Nəsrin K.

                  

Sarı gəlin ağısının və ağrısının sirri

 

"Sarı gəlin" kimdir? Haralıdır? Mahnının yaranmasının səbəbi nədir? Mahnı harada yaranıb? "Sarı gəlin"ə qoşulmuş başqa mahnılar varmı? Mahnıdakı çoban kimdir? "Sarı gəlin" niyə sirrə dönüb və nə üçün oğurlanıb?  

"Sarı gəlin" öncə sevgiliyə, sonra vətənə, köçə, soyqırımına oxunan, ürəklər yaxan Ağıdır! "Sarı gəlin" balabanın, tütəyin, gözəllər gözəli bir gəlinin qəmli taleyini və onunla eyni zamanda üst-üstə düşən bir millətin - İrəvandan, Naxçıvandan Sarıqamışa, İqdıra, Ərzuruma zülmlə köçə məruz qalan azərbaycanlıların faciəsini əks etdirən musiqi yanğısıdır. "Sarı gəlin"in başına gələn müsibət bir təbiət hadisəsidirsə, millətimizə bu acıları, fəlakətləri yaşadan arxasında güclü, böyük dövlətlər duran ermənilərdir. Anaların, gəlinlərin kürəyinə qaynar samovar bağlayıb yallı oynadan, hamilə qadınların qarnında balalarını öldürən, körpələri süngüyə keçirən, ağbirçəklərin döşünü kəsən, bu etdiklərindən 100 il sonra Xocalı soyqırımı kimi vəhşi qətliamı törədən əli və vicdanı qanlı bir millət hansı ruhla bir qadına, bir sevgiliyə "Sarı gəlin" kimi ağı söyləyər.

Çox ağırdı, elə ağırdı ki, torpaqlarımızı işğal edən, tariximizi, mədəniyyətimizi oğurlayan, talan edən Kədərimizə, Ağımıza, Göz yaşımıza da göz dikib. Bundan o tərəfinə dözmək, bunu o şərəfsiz düşmənə sübut edə bilməmək ən yumşaq şəkildə desək acizlikdi, yazıqlıqdı.

Beş il öncə özümə söz verdim ki, "Sarı gəlin"i tapana qədər axtaracağam. Bu, ömrümün sonunacan davam etsə belə. Beş il ərzində ümumtürk mifologiyasını, folklorunu, etnoqrafiyasını, toponimikasını araşdırdım. Qalın-qalın dastanlarda "Sarı gəlin"i axtardım. Gedə bildiyim hər yerdə, görə bildiyim, güman etdiyim və hətta güman etmədiyim hər kəsdən, ağsaqqalardan, ağbirçəklərdən "Sarı gəlin"i soruşdum. Bütün araşdırmalar "Sarı gəlin"in vətəninin ana yurdumuz Azərbaycan olduğunu söylədi. Su qaynağından axar gedər, ağac kökündən su içər, ucalar - deyib babalarımız. Və mən var olan ağacın kökünü, suyun qaynağını - "Sarı gəlin"i tapdım.

"Sarı gəlin" kimdir? Haralıdır? Mahnının yaranmasının səbəbi nədir? Mahnı harada yaranıb? "Sarı gəlin"ə qoşulmuş başqa mahnılar varmı? Mahnıdakı çoban kimdir? "Sarı gəlin" niyə sirrə dönüb və nə üçün oğurlanıb?

Bütün bu sualların cavabını Azərbaycan xalq mahnısı "Sarı gəlin"nin hamı tərəfindən bilinən variantına və sonra 1905-1915, 1918-ci illərdə Naxçıvandan, İrəvandan Şərqi Anadoluya köç edən və mahnını özləri ilə oraya aparan Azərbaycan türklərindən topladığım "Sarı gəlin" mahnısının digər variantlarına və bayatılara və Azərbaycan xalq mahnısı Sara gəlinə yazılmış, əksəriyyətimizə məlum olan "Apardı sellər Saranı" mahnısının hər iki variantının sözlərinə diqqət etsək, onları müqayisə və təhlil etsək, taparıq və əslində, sirr deyə bir şeyin olmadığını görərik.

 

"Sarı gəlin"

 

Saçın ucun hörməzlər,

Gülü qönçə dərməzlər

Sarı gəlin.

Bu sevda nə sevdadır,

Səni mənə verməzlər,

neynim, aman-aman,

neynim, aman-aman,

Sarı gəlin.

 

Bu dərənin uzunu,

Çoban, qaytar quzunu,

quzunu,

ola bir gün görəm

Nazlı yarın üzünü,

neynim, aman-aman,

neynim, aman-aman,

Sarı gəlin.

 

Aşıq ellər ayrısı,

Şana tellər ayrısı,

Bir gününə dözməzdim

Oldum illər ayrısı,

neynim, aman-aman,

neynim, aman-aman,

Sarı gəlin.

 

"Sarı gəlin"

 

II variant

 

(Türkiyə Cümhuriyyəti, İqdır elinin Hakveys köyündən Gülüm nənənin dilindən yazıya almışam. 1915-ci ildən Arpaqaladan (indiki Şərur rayonunun Oğlanqala kəndindən köç ediblər)

 

Ərzurum çarşı bazar,

Sarı gəlin aman,

İçində qızlar gəzər,

Neynim, aman-aman,

Sarı gəlin, aman.

Qızların gözəlləri

Sara balama bənzər

Oy nənən ölsün,

Sarı gəlin, aman,

neynim, aman-aman,

Sarı gəlin, aman,

Sona yarım.

 

Sarı gülüm, Saram vay,

Sarı gəlin aman,

İrinləyib yaram vay,

Neynim, aman-aman,

Sarı gəlin, aman.

Qırmızım qan ağlayır,

Çiçək açıb qaram vay,

Oy nənən ölsün,

Sarı gəlin, aman,

neynim, aman-aman,

Sarı gəlin, aman,

Sona yarım.

 

 

"Sarı gəlin"

 

III variant

 

(Mahnını İqdır elinin Alican köyündən Yallı nənənin dilindən yazıya almışam. 1918-ci ildə Uluxanlıdan köç ediblər.)

 

Ərzurumda qala var,

Başımızda bəla var

Sarı gəlin, aman,

Saramı selə verdim

Balalı ölən bala vay.

Ay nənən ölsün,

Sarı gəlin, aman,

neynim, aman-aman,

Sarı gəlin, aman,

Sona yarım.

 

Ərzurum, qalanı neynim,

Dərdnən qalanım neynim

Sarı gəlin, aman,

Qəribliyə alışdım

Seldə qalanı neynim?

Ay nənən ölsün,

Sarı gəlin, aman,

neynim, aman-aman,

Sarı gəlin, aman,

Sona yarım.

 

Darağı teldə qaldı,

Sorağı eldə qaldı,

Sarı gəlin, aman,

Sel savurdu bağımı,

Qonçası güldə qaldı.

Ay nənən ölsün,

Sarı gəlin, aman,

neynim, aman-aman,

Sarı gəlin, aman,

Sona yarım.

 

Bayatılar

 

(Söyləyən Naxçıvan MR-in Sədərək kənd sakini Səriyyə nənə)

 

Mən aşıq çarxı dönə,

Fələyin çarxı dönə,

Sarı balam qurtula

Arpaçay arxa dönə.

 

Arpaqalam, keçmənəm,

Bu sərgərdan köç mənəm,

Suyun zəmzəmə dönsə

Arpaçayı, içmənəm.

 

 

Sarıqamış bayatıları

 

Sarı balam, sararam (saralmaq, solmaq),

İtirmişəm, araram,

Sanma ki, unutmuşam

Hər gələndən soraram.

 

Bir at mindim başı yox,

Bir çay keçdim daşı yox,

Arpa, netdin Saramı?

Məzarı yox, daşı yox.

 

Ah etdim dilim yandı,

Tüpürdüm kilim yandı,

Mən kilimə yanmıram

Sularda gülüm yandı.

 

Aşıq der Sarı yardan,

Su gəlir Sarıyurddan,

Fələk, gözün kor olsun

Ayırdın yarı yardan.

 

Apardı sellər Saranı

 

(Azərbaycan xalq mahnısı)

 

Arpa çayı aşdı, daşdı,

Sel Saranı aldı qaçdı.

Ala gözlü, qələm qaşlı

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.

 

Gedin deyin Xan çobana,

Gəlməsin bu il Muğana,

Muğan batıb nahaq qana

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.

 

Arpa çayı dərin olmaz,

Axar sular sərin olmaz,

Sara kimi gəlin olmaz

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.

 

II variant

 

Güzgü daraq irəfdədi,

Hər biri bir tərəfdi,

Sara gedən bir həftədi

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.

 

Düyünü tökdüm qazana,

Qaynadı qaldı azana,

Əlac yox Tanrı yazana

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.

 

Atlı yaraq çıxıb düzə,

Bıçaq batsın yaman gözə,

Aşıq gərək dərdə dözə

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.

 

Arpa çayı məni aldı,

Apardı dəryaya saldı,

Çilovdarım dalda qaldı

Apardı sellər Saranı

Bir ala gözlü balanı.

 

"Sarı gəlin" yallısı

 

Şərur rayonunun Qarabağlar (indiki Kəngərli rayonunun inzibati ərazisi) kəndində indi də toylarda oynanan "Sarı gəlin yallısı"nın (toplayan Ə.Əsgər) adı nədənsə sovet dövründə hansı məqsədləsə dəyişdirilib "İki ayaq" adlandırılıb.

 

"Sarı gəlin" və "Apardı sellər Saranı" mahnılarını müqayisə etsək, bir mahnının açmasının digərində olduğunu görərik.

 

Saçın ucun hörməzlər...

 

Əski türk inanclarına görə, saçı uca qədər hörməzlər və hörüb düyün vurmazlar. Onda qara güclər saçda toplanar, sahibinə bədbəxtlik gətirər. Qədim Göytürk adətlərinə görə, qızlar, gəlinlər, dullar, qarılar fərqli hörüklər hörərmişlər ki, tanınsınlar. Oğuzlarda bu özünü daha qabarıq göstərir. Türklərin içində oğuzlar paltar tikərkən sapı düyünləməkdən belə çəkinərmişlər. Bununla işlərinin düyünə düşəcəyinə, yaxşı getməyəcəyinə inanarmışlar. Oğuzlarda qızlar bir hörük hörərmişlər - yəni təkəm, subayam. Gəlinlər iki hörüklü olmaqla ailəli olduğunu, övladı olmayan dul qadınlar başın təpəsindən saçın üst qismini hörüb gətirib boyunun ardında saçın qalan hissəsi ilə tək hörük hörərmişlər. Övladı olan dullar saçın qabaq hissəsindən tağ açıb saçın hər iki tərəfindən yuxarıdan iki hörük hörüb aşağıdakı saça birləşdirərək hər iki hörüyü aşağıyacan uzadarmışlar. Qarılar saçlarını hörüb başlarına loluqlayarmışlar, yəni sarıyarmışlar. Həddindən artıq gözəl qızlar çoxsayda (40-a qədər) hörük hörərmişlər. Bu cür çox hörüklünü görən bilərmiş ki, o qızı sevən çoxdur və qız özü kimi bəyənərsə, ona ərə gedər, yəni bu qızı almaq çətin məsələdir. Heç bir hörük hörmədən saçı açıb kürəyə tökmək yüngül əxlaqlılıq sayılırmış.

 

Gülü qönçə dərməzlər...

 

Qönçə Sarı gəlin deyil, Gəlinə qönçə deməzlər. Burada söz güldən və qönçədən gedir. Cavab mahnının digər variantındadır. "Sel savurdu bağımı / Qönçəsi gülə qaldı". Gül Sarı gəlindi. Qönçə isə uşağıdır. Bunun bir cavabı da həmin varinatdakı birinci bəndin dördüncü "Balalı ölən bala vay" misrasındadı. "Gülü qönçə dərməzlər" deməklə sanki fələyi tənbehləyir, yəni balalı hamilə anaya qıymazlar - deyib ediləyir. "Çoban, qaytar quzunu" misrası da maraqlıdı. Buradan bir sual ortaya çıxır: Çoban quzunu niyə qaytarsın? Cavab "Apardı sellər Saranı" mahnısındadı. "Gedin, deyin Xan çobana, / Gəlməsin bu il Muğana, / Muğan batıb nahaq qana, Apardı sellər Saranı". "Sarı gəlin"in hər kəsə məlum olan az oxunan üçüncü bəndində deyilir: "Aşıq ellər ayrısı, / Şana tellər ayrısı, / Bir gününə dözməzdim, / Oldum illər ayrısı, / Sarı gəlin." "Apardı sellər Saranı" mahnısının ikinci variantının birinci bəndində eyni fikir təkrarlanır. "Güzgü, daraq irəfdədi, / Hər biri bir tərəfdədi, / Sara gedən bir həftədi... ;" "Sarı gəlin" mahnısının üçüncü variantında da eyni fikir, eyni ifadələr, sözlər var. "Darağı teldə qaldı, / Sorağı eldə qaldı." Burada da eyni əşyalardan söhbət gedir. Demək ki, mövzu eyni mövzudur. "Sarı gəlin" mahnısının ikinci variantının birinci bəndində Saranın adı çəkilir. "Qızların gözəlləri Sara balama bənzər". Bu bənd Sarı gəlinin - Sara gəlinin anasının, nənəsinin dili ilə oxunur. Mahnının ikinci variantında açıqca "Sarı balam, Saram vay" deyib, sızlayır.

Üçüncü variantdakı birinci bənd də "Ərzurumda qala var, / Başımızda bəla var, / Saramı selə verdim, / Balalı ölən bala vay" deyib sızlayır, başlarında olan bəla üzündən (erməni zülmündən) Ərzurum qalasına sığındıqlarını söyləyir, digər tərəfdən də selə verdiyi Sara balasını ağlayır. Demək ki, Sara dərdi təzədi, köhnəlməyib, unudulmayıb. Bayatılar da Sara ilə Sarının eyni adam olduğunu isbatlayır. "Sara balam qurtula, / Arpaçay arxa dönə, / Arpaqalam keçmənəm" misrasında adı çəkilən Arpaqala Şərur rayonunun indiki Oğlanqala kəndidi, Arpaçayının yaxınlığındadı. Bayatılardakı "Aşıq der Sarı yardan" misrasındakı Sarı Saradı. Burada dil dönməsi var. "Aşıq der Sara yardan" dili gücə salır. Məsələn, Sədərək ləhcəsində "Apardı sellər Saranı" deyil, "Apardı sellər Sarıyı" oxuyurlar. Burada səs dəyişikliyi var. Məsələn, Banu-Banı, Xatun-Xatın, Lalə-Lala kimi. Əski türkcədə qara böyük deməkdi. Qarı da ona yaxın sözdü. Qarı həm yaşlı qadın mənasındadı, həm də qarı düşmən - əski, böyük düşmən anlamındadır. Bu, İrəvan və Şərqi Anadolu ərazisinin də ləhcəsidi.

 

***

 

"Aşıq der Sarı yardan, / Su gəlir Sarıyurddan" misrasındakı Sarı yar Sarı gəlin, Sarıyurd isə Şərur rayonunun Sarıxanlı (indiki Sərxanlı) kəndidi və həmin kənd Arpaçayının yaxınlığındadı. Sarı gəlinin Sarıxanlıdan olduğu, Muğanlıya gəlin getdiyi (Yallı nənənin dediyinə görə) söylənilir. Muğanlı və Sərxanlı bir-birinə yaxın kəndlərdi və Arpaçayının ətrafındadı.

Sovet dövründə "Apardı sellər Saranı" mahnısının tədqiqində böyük və yalan bir hekayə uydurublar. Guya çobanın həyat yoldaşı Saraya xanın gözü düşüb, buna görə də Sara özünü Arpaçayına atıb. Heç bir ana qarnındakı balası ilə birlikdə özünə qəsd etməz. Bu bəyləri, xanları gözdən salmaq, ləkələmək üçün uydurulmuş alçaq bir bolşevik hekayəsidi. Və burada mütləq erməni barmağı var. Əgər belə olsaydı, "Apardı sellər Saranı" mahnısının sözlərində buna rast gələrdik. Mahnıda bu haqda kiçik bir işarə belə yoxdur. Arpa çayının ətraf kəndlərində soruşduğum yaşlıların heç biri bunu təsdiq etmədilər və başqasının gəlininə aşiq olmağın bizim milli xüsusiyyətlərimizlə uyğun gəlmədiyini söylədilər. Mahnıda Saranın öz dili ilə deyilir: "Arça çayı məni aldı,/ Apardı dəryaya saldı..."

Sovet ədəbiyyatı çobana nökər gözü ilə baxıb, onu proletarlaşdırmaq istəyib. Ancaq ümumtürk ədəbiyyatında, düşüncəsində, folklorunda çobana münasibət başqadır. Əski türk inancına görə, çoban qoyunların himayəçisidi, qoruyucusudu. Göydəki ulduzlardan birinə çoban ulduzu adını vermiş, çölün bir çiçəyini çobanyastığı etmiş, pendirlə yeyilən ən ətirli çöl göyərtisinə çobankirpiyi demiş, yeməklərimizdən birinə çobanaşı, dürməyin böyüyünə və dadlısına çobandürməyi söyləmişdir. Bir zamanlar çoban rütbələri də olub - Xançoban, gədə (kiçik) çoban və s. Əski çağda çoban adına nəğmələr qoşulan, sayası sözləri söylənən birisiydi. Çobanlarla əlaqəli çoxlu nağıllar, məsəllər var. Çoban təkcə qoyun-quzunun yağın, pendirin, südün, ətin və çölün sahibi deyildi, çoban həm də bir növ bəstəkardı, musiqiçi idi. Çoban haradasa tütəyi yaradan, onu ifa edən və sürüsünə tütəyi ilə təlim verən kəsdir. Türklərdə heyvanlarla musiqi ilə ünsiyyət qurmaq, onların xəstəliyini musiqi ilə sağaltmaq ("Koroğlu" dastanı) lap qədim çağlarda mövcud olub. Heyvanların sağımı belə, sağıcının zümzümə etdiyi musiqinin müşayiətilə olub. Bu, heyvanı hipnoz edirmiş və heyvan həm hərəkət etmirmiş, həm də çoxlu süd verirmiş.

"Sarı gəlin" və "Apardı sellər Saranı" mahnıları nəfəs alətləri - balaban, ney, tütək, zurna ilə ifa olunan mahnılardır. "Kitabi Dədə Qorqud" dastanında zurna, boru, nağara və s. musiqi alətlərinin adı çəkilir. Məsələn, "Beyrək qalqdı, qızlar yanına vardı. Surnaçıları qovdı, naqaraçıları qovdı", "Gumbur-gumbur naqaralar dögildi. Burması altun tuc borular çalındı...."

Zurna (zur-nay), balaban və s. qədim çalğı alətlərimizə də sahib olmaq istəyən ermənilər yallılarımızı da özününküləşdirir. "Sarı gəlin", "Apardı sellər Saranı" mahnılarının və "Sarı gəlin yallısı"nın nəfəs alətləri - balaban, tütək, zurna ilə ifa edilməsi də təsadüfi deyil. Çoban Sarı gəlinin - Saranın həyat yoldaşıdı. "Sarı gəlin"in musiqisinin ilkin yaradıcısının məhz onun olması məntiqəuyğundur. Və bu da bir həqiqətdir ki, Azərbaycanda təkcə Şərurda indi də toy şənliklərini zurna-balabansız, yallısız təsəvvür etmək mümkün deyil. Necə ki, muğam musiqimiz daha çox Qarabağ bölgəmizə xasdırsa, yallı da Şərura xas milli musiqi və rəqsdir.

Türk mifologiyasında, türk folklorunda söz kodlaşdırılıb, şifrələnib. "Sarı gəlin" mahnısının sonundakı "Sona yarım" sözü də sellərin apardığı Saranın məhz Sarı gəlin olduğunu işarə edən şifrədir. Sona su quşudu. Aşıq ədəbiyyatımızda su sonasına bənzədilərək qızlara çoxlu nəğmələr qoşulub. "Sarı gəlin"ə nə üçün boş-boşuna "Sona yarım" deyilsin? Sel apardığı üçün "Sona yarım" yəni Sonaya dönüb sularda itən yarım anlamını daşıyır. Nə çox nağıl, rəvayət və əfsanələrimizdə qaranquşa, göyərçinə, durnaya, marala, ceyrana "dönən" gəlinlərimiz var. Bu düşüncələrin alt yapısında şamançılıq dayanır. Dini dünyagörüşlər dəyişdikcə, əski formalar da çağımıza dəyişilərək gəlib. Və şamançılığın ermənilərlə heç bir əlaqəsi yoxdur.

"Sarı gəlin" mahnısı Arazın o tayında azərilərin yaddaşında yaşadılırdısa, bu tayında - Sovet Azərbaycanında köçdən, soyqırımından danışmaq qadağan edilmişdi. Deportasiya, repressiya köhnə köçün və soyqırımın davamı idi. Azərbaycan torpaqlarına yerləşdirilən dil, tarix, mədəniyyət baxımından çılpaq ermənilər türkün nəyi varsa geyinməyə başladı, eləcə də "Sarı gəlin"i.

 

Bir at mindim başı yox,

Bir çay keçdim daşı yox,

Arpa, netdin Saramı?

Məzarı yox, daşı yox.

 

Buradan bəlli olur ki, başı olmayan at-qayıq, sal kimi sudan keçə bilmək vasitəsidi. Onunla daşı olmayan çayı-Arazı keçiblər. Burada da həm köçdən, həm də Saranın taleyindən bəhs edilir. Sarı gəlinin - Sara gəlinin başına gələnlər ananın, sevgilinin, xalqın, bəzən də gəlinin öz dili ilə söylənir. "Oy nənən ölsün", "Neynim, aman-aman" misraları ağıdı, ediləmədi. Saraya sarı deyilməsi isə onun sarı rəngdə olmasından da qaynaqlana bilər. "Bir alagözlü balanı" misrası bizə alagözlü adamların əksər hallarda açıq rəngli olduğunu söyləməyə haqq verir. Hayklar mahnını öz dillərində oxuyub sonunda "Sarı axçi" deməklə sarı sözünün də onlara aid olduğunu iddia edirlər. Mahmud Kaşğarinin "Divani Lüğət-t-Türk" kitabında (çevirən Besim Atalay) "sarı" əşyaya "sarıq", tünd sarı əşyaya "sap sarıq" (səh.329) deyilir. Sarı sözü "Kitabi-Dədə Qordud" dastanında "Salur Qazanın evinin yağmalanması boyu"nda İlək oğlu Sarı Qalmaş, "Basatın Təpəgözü öldürdüyü boy"da Qonur qoca oğlu Sarı Çoban, "Qazlıq qoca oğlu Yeynək boyu"nda Savqan Sarı kimi insan adlarıdırsa, "Qanlı qoca oğlu Qanturalı boyu"nda sarı burada Sarı donlu Selcan Xatının paltarının rəngidi.

Azərbaycanda sarı sözünə yüzlərlə hidronim, oykonim, oronim, toponimlərdə rast gəlmək olar. Və min il bundan əvvəl türk etnosları olan kumanlar Orta Asiyadan Avropaya köç edərkən Sarılar da Amerikaya köç ediblər. Amerika yerlilərindən Sarılar, Sarı el qəbilələrini buna misal göstərmək olar.

Arpa çayının adına gəlikdə isə qaynaqlardan çox misallar çəkmək olar. Fahreddin Kırzıoğlu Arpa çayı adının "Arpalu" adlı oymaqdan aldığını və Naxçıvanla Qars arasındakı Arpa çayına Səlcuqlulardan əvvəl Kəngərli sancağına adını verən Arpalı boyundan olduğunu yazır. Qədim bir mifimizdə də buğda və arpanın Oğuza Tanrı tərəfindən verildiyi deyilir.

"Apardı sellər Saranı", "Sarı gəlin" mahnısının digər variantları, "Sarı gəlin yallısı", bayatılar öz varlıqları ilə "Sarı gəlin" mahnısının faktlarla Azərbaycana məxsus olduğunu bir daha sübut edir.

"Sarı gəlin" sevgiliyə, övlada, köçə, soyqırımına oxunan Ağıdı. "Sarı gəlin" həm Arpa çayından gileylənən, həm də Arpa çayından ayrıldığı üçün ona həsrət mahnıları qoşan bir millətin Ağısıdı. Bu ağı Xocalı soyqırımı üçün də səsləndi. Eyni musiqi eyni zülmü, eyni kədəri müşayiət etdi.

"Sarı gəlin" Sarı donlu Selcan Xatından, "Çora Batır" dastanındakı öz vətənini ruslardan qoruyan Kazan xanı Cibali xanın qızı Sarı Xatından, şərurlu Sarı xanın (Şeruk xanın) qızı işığa aşiq olan, işıqdan Su oğlan doğan Sarı qız mifindən başlayıb gələn Sarıqamışda minlərlə şəhid verən, köçə məcbur edilərkən Araza tökülən və Xocalı qətliamı ilə davam edən azərbaycanlıların musiqiyə dönmüş hekayəsidir. "Sarı gəlin" Arpa çayının apardığı "Alagözlü, qələm qaşlı" Sara gəlindi.

... Başımıza gələnlər boş-boşuna deyil. Millətimizə, Vətənimizə, Dilimizə, Adlarımıza, Özümüzə, Bir-birimizə olan laqeydliyimizin, biganəliyimizin Cəzasıdı. Heç bir cəza əbədi deyil. Cəzadan azad olmaq öz əlimizdədi. Bu gün bizim Tanrının köməyinə, Mifin köməyinə ehtiyacımız var. Biz istəsək, onlar bizə kömək edər.

 

Kaspi.- 2008.- 19 mart.- S. 12-13.