Quliyev L.
Muğam müsabiqəsinin
qalibləri Bərdədə
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun layihəsi əsasında və Heydər
Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan
Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar
Cəmiyyətinin keçirdiyi və üç aydan çox
davam etmiş "Muğam televiziya müsabiqəsi-2007"
nəinki respublikamızda, həmçinin bütün
dünyada böyük əks-səda doğurmuş, milli
musiqimizə beynəlxalq marağı qat-qat
artırmışdır. Son illər ölkəmizdə
milli-mənəvi dəyərlərin uca tutulması,
xüsusilə muğam sənətinə böyük
önəm verilməsi cəmiyyətin bütün
təbəqələrində böyük razılıqla
qarşılanır, hər kəsdə minnətdarlıq
doğurur.
Martın 13-də Bərdə rayonunda muğamsevərlər
bayram əhval-ruhiyyəli bir gün yaşadılar.
"Muğam televiziya müsabiqəsi-2007"nin qalibləri
və münsiflər heyətinin üzvləri
Qarabağın bu dilbər guşəsində bir
günlük qonaq oldular. Şəhər mədəniyyət
evində gerçəkləşən konsertə ətraf
rayonlardan da muğamsevərlər gəlmişdilər.
Muğam böyük bir xəzinədir. İtib-batmaqda olan bu
xəzinəni öz sahibinə, Azərbaycan xalqına qaytaran
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın ünvanına muğam
gecəsində minnətdarlıqla dolu fikirlər
səsləndi. Mehriban xanım Əliyevanın
müsabiqənin qalibləri və münsiflər heyətinin
üzvləri ilə görüşündə dediyi:
"Muğam bizim mədəniyyətimizin, Azərbaycan
mədəniyyətinin əsas sütunlarından biridir və
əlbəttə, onu qorumaq, inkişaf etdirmək,
gələcək nəsillərə çatdırmaq hər
bir azərbaycanlının mənəvi borcudur"
sözləri muğam gecəsinin əsas leytmotivinə
çevrildi.
Konsertə 2005-ci ildə keçirilmiş muğam
müsabiqəsinin qalibləri də
qatılmışdılar. Musiqisevərlər mahir muğam
ustası Arif Babayevin əməyinin dövlət
səviyyəsində yüksək
qiymətləndirilməsinə, respublika Prezidenti İlham
Əliyevin sərəncamı ilə "İstiqlal"
ordeninə layiq görülməsinə
bitib-tükənmək bilməyən alqışları
ilə münasibət bildirdilər.
Konsertdə gənc muğam ifaçılarının hər
bir çıxışı alqışlarla
qarşılanır, səhnə
gül-çiçəyə qərq olurdu. Muğam
gecəsinin sonunda Bərdə Rayon İcra Hakimiyyətinin
başçısı İlham Ağayev
çıxış edərək milli-mənəvi
dəyərlərimizə, xüsusilə muğam
sənətinə göstərdiyi misilsiz qayğıya
görə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti
adından minnətdarlığını bildirdi,
bərdəlilərin dəvətini qəbul edib
Qarabağın bu qədim və dilbər guşəsinə
təşrif buyurduqları üçün muğam
musabiqəsinin qaliblərinə və dəyərli
münsiflər heyətinin üzvlərinə xoş
arzularını bildirdi. Müsabiqənin qaliblərinə
və münsifər heyətinin üzvlərinə
Bərdə Rayon İcra Hakimiyyətinin qiymətli
hədiyyələri təqdim olundu.
Azərbaycan.- 2008.- 16 mart.- S. 12.