dönə vurğulaması və bütünlükdə bu düşüncələrdən qaynaqlanan giley-güzarının arxasında yalnız bir istək dayanırdr. Öz millətini bütün sahələrdə ucalarda görmək istəyi.

Hörmətli Arif müəllim, biz öz növbəmizdə 75 illik yubileyiniz ərəfəsində Sizə təbriklərimizi çatdırmağı özümüzə borc bilirik. Ad gününüz mübarək! Nə yaxşı ki, varsınız. Ömrünüz uzun olsun!

 

Mədəniyyət.- 2008.- 8 mart.- S. 7.