Məhərrəmova T.

 

"Şərq musiqisinin peyğəmbəri"

 

Cabbar Qaryağdıoğlu həyatını Azərbaycan musiqisinin inkişafına həsr etmişdi

 

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə görkəmli yer tutan sənətkarlardan biridir. Xalqın içərisindən çıxan bu sənətkar bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr edib. Ömrünün 60 ildən çoxunu xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycan xanəndəlik sənətini yaratmağa həsr edən müğənni Cənubi Qafqazda ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb. Azərbaycan musiqisi tarixində yeni bir mərhələnin açılması məhz Cabbar Qaryağdıoğlunun adı ilə bağlıdır (Martın 31-i Cabbar Qaryağdıoğlunun doğum günüdür).

 

Balaca xanəndə

 

XIX əsrin 2-ci yarısında Şuşa şəhərinin sakinləri əsasən ticarət və sənətkarlıqla məşğul olurdular. Bu şəhər eyni zamanda Cənubi Qafqazın dini mərkəzi kimi də məşhur idi. Şəhərdə 18 məscid, 6 kilsə var idi və dini mərasimlər çox təntənəli surətdə keçirilərdi. Xüsusən məhərrəmliyə 3 ay qalmış şəhərdə bu mərasimə qızğın hazırlıq başlanardı. İrandan xüsusi mərsiyəxanlar, dərvişlər dəvət edilərdi. Şəhərin yoxsul əhli 10 gün içərisində tamamilə işdən-gücdən ayrılar, necə deyərlər, öz kasıbçılığından qalardı. Boyaqçı Məşədi İsmayıl da başqaları kimi öz dükanını bağlayıb oğlanları ilə birlikdə dini mərasimlərdə iştirak edərdi. Şuşada yaxşı səsi olan gənclərdən məhərrəmlik təziyyələrində, məclislərdə mərsiyə demək və növhə oxumaq üçün istifadə edirmişlər. Cabbarın böyük qardaşları Məşədi Məhəmmədin və Qafarın gözəl səsi olduğu üçün gənc vaxtlarından məhərrəmlik təziyyəsində şəbihgərdanlıq edirdilər. Qardaşlarının yanıqlı oxumaları balaca Cabbara lap uşaqlıqdan təsir etmişdi.

Şuşanın zəngin musiqi mühiti balaca Cabbarın inkişafında çox böyük rol oynayır. Hələ məktəbə getməyən Cabbar öz böyük qardaşı kimi oxumaq arzusu ilə yaşayırdı. Cabbargilin evi şəhərin ən səfalı yeri olan məşhur Cıdır düzünə yaxın olduğundan, balaca xanəndə öz kiçik qardaşları və məhəllə uşaqları ilə "Qaya başı"nda, "Qırx pilləkən"də və "Ağzı yastıkaha" ətrafında quzu otarar, oynayardı. Deyirlər ki, Cabbar saatlarla "Dəlik daş"ın üstündə oturaraq "Xəznə qayası"nın mənzərəsinə baxar, "Topxana" bülbüllərinin cəh-cəhini ehtirasla dinlərmiş. Azərbaycanın məşhur şairi M.M.Nəvvabın rəhbərlik etdiyi "Məclisi-Fəramuşan" ədəbi məclisinin üzvləri də hər axşam "Ağzı yastıkaha"ya toplaşar, yeni şeirləri oxuyub təhlil edər və məclisin sonunda da məşhur xanəndələrdən Hacı Hüsü, Məşədi İsi və Dəli İsmayıl oxuyarmış. Cabbar qaya dalından həmin xanəndələrin oxumalarını dinləyər, məclis dağılandan sonra sözlərini bilməsə də, musiqisinin ahəngini qavrayıb sevimli müğənniləri yamsılayardı. Çox çəkmir ki, kiçik Cabbarın da məftun dinləyiciləri tapılır. Uşaqlar qoyun-quzunu otaranda yeniyetmə xanəndəni oxudar, onu çılğınlıqla alqışlayardılar.

 

Xəstəlik

 

Cabbar get-gedə məşhurlaşırdı. Ancaq atası Cabbarın onun sənətinin davamçısı olmasını istədiyindən oxumağına razı deyildi. O dövrdə Cabbargilin qonşuluğunda Smirnov soyadlı bir həkim yaşayırdı. Həmin həkim Cabbarın xətrini çox istəyirdi. Cabbar xanəndəlik etmək üçün ona kömək göstərməyi həkimdən xahiş edir. Smirnov ona kömək edəcəyinə söz verir. Bu söhbətdən sonra Cabbar həkimin tapşırığı ilə özünü xəstəliyə vurur. Onun bir balaca naxoşluğu da vardı. Yemir, içmir, gündən-günə sınıxır. Atası Cabbarı həmin həkimin yanına aparır. Smirnov uşağı müayinə etdikdən sonra: "Oğlunuz vərəm xəstəliyinə tutulub. Bu qorxulu bir şeydir. Əgər ona oxumağa icazə verməsəniz, xəstəlik şiddətlənər və uşağınızı tez məhv edər.

Məşədi İsmayıl bu sözlərdən çox qorxaraq elə həmin gün oğlunun oxumasına icazə verir.

Bu hadisədən sonra Cabbar çoxdan arzu etdiyi xanəndəlik sənətinə qayıdır. O, yenə də məclislərin bəzəyi olur.

Bir gün məşhur tarzən Sadıqcan Cabbarı evinə qonaq dəvət edir. O, tarın müşaiyəti ilə gənci imtahana çəkir. Gənc xanəndə ustad sənətkarın verdiyi suallara bülbül kimi cavab verir. Bu hadisədən sonra gənc xanəndə Sadıqcanın rəhbərlik etdiyi ansamblın üzvü olur. 20 yaşına qədər Sadıqcanla peşəkar xanəndə kimi Qarabağın məclis və toy şənliklərində iştirak edir. Çox çəkmir ki, onun şöhrəti Gəncə, Şamaxı, Bakıya və daha uzaqlara yayılır.

1924-cü ildə məşhur rus şairi Sergey Yesenin Bakıya gəlir. O, dəfələrlə Cabbar Qaryağdıoğlu olan məclislərdə iştirak edir. Lirik şair Azərbaycan xanəndəsinin gözəl səsini eşitməkdən doymazdı. Bir gün də Əliheydər Qarayevin evində Sergey Yeseninin şərəfinə qonaqlıq verilir. Həmin qonaqlıqda Azərbaycan bolşevik firqəsinin Mərkəzi Komitəsinin birinci katibi S.M.Kirov, Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu və Ruhulla Axundov da iştirak edir. Bu qəbula Sergey Yeseninlə birlikdə dostu Bolovkin də gəlir. O zaman Bolovkin Tehrandakı Sovet səfirliyində komendant vəzifəsində çalışırdı. Yesenin də Bakıya qonaq gələndə Bolovkinin evinə düşərdi. Yesenini Cabbar Qaryağdı ilə də Bolovkin tanış etmişdi. Qaryağdıoğlunun zil, həm də təravətli səsi, xüsusilə uzun və sürəkli zəngulələri şairi vəcdə gətirmiş, heyran etmişdi...

Qaryağdıoğlu muğamın son guşələrini vurub qavalı yerə qoydu. Salonu alqış sədaları titrətdi. Rus şairi ovsunlanmışdı. O, sakit oturub nəyinsə xəyalında idi. Heç özü də bilmirdi ki, Qaryağdıoğlunu necə mükafatlandırsın. Yesenin Cabbarın şərəfinə bədahətən şeir deyir. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırır. Yesenin şeiri oxuyub qurtaranda Qaryağdıoğlu ayağa durur. O, şairə yaxınlaşıb gülümsər halda və ata məhəbbəti ilə deyir:

- Oğul, artıq qocalmışam. Düz 50 ildir xalqımın qədim mahnılarını toplayıb oxuyuram. Dünyada ən çox səcdə etdiyim şair tayfasıdır. Çünki şair çoxlarına məlum olmayan həyat sirlərindən xəbər verir. Oxuduğun şerin sözlərinin çoxunu anlamadım. Lakin inanıram ki, sən çox böyük şairsən. Mən də qoca bir sənətkar kimi sənin fitri istedadına baş əyirəm...

Qaryağdıoğlu gözləri yaşarmış halda bu sözləri deyib Yesenini ata məhəbbətilə qucaqlayıb bağrına basır. Yesenin isə təzəcə yazdığı şeirini ona verib bir daha: "Şərq musiqisinin peyğəmbəri"nə ifadəsini dilə gətirir.

Cabbar Qaryağdıoğlu hər oxuyanı da bəyənməzdi. O, Azərbaycan xanəndələri içərisində ən yüksək qiyməti Seyid Şuşinskiyə vermişdi. 1913-cü ildə Bakı milyonçusu Şəmsi Əsədullayevin qızının toyuna Tiflisdən dəvət olunan 24 yaşlı Seyid Şuşinski elə məharətlə oxumuşdu ki, Cabbar öz qiymətli qavalını ona bağışlamış və ağlamışdı. Məclisin yuxarı başında əyləşən 74 yaşlı Hacı Zeynalabdin Tağıyev Cabbar Qaryağdıoğluna müraciətlə:

- Cabbar kişi, Seyidə qavalı bağışladın, bu, çox xoşuma gəldi. Doğrudan da, Seyid gözəl oxudu. Bəs ağlamaq üçün?

Qaryağdı gözlərinin yaşını silib pərişan halda dillənir:

- Hacı, Seyidin oxumağı məni o qədər məftun etdi ki, sevindiyimdən özümü saxlaya bilməyib qəhərləndim. 40 ildir ki, xanəndəlik edirəm, mən hələ bütün Şərqdə burnunda oxuyan xanəndəyə rast gəlməmişəm. Bu muğam tarixində misli bərabəri olmayan ustalıq cəsarətdir. Mən muğam xəzinəsinin sirlərini yalnız Seyidin oxumağında dərk elədim. Seyid Şərq musiqisinin incisidir.

 

Səhnəmizin ilk Məcnunu

 

Xanəndənin sonbeşik övladı Şəhla xanımın xatirəsi:

- Atam 52 yaşında evlənmişdi. Bu evliliyin qəribə bir tarixçəsi olub. İçərişəhərdə anamı gözaltı edərək elçi göndərib. Lakin evi olmadığı üçün 15 yaşlı qızı ona verməyiblər. Atamın bəxti onda gətirir ki, İran şahı onu oğlunun toyuna dəvət edir. Atam İrandan çoxlu pulla qayıdır özünə 20 otaqdan ibarət ikimərtəbəli mülk tikdirir. Yalnız bundan sonra qızı ona verməyə razı olublar. Atam təbiətən çox mülayim xeyirxah adam idi. Anamı çox sevərdi. Heç vaxt hirsli, əsəbi səsini eşitməmişdim. Hamı ilə çox səmimi davranırdı. Evinin birinci mərtəbəsini yaşamaq üçün Əli Nəzmiyə vermişdi. Kirayə haqqı da götürmürdü. O, insanlara yaxşılıq etməkdən zövq alırdı.

Yemək içməyinə xüsusi fikir verərdi. Heç vaxt zavod çörəyi yeməz, anama südlü çörək bişirtdirər, özü ilə səfərlərə aparardı. Kökəlməkdən yaman qorxurdu. Hər gün kələm, kök qaynadıb yeyər, süd içər, dilinə spirtli içkilər vurmazdı. 84 yaşı olanda 20 yaşlı gənclərə xas olan zil ecazkar səsi vardı. Səsinin cilalanması xatirinə atam gec evlənmişdi.

Həmişə yanında olduğum üçün ona bəslənən hörmətin şahidiyəm. Heç yadımdan çıxmır: bir dəfə atamla Kommunist küçəsi (indiki İstiqlaliyyət küçəsi) ilə yol gedərkən Mircəfər Bağırov maşınını saxlatdırıb düşdü atamdan hal-əhval soruşdu. Sonra isə atamı maşına dəvət etdi. Azca yol getməyimizə baxmayaraq, atamla maşına oturduq. Yaxın yerdə düşdükdə mən atama: "Cabbar əmi, üçün bir az yolu maşına mindik" deyə uşaq marağı ilə soruşduqda, o: "Yaxşı deyildi qızım, o boyda adam maşından düşmüşdü. Əgər minməsəydik xətrinə dəyərdi"- dedi. Olurdu ki, bəzən siqar qəlyanını yaddan çıxarıb, dükan-bazarda qoyurdu. Amma özü evə gəlib çatmamış qəlyanını gətirirdilər.

Çoxları atamı xanəndə kimi tanıyır. Ancaq o, həm bəstəkar şair idi. Onun yaradıcılığı hələ yaxşı tədqiq olunmayıb. Cabbar Qaryağdıoğlu xanəndələrin oxuduğu yüzlərlə mahnının mətnini yazmışdı. O, eyni zamanda "Rast" "Segah" təsniflərinin müəllifi kimi məşhurdur. Atamın bəstələdiyi "İrəvanda xal qalmadı" mahnısı indi xanəndələrin dilindən düşmür. Cabbar Qaryağdıoğlu həmçinin səhnəmizin ilk Məcnunu olub. O zaman Üzeyir bəyin 12-13 yaşı ancaq olardı. Şuşada açıq səma altında göstərilən "Leyli Məcnun" tamaşasında Cabbar əmi Məcnunu oynayırdı. Üzeyir bəy onlara tamaşa etməyə gəlirdi.

 

Biganəlik

 

Sovet hökuməti qurulandan sonra Cabbar Qaryağdıoğlu öz mülkünü könüllü olaraq dövlətə təhvil verir. Amma paytaxtımızın keçmiş meri binanı şəhərin tərtibatına "xələl" gətirdiyi üçün sökdürüb yerini bir əcnəbi adamına satdırır. Bina sökülən vaxt Cabbar Qaryağdıoğlunun Əli Nəzminin xatirə lövhələri ayaqlar altına salınaraq parça-parça olur. Şəhla xanım çox yerlərə müraciət edir. Heç bir xeyri olmur. Binanı təmir etdirib yerində Cabbarın ev muzeyini düzəltmək əvəzinə böyük xanəndənin xatirəsini həmin məhəllədən amansızlıqla silirlər. Ecazkar musiqi beşiyinə dönən o ev beləcə dağılır yaddaşlarda əbədiləşən "Cabbar küçəsi", "Cabbar məhəlləsi"nə böyük xanəndənin deyil, Şeyx Şamilin adını verirlər.

Cabbar əmi ölümündən sonra özünə sənətinə layiq olan qiyməti almadı. Ancaq yaxşı ki, vaxtilə muğamda xaric oxumalara, musiqimizdə yad çalarlara dözməyən Cabbar Qaryağdıoğlu musiqimizin bu gününü görmədi...

 

 

Kaspi.- 2008.- 31 mart.- S. 12.