Quliyeva Z.
Dəryada gəmim qaldı,
Biçmədim, zəmim qaldı.
Çox çəkdim yar cəfasın,
Mənə də qəmim qaldı...
Ay sona bülbüllər,
ay saçı sünbüllər!
Gəmilərimizin sakit
sularda arın-arxayın üzdüyü, zəmilərimizi
özümüz biçib-becərdiyimiz bir vaxtda,
görəsən, bu ah-nalə, fəqan nə idi, ilahi! Niyə Qədir yeri-göyü
yandıraraq bu şərqinin giley-güzarını Tanrının
dərgahına qədər
çatdırmaq istəyirdi.
Bəlkə mügənni
40 il sonrakı dərdini - odlara qalanmış ağban otaqlı Ağdamın, yerlə-yeksan olunmuş Qarabağın çatır-çatır
yanan alovunu ifadə edirdi. Bilmirəm, amma onu dəqiq bilirəm ki, dünyamızın xoşbəxt
çağında əhval-ruhiyyədən asılı
olmayaraq, hər kəs bu mahnını
dinləyəndə bir
anlıq fikrə gedir, nəyisə düşünməyə məcbur
olurdu. Mən də öz uşaq ağlımla bu mahnının qanadları ilə ağ buludların üstünə gedib çatır və orda bu səsin
harasa qeyb olduğunu görürdüm.
"Sona bülbüllər"
xalq mahnısıdır.
Zaman-zaman, nəsildən-nəslə
ötürülən bu
mahnıdakı sızıltı,
ağrı görünür
təsadüfi deyilmiş.
Cənnət gözəlliyi
başına bə
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı,
Bir ala gözlü
balanı!
Haqsızlığa, nahaq
tökülən qana qarşı bir üsyan vardı bu
səsdə. Sanki bu təkcə iki gəncin nakam taleyindən
yox, yurdumuzun otunun, çiçəyinin nahaq qana
bulanmasından, minlərlə gəncimizin
yarımçıq ömründən, düşmən
əlinə keçməmək üçün
ölümünü üstün tutub özünü
sellərə-sulara qərq edən ala gözlü
qız-gəlinlərin acı taleyindən bəhs edirmiş.
Qədir Rüstəmov istər
muğamları, istərsə də xalq mahnılarını
bütün varlığı ilə, ürəkdən qopub
gələn məhəbbətlə oxuyur. Günümüzə gəlib söykənən
qədim xalq ifaçılığının layiqli nümayəndələrindən
olan Qədir Rüstəmov özünün
qeyri-adi səsi ilə sənət meydanına 60-cı illərdən sonra gəlib. Bir çox xalq
mahnı və təsniflərinə yeni nəfəs verən sənətkar, demək olar ki, Cabbar
Qaryağdıoğlunun, Xan
Şuşinskinin sənətində,
getdikcə boş qalan yerində bir tufan qopartdı.
"Uzun ömrün akkordları" filminə
çəkilməyi onun
bu sənətin doğma varisi olmasının təsdiqi idi. O, xalq musiqisi ruhunda improvizə ustası kimi öyrənilməyə
layiq sənətkardır.
Amma Qədirin özünəməxsus xarakteri
olduğu üçün
onunla "dil tapmaq" hər adama nəsib olmur. Çünki o, rəsmi tədbirlərdən
həmişə qaçaqdır.
El-oba məclislərinə,
öz könül dünyasına üstünlük
verir.
Zamanın təkəri
hansı səmtə fırlanır-fırlansın, Qədirin
öz ləhcəsi, öz yerişi, öz baxışı
var. Bu, çoxlarına qəribə gəlsə də, Qədir Rüstəmov təbiiliyindən
kənara çıxmır.
Sənətkarın qazandığı
uğurlarında Ağdam
musiqi mühitinin böyük rolu olub. 1952-ci ildə yaradılan "Şur"
ansamblı Azərbaycan
musiqisinə bəxş
etdiyi ayrı-ayrı sənətkarlarla
yanaşı, həm də yerli ifaçıları
birləşdirirdi. Bu
ansambl Ağdamın adına nəinki Azərbaycanda, keçmiş
SSRİ-də, eyni zamanda dünyanın bir çox yerlərində şöhrət
gətirdi. Kollektiv əsrlərin ənənəsinə
söykənən, XX əsr
professional Qarabağ Musiqi Məktəbinin nailiyyətlərini, imkanlarını
geniş nümayiş
etdirdi. Klassik musiqimizə, muğam və mahnılarımıza
qayğı ilə yanaşan ansambl qondarma təsirlərdən
qaçır, kamil repertuarlarla seçilirdi.
Doğrudan da, "Şur"un
Qədir Rüstəmov kimi yetirmələri, həm də
yenilik duyumu ilə seçilmiş, unudulmaqda olan mahnılara
təzə həyat və təravət vermişdi. Qədir Rüstəmovun ifaçılığından söz düşəndə
sənət biliciləri
onun qardaşı Nadir Rüstəmovu da xatırlayırlar. N.Rüstəmov 40-cı illərdə Məşədi Nərimandan
tar çalmağı
öyrənib və musiqi dərsini Rəhim Bədəlovun yanında davam etdirib. 1942-46-cı illərdə keçirilən
musiqi olimpiadalarında
Nadir Rüstəmov, Əbülfət Əliyev
və Elman Bədəlov birinci yeri tutublar. Nadir Rüstəmov "Zabul", sonra isə "Zəminxarə"
muğamına görə
də müsabiqənin
qalibi olub. Ağdam Orta İxtisas Musiqi Məktəbində muğamat-tar
müəllimi işləyib.
Maraqlıdır
ki, Qədir Rüstəmovun 40-45 il bundan əvvəl
oxuduğu mahnılarını, "Segah"ını,
"Zəminxarə"sini bu gün də sevə-sevə
dinləyirik və dinlədikcə düşünürük
ki, görəsən bu səsdə nə sehr var ki,
təkrar-təkrar qulaq asırıq, amma doymuruq. Yadıma bir əhvalat
düşür. Ağdam
faciəli günlərini
(1992-93-cü illər) yaşayırdı.
Toy-düyünlü şəhərdən
heç bir əlamət qalmamışdı.
Şəhəri ölü
sükutdan yalnız üçmərtəbəli Çay
evindən ətrafa yayılan "Sona bülbüllər" xilas
edirdi. Qədir Rüstəmovun fərqli xüsusiyyəti olduğunu
hamı bilirdi. Bütün küçələrdən öz
səsini eşidən
Qədir, bərk əsəbiləşərək gedib çıxıb çayxanaya və oradakıları o ki var danlayaraq
deyir: "Ə, bəsdirin
də, nə qədər bu lenti oxudacaqsınız, yazıq deyil bu millətE Qardaş, istəmirəm hər gün məni oxudub urvatdan salasınız".
Qədir
təbliğ olunmağı və tərifi xoşlamasa da, amma
əsl sənətə qiymət verən xalqımız onu
layiqincə dəyərləndirib. Qədir Rüstəmov xalq sevgisi ilə, dövlət qayğısı
ilə hərtərəfli
təmin olunub. "Xalq artisti" adına layiq görülüb, "Şöhrət"
ordeni ilə təltif olunub, ev-eşik, maşın sarıdan da problemi yoxdur. Amma Qədirin bir yanğısı var. Onun ən sevimli
səhnəsi Qarqar çayının kənarı
idi ki, öz
səsini Qarqarın qıjıltılı nəğməsinə
qatsın. Ən məşhur səhnəsi
İsa bulağı idi ki, əlini
qulağının dibinə
verib, ucu-bucağı görünməyən
meşədə haray
çəksin. Qədirin
öz könül dünyası var. Heyf ki, könül
dünyası tar-mar olub. Qədir Rüstəmovun sözlə
çatdıra bilmədiyi
daxili "mənindəki"
ecazı, hikməti oxuduğu muğam və xalq mahnıları
açıq-aydın
danışır. O oxuyanda
xəyalımız dərinliklərə
gedərək bizi tarixin səhifələrini
vərəqləməyə məcbur edir. Eləcə də dahi Üzeyirin muğamın böyüklüyü
barədə yazdığı
qeydləri yada salır. "...Yaxın
Şərq xalqlarının
musiqi mədəniyyəti
XIX əsrə doğru
özünün yüksəliş
səviyyəsinə çatmış
və on iki sütunlu, altı bürclü "bina" (dəstgah) şəklində iftixarla
ucalmış və onun zirvəsindən dünyanın bütün
dörd tərəfi
- Əndəlusdan Çinə
və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür..."
Qədir muğamının
da böyüklüyü
ondadır ki, o, oxuduqca külli
Qarabağın mənzərəsi
canlanır gözümüzdə.
Azərbaycan.- 2008.- 21 mart.- S. 6.