Qədirov M.

 

Taleyin nəğmə payı

 

Azərbaycan musiqi mədəniyyəti tarixi böyük, fitri istedada malik olan sənətkarlarla zəngindir. Bu görkəmli sənətkarlara, onların yaratdığı məşhur sənət əsərlərinə dünya musiqisevərləri, sənət xadimləri böyük rəğbət və ehtiram hissi ilə yanaşırlar. Tanrının sevgisinə nəsib olan bu sənətkarlardan biri də Azərbaycan xalqının fəxri, Azərbaycan klassik musiqisində, muğam və mahnı dünyasında öz dəst-xətti olan, böyük Üzeyir bəy məktəbinin yadigarı və davamçısı, görkəmli bəstəkarımız, xalq artisti Şəfiqə xanım Axundovadır. Şəfiqə xanımın həyat və yaradıcılığı haqqında bir neçə kitab, yüzlərlə məqalə yazılmasına baxmayaraq, yazılmayanların yazılanlardan daha çox olması həmişə hiss olunur.

Azərbaycanın ən gözəl, səfalı guşələrindən biri olan qədim Şəki torpağında dünyaya gəlmiş balaca Şəfiqə evlərini əhatə etmiş dağların qoynunda böyüyürdü və bu dağların şəlalələrinin zümzüməsi, dağ çaylarının şırıltısı, bu füsunkar təbiətin gözəlliyi ona musiqini xatırladırdı, onda musiqi duyumu, musiqi vurğunluğu yaradırdı və o, özü də bu dağların qoynunda zümzümələr edərək ətrafdakıların diqqətini cəlb edərdi.

Şəfiqə xanımın xatirələrindən: “Atam mənim musiqiçi olmağımı istəmirdi və deyirdi ki, bu, qadın işi deyil, bu sənət sənə çörək qazandırmayacaq”. Anamın da arabir qarmon çalmağına həmişə narazılığını bildirərdi". Atasının qadağalarına baxmayaraq, fitri istedada malik olan bu gənc qız sənət ideallarına qovuşmaq arzuları ilə yaşayırdı, musiqiyə məhəbbət onu rahat qoymurdu. Akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı olan böyük bacısı Zümrüd xanımı böyük hörmət və sevgi ilə xatırlayaraq Şəfiqə xanım qeyd edir ki, tez-tez bacısının evinə gedərdi və bu evdə qonaq olan Səməd Vurğun, Cəfər Xəndan, Həmid Araslı, Mirzə İbrahimov kimi görkəmli ziyalılarla rastlaşıb, onlarla fəxr edərdi. Bu görüşlərin onun sənət taleyində çox mühüm rol oynadığını Şəfiqə xanım həmişə məhəbbət hissi ilə xatırlayır. Bu görüşlərin nəticəsi idi ki, o vaxtlar incəsənət idarəsinin rəisi işləyən görkəmli yazıçı Mirzə İbrahimov bu gənc qızdakı istedadı hiss edərək, onun dahi bəstəkar Üzeyir Hacıbəyovla görüşməsini məsləhət bilərək onları görüşdürdü.

Şəfiqə xanım Üzeyir bəylə ilk görüşünün hər bir dəqiqəsini indiyədək xatırlayır: “Çox həyəcanlı idim, lakin özümü itirmədim. Bəstələdiyim bir neçə musiqini Üzeyir bəyin qarşısında çaldım və onun razılığını hiss edərək həyatımın ən xoşbəxt anlarını o dəqiqələrdə yaşadım".

Üzeyir Hacıbəyovla bu görüş, sənətkarın tövsiyələri Şəfiqə Axundovanın taleyinə, yaradıcılıq amalına bir möhür vurdu və o, bu sənətə bütün varlığı ilə bağlandı. 1940-cı ildə Şəfiqə xanım musiqi təhsili almaq üçün musiqi texnikumuna qəbul olaraq Hacı Xamməmmədovdan, Ağabacı Rzayevadan, Fatma Zeynalovadan, Məmməd Nəsirbəyovdan musiqinin ifaçılıq sirrlərini və nəzəriyyəsini öyrənməyə başlayır. Bu texnikumu bitirdikdən sonra isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur.

Şəfiqə xanımın söylədiklərindən:

“Mən xoşbəxtəm ki, Üzeyir bəy kimi bir dahinin tələbəsi olmuşam. Üzeyir bəy mənimlə böyük həvəslə məşğul olurdu. Bir dəfə fortepiano üçün bir rəqs yazdım. Üzeyir bəyin bəzi düzəlişlərindən sonra mən bu rəqsi bəstəkarın qarşısında böyük bir həvəslə ifa etdim. İlk mahnılarımdan biri olan "Beşik başında” (sözləri Mirvarid Dilbazinindir) mahnısı haqqında Üzeyir müəllimin tərifəlayiq sözləri məni daha da ürəkləndirdi. “Kolxoz qızları” mahnısını bəyənib dediyi sözlər isə indiyədək qulaqlarımdan getmir".

Artıq bir bəstəkar kimi püxtələşən Şəfiqə xanım konservatoriyada oxuduğu illərdə bir çox mahnı və romanslar yazdı. (“Nə gözəl”, “Cahanda”, “Fəğan etməzdim”, “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən”, “Bala”, “Yaradan əllər”, “Ulu rəhbər” və başqaları).

Şəfiqə Axundovanın yaradıcılığının ilk dövrü Böyük Vətən müharibəsi illərinə təsadüf edir. Onun bu dövrdəki ilk mahnılarında Vətən oğullarının hünər və qəhrəmanlıqları, ərlərini, oğullarını itirmiş anaların göz yaşları, qardaşlarını itirmiş bacıların naləsi öz əksini tapırdı. Bəstəkarların bu dövrdəki mahnılarından biri də aşıq Mirzə Bayramovun sözlərinə bəstələdiyi “Bala” mahnısı idi. Mahnıda övladına Vətən sevgisi aşılayan ananın öyüd-nəsihəti təsvir olunurdu. Mahnını Şəfiqə xanım Üzeyir bəyə təqdim edir və Üzeyir bəy mahnının harmoniyasında və fakturasında bəzi düzəlişlər etdikdən sonra xanım bəstəkar özü bu mahnını oxuyur. O, dahi bəstəkarın “Sənin səsin yazmağından daha yaxşı və məlahətlidir” sözlərini indiyədək fəxarətlə xatırlayır. Görkəmli sənətkarımız Şövkət xanım Ələkbərova bu mahnının ilk ifaçılarından biri oldu və onu xüsusi bir kövrəkliklə ifa edirdi.

Şəfiqə xanım Üzeyir Hacıbəyovu dahi bir bəstəkar və pedaqoq kimi yüksək qiymətləndirərək, onun təmiz ürəkli, kövrək qəlbli, böyük bir qayğıkeş insan olmasını belə xatırlayır: “Müharibənin aclıq illərində hər şeyin talonla verilən bir vaxtda özüm də bilmədən, necə oldusa çörək talonunu itirdim. Konservatoriyada məni məyus görən Üzeyir bəy narahatlığımı hiss edib nə olduğunu soruşarkən, mən kövrəlib ağladım və çörək talonunu itirdiyimi etiraf etdim. Üzeyir bəy o dəqiqə köməkçisi Ramazan Xəlilovu çağırdı və xahiş etdi ki, ”Şəfiqəni apar bizim evimizə və evdəki çörək kartını ver ona". Biz Ramazan müəllimlə Üzeyir bəyin evinə gəldik və bəstəkarın həyat yoldaşı Məleykə xanım talonu mənə verdi. Mən evə gələrək hər şeyi anama söylədim, anam kövrəldi və gözləri yaşardı".

Üzeyir bəyin öz tələbələrinə göstərdiyi atalıq qayğısından, qayğıkeşliyindən Şəfiqə xanımın daha bir xatirəsini sizin diqqətinizə çatdırıram: “Müharibə illəri idi. Hamı kimi Vətəni müdafiə etmək üçün Azərbaycan oğulları da cəbhəyə yollanırdılar. Hərbi Komisarlıqdan mənə və Ağabacı Rzayevaya da çağırış vərəqəsi gəldi. Üzeyir bəy hirslənib özündən çıxdı və komissarlığa arasıkəsilməyən zənglər edərək bizim hər ikimizin adını cəbhəyə gedənlər siyahısından sildirdi. Bir ata kimi Üzeyir bəyin bu qayğıkeşliyi ona olan məhəbbətimi, hörmət və ehtiramımı daha da yüksəklərə qaldırdı".

Şəfiqə xanım bir bəstəkar kimi, sənətkar və şəxsiyyət kimi yetişməsində dahi Üzeyir bəyin misilsiz xidmətlərini fəxarət hissi ilə qeyd edir və həmişə Üzeyir bəyi özünün mənəvi atası hesab edir. Ölməz sənətkara olan böyük məhəbbət və ehtiramını ona ithaf etdiyi “Xatirə” pyesi ilə, Xuraman Vəfanın sözlərinə bəstələdiyi “Yaşadacaq el səni”, Xanımana Əlibəylinin sözlərinə bəstələdiyi “Dahi sənətkar” əsərləri ilə tərənnüm etmişdir.

Ötən əsrin 40-cı illərinin axırlarında, 50-ci illərin əvvəllərində Şəfiqə Axundova Azərbaycan klassik şairlərinin şerlərinə musiqi bəstələməyə başlayır. Ölməz Nizaminin “Nə gözəl”, “Cahanda” qəzəllərinə bəstələdiyi romansları, Füzulinin, Vaqifin, Nətavanın qəzəllərinə bəstələdiyi “Nə yanar kimsə mənə”, “Fəğan etməzdim”, “Nə üçün gəlməz” əsərlərini buna misal göstərmək olar.

Klassik şairlərlə yanaşı müasir şairlərin şeirləri də Şəfiqə Axundovanın yaradıcılığında geniş yer tutur. Şəfiqə xanım görkəmli şairlərimiz Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, İskəndər Coşqun, Hüseyn Arif, Nəbi Xəzri, Fikrət Qoca, Nəriman Həsənzadə və başqaları ilə yaradıcılıq əlaqələrində olmuş, onların şeirlərinə bəstələdiyi nəğmələr haqqında həmişə qürurla danışır.

Şəfiqə Axundovanın yaradıcılığında görkəmli xalq şairimiz Bəxtiyar Bahabzadənin əsərləri xüsusi bir yer tutur. Şairin 100-ə yaxın şeirinə bəstələdiyi mahnılardan əlavə, Şəfiqə xanım onun pyesləri əsasında hazırlanan tamaşalara da musiqi yazmışdır.

Şəfiqə Axundovanın 60 illik yaradıcılıq dövründə bəstələdiyi 600-dən artıq mahnı və romansları ölkəmizin ən görkəmli sənətkarları Bülbül, Şövkət Məmmədova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Rübabə Muradova, Sara Qədimova, Fatma Mehrəliyeva, Əbülfət Əliyev, Gülağa Məmmədov, Anatollu Qəniyev, Zeynəb Xanlarova, Arif Babayev, İslam Rzayev, Elmira Rəhimova, Flora Kərimova, Baba Mirzəyev, Məmmədbağır Bağırzadə, Alim Qasımov, Zaur Rzayev, Mənsum İbrahimov əlçatmaz bir ustalıqla ifa edərək xalqımıza çatdırmışlar.

Əgər dahi bəstəkarımız Üzeyir Hacıbəyov “Leyli və Məcnun” muğam operası ilə Azərbaycanda və Şərq dünyasında ilk opera sənətinin təməlini qoymuşdursa, Şəfiqə Axundova Şərqdə opera yazan ilk qadın bəstəkardır. O, 600-dən artıq mahnı və romansların müəllifi olmasaydı da, yalnız “Gəlin qayası" operası adının musiqi sənəti tairiximizdə qalmasına kifayət edərdi.

Operanın əsasında duran “Gəlin qayası” povestinin müəllifi Süleyman Rəhimov kimi qüdrətli bir yazıçının, başqa ədiblərin, sənət adamlarının məsləhətlərinə qulaq asan, onların xeyir-dualarını dinləyən Şəfiqə Axundova 1971-ci ildən etibarən “Gəlin qayası” operası üzərində işləməyə başlayır və 1974-cü ildə operanı yazıb başa çatdırır. O vaxtlar Bəstəkarlar İttifaqının birinci katibi işləyən ölməz bəstəkarımız Tofiq Quliyevin bu opera haqqındakı təqdiredici sözləri Şəfiqə xanımı çox sevindirdi və o, operanın gələcək taleyi barəsində düşünməyə başladı.
Əsər Azərbaycan Dövlət
Opera və Balet Teatrına təqdim olundu. Şəfiqə xanım xatırlayır: “Professor Azər Rzayevin rəhbərliyi altında əsərə musiqi baxışı təşkil olundu və mən özümdə bir cəsarət duyaraq bütün partiyaları özüm ifa etdim. Gülbaharın da, Camalın da, Xanın da, Qarının da obrazlarını Çingiz Sadıqovun müşayiəti ilə özüm səsləndirdim”.
Dirijor R.Abdullayevin, quruluşçu rejissor A.Kazımovun, rəssam Ə.Almaszadənin, baletmeyster Q.Almaszadənin quruluşu əsasında bəstəkarın, bir neçə illik gərgin əməyinin bəhrəsi olan “Gəlin qayası” operasının ilk tamaşası böyük uğurla, müvəffəqiyyətlə keçdi. Firudin Mehdiyevin, Nəzakət Məmmədovanın, Arif Babayevin, Rübabə Muradovanın, S.İbrahimovanın, S.Hətəmovanın yaratdığı obrazlar yüksək sənətkarlıqla səsləndirildi və tamaşaçılar tərəfindən sevilərək sürəkli alqışlarla qarşılandı. Sonralar isə Lütfiyar İmanov, Zeynəb Xanlarova, Baba Mirzəyev və başqaları “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Humayun” kimi möhtəşəm Azərbaycan muğamlarından bəhrələnən bu ölməz operada öz mahir ifaları ilə tamaşaçıları heyran edirdilər. Böyük sənətkarımız Süleyman Rəhimov, Əliağa Kürçaylı, Vasif Adıgözəlov, Bəxtiyar Vahabzadə, Ramiz Mustafayev, Tofiq Quliyev, Arif Məlikov bu sənət əsəri haqqında yüksək fikirlər söyləyirdilər və Şəfiqə xanımın bu operasını böyük Üzeyir bəyin ölməz əsərlərinin davamı kimi qiymətləndirirdilər.

Əsası dahi Üzeyir bəy tərəfindən qoyulmuş musiqili komediya janrı Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynayır. Şəfiqə xanım bu janrda da öz qələmini sınamış və nəticədə 1965-ci ildə Novruz Gəncəlinin librettosu əsasında “Ev bizim, sirr bizim” musiqili komedyası yaranmışdır. Əsərin Musiqili Komediya Teatrında beş ildən artıq anşlaqla və sürəkli alqışlarla qarşılanmasında Əsmət obrazının ifaçısı, Azərbaycan komediya sənətinin, ümumiyyətlə, kino və teatr səhnəsinin misilsiz, əvəzolunmaz korifey sənətkarı Nəsibə xanımın rolu böyükdür. Şəfiqə xanımın söylədiklərinə və teatr müdiriyyətinin etiraflarına görə axır vaxtlar bu əsərin teatrın səhnəsində oynanılmaması məhz Nəsibə xanım Zeynalovanın “yerinin boş görünməsi” ilə əlaqədardır.

Şəfiqə Axundova 60 illik yaradıcılıq dövründə müxtəlif teatr tamaşaları üçün yaddaqalan, tamaşa çərçivəsindən çıxaraq ayrıca bir nəğmə kimi də sevilən, əzbərlənən və ifa olunan musiqilər bəstələmişdir. 60-dan artıq tamaşada səslənən bu musiqilər tamaşalara xüsusi füsunkarlıq verir, əsər ilə lirik vəhdət yaradaraq tamaşaçıların, dinləyicilərin zövqünü oxşayır, onların qəlbinə yol tapır. Buna misal olaraq C.Cabbarlının “Almaz”, “Aydın”, B.Vahabzadənin “Vicdan”, M.Altayın “Kişilər”, Ə.Yusiflinin “Vicdan əzabı”, Ş.Qurbanovun “Sənsiz” və bir çox başqa tamaşaların adını çəkmək olar.

... Şəfiqə xanımın həm çətin, həm də xoşbəxt günlərində onun həyat amalının rəmzi, həyatı qədər sevdiyi, onsuz bir gününü belə təsəvvür etmədiyi, “Taleh mənim taleyimdir” dediyi ciyərparası, oğlu Talehdir. Görkəmli pianoçu və bəstəkar Taleh Hacıyev Şəfiqə xanımın əsərlərinin ilk dinləyicisi olmaqla bərabər, bu əsərlərin səhnəyə hazırlıq dövründə, müğənnilərin hazırlaşdırılmasında həmişə Şəfiqə xanımın yaxın köməkçisi olmuşdur.

Talehin özünün də bəstələdiyi mahnılar — “Belə qəmli dayanma”, “Bəxtəvərlik nəğməsi”, “Sənsiz yaman darıxmışam”, “Bu sevda” və başqaları görkəmli sənətkarımız Rübabə Muradova, Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Təranə Vəlizadə, Səkinə İsmayılova, Könül Kərimova tərəfindən həvəslə ifa olunur.

Görkəmli bəstəkar Şəfiqə Axundova az-az insana nəsib olan çətin və şərəfli bir həyat yolu keçərək, bu yollarda büdrəmədən, yorulmadan musiqi zirvələrinə doğru yüksələrək, onları fəth etdi. Tərcümeyi-halı və yaradıcılığı gənc bəstəkarlar, musiqiçilər üçün bir örnək olan Şəfiqə xanımın keçdiyi həyat yolları o qədər zəngindir ki, saydığımız nailiyyətlərin hamısının bir insana (Azərbaycan qadınına) nəsib olmasına heyran qalmamaq olmur!

Şəfiqə xanım öz dərin mənalı həyat və yaradıcılığı haqqında kövrələrək etiraf edir: “Sənətin çox ağır, keşməkeşli yolları var. Bu qocaman yaşımda həyatın hər bir sərt üzünü görmüşəm. Lakin sənəti sevdiyimə görə, sənətə vurğunluğuma görə qələmi yerə qoymadım. Unutmadım ki, məni bütün Azərbaycan dinləyir və dinləyəcək”.
Bəli, görkəmli sənətkarımız Şəfiqə Axundovanı bütün Azərbaycan dinləyir, 50 milyonluq dünya azərbaycanlıları, dünya musiqisevərləri dinləyir. Şairlər ona şeirlər qoşurlar, ədiblər onun haqqında kitablar yazırlar, alimlər öz ürək sözlərini deyirlər.

Görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyevin Şəfiqə xanımın yaradıcılığına verdiyi qiymət çox məntiqli və diqqətəlayiqdir: “Şəfiqə Axundova öz mahnıları ilə Azərbaycan incəsənətinə əbədilik daxil olmuşdur. O, eyni zamanda hələlik ilk və yeganə Azərbaycan qadın bəstəkarıdır ki, ”Gəlin qayası" kimi opera yazıb, böyük janrlı musiqi əsəri ilə Azərbaycanın bədii və estetik xəzinəsini zənginləşdirmişdir. Nəhayət, o, yaradıcı insanlara verilmiş sənət ömrünün uzunluğu baxımından da rekordçudur. Bu yaşda öz yaradıcılıq imkanlarını qoruyub saxlamaq və musiqini zənginləşdirmək, həqiqətən də, yaradıcılıq qəhrəmanlığı kimi qiymətləndirilməlidir".


Xalq qəzeti.- 2008.- 16 mart.- S. 7.