Samirə

 

Moskva Filarmoniyasının ilk "Müəllif!"i Fərəc Qarayev oldu

 

Moskva Filarmoniyasının Kamera zalının "Avtora!" ("Müəllif") adlı yeni abunəsi açılıb. Layihənin rəhbəri, Moskva Müasir Musiqi Ansamblının direktoru Viktoriya Korşunovanın sözlərinə görə, bu ideya nəinki müasir musiqinin panoramını əhatələyir, həm bəstəkarı əsas simaya çevirir. Axı hələ 1990-cı illərdə E.Denisovun A.Şnitkenin konsertləri kamera zallarının yox, çox böyük konsert salonlarının dinləyici ilə dolmasını təyin edirdi. "Müəllif!" layihəsində filarmoniya konsert tərzi ilə müəlliflə görüş üslubu çox üzvi şəkildə uzlaşıb: konsertə gələn dinləyicilər diskussiyalarda fəal iştirak edə bilərlər. Layihənin hər konserti bu ya digər müəllifın yaradıcılığına həsr olunmaqla, eyni zamanda onun müəllimlərinin, həmkarlarının, tələbələrinin yaradıcılığını təqdim etməyi nəzərdə tutur.

Önəmli cəhətlərdən biri odur ki, "Müəllif!" abunəsinin ilk konserti Fərəc Qarayevin musiqisinə həsr olunub. Azərbaycan bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biri olan F.Qarayev artıq bir neçə ildir Moskvada yaşayıb-yaradır. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Müasir Musiqi Assosiasiyasının üzvü olan F.Qarayevin layihə çərçivəsində moskvalı musiqisevərlərə təqdim etdiyi dairəyə atası və ilk müəllimi, dahi Qara Qarayevin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında dərs dediyi vaxtlardan istedadına bələd olduğu Elmir Mirzəyevin, həmkarları Alfred Şnitke və Vladimir Tarnopolskinin musiqisi daxildir. Beləliklə, Rusiya informasiya mənbələrinin yazdığına görə, konsertdə Prokofyev və Şostakoviçdən üzübəri heç bir bəstəkar tanınmayan dinləyicilərə Qara Qarayevin 19 yaşında ikən bəstələdiyi və geniş dinləyici auditoriyasına az tanış olan "Tsarskoselskaya statuya" ("Çar kəndinin heykəli") əsəri təqdim edildi. Fortepiano üçün bəstələnmiş bu əsər F.Qarayevin versiyasında fleyta, klarnet, skripka, violonçel və nəhayət, fortepianoda ifa olundu. Konsertdə müasir musiqi həvəskarları arasında çox populyar olan F.Qarayevin "Cənab Bilayn - ekssentrikdir, yaxud Siz hələ də sağsınız, cənab nazir???!!!" istehza və zarafat dolu əsəri də ifa olunub. F.Qarayev bu bəstəsini musiqinin özünə, müəllifə və dinləyiciyə lağ etməsi kimi izah edir. Nazir obrazına gəldikdə isə bəstəkar təkcə onu qeyd edib ki, söhbət hansısa rusiyalı nazirdən getmir. Qeyd edək ki, sözügedən əsərində Debüssinin prelüdlərindən birinin adını parodiya edən F.Qarayev onun caza yaxın musiqi formalarından da yan ötməyib.

 

Həftə içi.- 2008.- 15-17 mart.- S. 8.