Mehdixanlı T.

 

Milli musiqimizin Qədir zirvəsi


            Hər dəfə "Sona bülbüllər" xalq mahnısını, xüsusən arada Qədirin muğam ifasını eşidəndə, şüurum, idrakım varlığıma tabe olmur. Qalıram yana-yana, oddana-oddana. Elə bil səhraya düşürəm. İnamım, ümidim, arzularım yadımdan çıxır. Əvəzində xəyalımda boyat xatirələr oyanır. Ancaq əlim heç birinə çatmır, təskinlik üçün hansınısa ömrümün bu çağında özümə həmdəm edə bilmirəm. Son qənaətim isə Qədirin səsiylə ənginliklərə yüksəlmək, yaxud da qırx arşın quyunun dibinə düşmək olur. Lakin bir dinləyici kimi fəxr edirəm ki, onun ifalarında gərginlik keçirsəm də, mənəvi zövq də alıram.

Söhbət milli musiqimizin şərəfli ənənəsini yaşadan, zirvələrə ucaldan, bənzərsiz xarakteri, ifa qabiliyyəti ilə tanınan, sevilən şəxsiyyətdən - Qədir Rüstəmovdan gedir.
Onu ilk dəfə qırx il əvvəl görmüşəm. Mənim kimi o da kirayənişin yaşayırdı. Salam verənin salamını ehtiramla alardı. Başını qaldırıb tanıdığı, tanımadığı bir adamın da üzünə baxmazdı. Hətta bəziləri onu eqoist hesab edirdilər. Əslində isə Qədir ürəyi ilə danışardı. ürəyi onun ilk sevgisi, bu gün də sirdaşıdır. Yaşadığı evin ətrafından keçən hər kəs ayaq saxlayardı. çünki o, oxuyardı, eşidənlər sanki ovsunlanar, tilsimə düşər, ayaq saxlayar, onun zümzüməsinə, nalə-fəryadına qulaq kəsilərdilər. Qısası, hələ qırx il əvvəl görmüşəm ki, Qədir Rüstəmov dərdlilərə dərdlərin unutdurur, yaralara məlhəm qoyur. Yaxud, düşüncəsinə, varlığına hakim kəsilir.

İkinci görüş

 

Qədiri daha yaxından 1970-ci ilin sonlarında tanıdım. Onu artıq o taylı, bu taylı bütün azərbaycanlılar sevirdi. Səsi əməlli-başlı tilsimə çevrilmişdi. İfaları ancaq radio dalğalarından səslənirdi. üzünü görməyənlər onun həsrətini çəkərdilər ki, İlahi, görəsən o - Qədir mələkdirmi, canlıdırmı, yoxsa ulu Tanrının qismət payıdırmı?
Həmin ərəfədə bəxtim üzümə güldü. O zamanki Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başladım. İlk günlərdən ayrı-ayrı adamlar tərəfindən gördüyüm qayğını ömrüm boyu unutmaram. Onlardan biri də xalqın sevimli bəstəkarı, Televiziyanın musiqi verilişləri baş redaksiyasının baş redaktoru Telman Hacıyevdi. O, bənzərsiz sənətkar olmaqla yanaşı, həm də son dərəcə alicənab, diqqətcil insan idi. Bir gün ona yaxınlaşıb dedim: "Bir müğənni var, adı Qədir, soyadı Rüstəmovdur. Səsi eşidənlərə sevinc bəxş edir. Amma dinləyənlər onun üzünə həsrət qalıblar. Telman müəllim, bəlkə onun bir ifasını televiziyada da göstərək".

Allah sənə rəhmət eləsin, adaş! Həmin günün səhəri Qədiri studiyaya çəkilişə dəvət etdilər. Məşhur tarzən Əhsən Dadaşov qürur hissi keçirirdi ki, bənzərsiz ifaçını müşayiət edəcək. Qədir isə yenə də bütöv xarakterində - əyilməzlik, ucalıq zirvəsindəydi. Qavalı sinəsinə sıxıb, dinməz-söyləməz gəzinirdi. Tam əmin idim ki, o, ürəyi ilə danışır. Yanır, qovrulur, tüstüsü təpəsindən çıxır. Sərt görünüşünə, görkəminə görə kimsə cürət edib ona yaxınlaşıb söz deyə bilmirdi. Yadlara, nabələdlərə elə gəlirdi, o, özündən razı, guya eqoistdir. Yox, qətiyyən yox! Onun canına üşütmə, titrətmə düşmüşdü. çünki çəkiliş zamanı lentə alınacaq avaz, duyum əvvəlcədən onun varlığına hakim kəsilmişdi. Nəhayət, "zapis" başladı. Qədirin az əvvəl gördüyüm sərt, hikkəli, etinasız görünüşünü sanki külək, boğanaq qovub apardı. İndi də səsi ansamblın hər bir üzvünü mat qoymuşdu. Elə bu zaman komitə sədri, mərhum Qurban Yusifzadə rejissor pultu olan kabinəyə daxil oldu. Allahım, Qədirin yanğılı, mənalı səsindən o, necə diksindi, necə kövrəldi?! Telman Hacıyevə demişdi: "Qədir Cabbarın, Seyidin, Xanın yadigarıdır".

Həmin video-çəkiliş bu gün də Azərbaycan Televiziyasının Qızıl fondunda ən dəyərli əmanət kimi qorunub saxlanılır. "Sona bülbüllər" pərvazlanan bülbüllərə cəh-cəh, şuxluq, ah-haray öyrədir.

Zirvənin yolları qardır, borandır...

 

Bir dinləyici, tamaşaçı kimi deyə bilərəm ki, Qədir Rüstəmov Azərbaycan musiqisinin ən şərəfli, ən ləyaqətli, ən istedadlı sahiblərindən, fədailərindən biridir. Bəlkə də o, Cabbarı, Seyidi, Xan əmini görməyib. Amma Qədir onların hər birinin möhtəşəm, unudulmaz dünyalarının ümumiləşdirilmiş obrazlarını bacarığı, istedadı, kövrək, yanğılı, dərdli-qəmli səsiylə yaşadır. O, oxuyanda muğamın, kompleks birləşmiş dəyərlərini, qüdrətini, əzəmətini eşidirəm. İfası başa çatıncaya qədər lal-kar kimi sükuta dalıram. Belə qeyri- qəribəliyimə görə hətta özüm-özümü danlayıram da. Lakin qürur hissi keçirirəm ki, Qədir kimi millətimizin canlı klassiki, məharətli ifaçısı var. Bəşər boyu ləyaqətli, şərəfli insanların adları ona görə əbədiləşib ki, onlar doğma xalqının əzizi, sevimlisi olublar. Qədir Rüstəmov da həmin dahi şəxsiyyətlərdən biridir!

Qədirin səsi Allah vergisidir. Buna heç bir şübhə ola bilməz. Ancaq Tanrının qismətini yaşatmaq qeyrət, hünər tələb edir. Elə Qədir kimi! O, işıqlı dünyaya doğma, əziz Qarabağımızda göz açıb. Şair yaxşı yazıb:

Deyəsən, Qarabağda körpə uşağı Muğamat üstündə ağlar - deyiblər...

 

Qədir ayaqyalın, başı açıq da gəzib. Obyektiv, subyektiv səbəblərdən bəxtindən gileyli də olub. Lakin heç vaxt, heç vədə sınmayıb, əyilməyib, qürurunu itirməyib. Şad soraqdan fərəhlənib, Yaradanımıza ehtiram əlaməti olaraq salavat çevirib, dualar oxuyub. Bəlkə bu cəhətləri də onun zirvəyə doğru qalxmasına bələdçilik edib, kim bilər?!

Avazı sonsuz sərvətidir

 

Dünyada milyardlarla insan yaşayır. Dilindən, dinindən, irqindən asılı olmayaraq Qədiri onların arasından seçmək, tanımaq, sevmək mümkündür.

O, ömrü boyu əyilməyib, diz bükməyib, yarınmayıb, yaltaqlanmayıb, əl açıb kimdənsə nə isə istəməyib. İlk dəfə qədəm açıb yeridiyi gündən ömrünün bu çağına kimi Yaradanımızın qismətinə "şükür" - deyib. Heç vaxt, heç vədə möhtəşəm qapılar önündə boyun bükməyib. İkicə güman, pənah ünvanı olub: Ulu Tanrı, bir də doğma xalqı! İlahi ona bənzərsiz səs, avaz, nəfəs verib, doğma xalqı isə qədərsiz sevgi, hörmət, nüfuz bəxş edib. Bunun üçün də o, ömrü boyu, ahıl çağında da iri planda görünüb. Fikrini qısa, konkret, necə var elə bildirib. Onun ifa etdiyi muğam, təsnif, mahnılar da yalnız özü tərəfindən bəyənildikdən sonra səslənir. O, Cabbar Qaryağdıoğlunun, üzeyir Hacıbəyovin, Xan əminin müqəddəs ruhları önündə ehtiramla baş əyir, amma saxta, qondarma təbliğatı qətiyyən yaxına qoymur. Həmkarları, dostları ilə rastlaşanda elə bil gücü yalnız bunu soruşmağa çatır: "Ə, nətərsən? İşin-gücün yaxşıdır? Allah-təala ruzini yetirsin". Vəssalam, şirin xəyalları, arzuları ona həmdəm olar, üz tutar gedəcəyi ünvana.
Böyük xarakter sahibi olmaq deyilişlərdəki kimi asan deyil. Məşhur yazıçı Qoqolun "Taras Bulba" əsərindəki baş qəhrəmanın sərtliyini xatırlayıram. Onun iki oğlu var. Biri atasının itaətkarıdır, ikincisi isə öz amalı ilə yaşayır. Taras bundan qəzəblənir. Məsləkinə yad münasibətdə olan övladını qətlə yetirir. Sonra da onun tabutu önündə deyir: "Axı sən niyə mənə dönük çıxdın ki, mən də səni öldürəydim?" Əgər bənzətməm uyğun gəlməsə, oxuculardan üzr istəyirəm. Qədir günahı, səhvi bağışlamayan şəxsiyyətdir. Onun xoşbəxt ailəsi, övladları, sevdiyi sənətkarlar, dostları var. Lakin İlahinin bəxş etdiyi qismət - bənzərsiz, yanğılı, yandırıb-yaxan səsini ağlı kəsəndən özünə güvənc bilib. Onu qoruyub, qədrini bilib. Əvəzində fitri istedadı da əlindən tutub, zirvələrə ucaldıb. Xalq artisti, kaman ustası Habil Əliyev nə yaxşı deyib: "Dünyada bir Qədir Rüstəmov mövcuddur. Əgər o, tək bircə "Sona bülbüllər"i oxusaydı, yenı də adı milli tariximizə yazılardı".
çox sağ olun ustad Habil, Qədirə dünya sərvətinə bərabər qiymət vermisiniz!

Doğma torpaq ilk məhəbbətdirmi?..

 

Ötən əsrin sonlarında zaman-zaman millətimiz tərəfindən xeyirxahlıq, mərhəmət görən ermənilər yenidən quduzlaşdılar. öz qeyrətlərinə yox, xarici qüvvələrinə arxalanıb ata-baba yurd yerlərimizə vəhşicəsinə basqınlar etdilər. Soydaşlarımız yaman gündə, çıxılmaz vəziyyətdə qaldı. Həmin mənzərələri xatırlayanda yadıma Qədir Rüstəmov düşür. Gözlərim önündə üzeyir bəyin "Leyli və Məcnun" operasının səhnə görünüşü canlanır... Məcnun ülvi, bəşəri məhəbbət xatirinə səhralara düşür, Qədir isə Qarabağımızın, əzəli-əbədi torpaqlarımızın həsrətindən.

İndi işğal altında inləyən torpaqlarımızı bəşəri məhəbbət qəhrəmanı Leylinin obrazı kimi qəbul etsək, Qədiri Məcnuna bənzətmək olar. O, eşqə, sağlam əqidəyə, saf düşüncəyə, doğma torpağa sevgisi olan insandır. İllərdən bəridir o, ürəkdən gülmür, eyni açılmır. Səsi silaha çevrilmiş sənətkar hara getsin, dərdini kimə danışsın, bilmir. Hətta Tanrı vergisi olan səsi, avazı da imdadına çatmır. Ancaq dözür, gələcəyə ümidlə baxır.

Bir gün doğma obası Ağdamdan əzəli, əbədi Şuşamıza gedirmiş. Əsgəran səmtdə onun maşınını saxlatdırırlar. Bir "dığa" ona yaxınlaşır: ""Sona bülbüllər" erməni mahnısıdır, sən onu niyə oxuyursan?" Qeyrətli, hünərli Qədir deyir: "İtil gözümün önündən. Dünən bura ayaq basmısan, bu gün milli dəyərlərimizə sahib çıxmaq istəyirsən? Sən öl, düşüb şalvarını çıxardıb, başına geyindirərəm..."

***

Qədir Rüstəmov qüdrət sahibi olan ifaçıdır. 16 ildir doğma el-obamın üzünə, havasına həsrət qaldığım vaxtdan sevimli, əziz ifaçımızın səsi - müxtəlif mahnılarının lent yazıları mənim həmdəmimdir, sirdaşımdır. O səsin qüdrətindən oyanıram, gələcəyə ümidlə, inamla baxıram. çox müğənnilərimizin avazlarını, oxumalarını eşidəndə ehtiram əlaməti olaraq ayaq üstə dururam. Ancaq Qədir qibləgahımdır, onun səsi nəbzimi normallaşdırır. Bəzən yuxum ərşə çəkiləndə onun avazı yolumun üstünə mayak təki işıq salır. Onun səsində işğala məruz qalmış torpaqlarımızın görünüşləri, şəhid olmuş oğullarımızın ümumiləşmiş obrazları mənim kimi minlərin də xəyallarında, düşüncələrində, ümidlərində yaşayır.
Oxu, Qədir, səni Yaradanımız xəlq edib ki, səsin gəlsin!.. Adın hörmətlə çəkilsin, başın uca olsun, avazını ata-baba yurd yerlərimizdə eşidək.

Epiloq əvəzi

 

Qədir, səni tanıdığım, gördüyüm, səsini eşitdiyim ilk gündən qürur hissi keçirmişəm. Milyonlarla dinləyicilərinin biri də mənəm. Bilirəm, tərifdən xoşun gəlmir. İncimə, söz azadlığından istifadə edib, sənin hansı qüdrətə qadir olduğunu oxucularla bölüşdüm. Sən təkcə dinləyicilərin yox, sözə, sənətə qiymət verən hazırkı iqtidarın da sevimlisisən. Layiq görüldüyün fəxri adlar, aldığın mükafatlar fikrimin təsdiqi kimi tariximizə yazılıb.

 

Tanrı səni qorusun, Qədir! İnşallah, tezliklə Qarabağda görüşərik.

 

P.S. Vaxtilə daxili işlər naziri işləmiş general-mayor, Qarabağımız uğrunda canını qurban verən Məhəmməd Əsədov demişdi: "Duyanlar, anlayanlar üçün Qədir Rüstəmovun səsi qüdrətli bir ordunun gücünə bərabərdir".

 

Təzadlar.- 2008.- 12-18 mart.- S. 13.