Sevda
Bizim
dövrdə toylara xanəndəni dinləmək
üçün gəlirdilər
Xalq
artisti Əlibaba Məmmədov hesab edir ki,
toylarda oynamaq və şənlənmək
lazımdır, amma dərəcəsində
Mətbuat səhifələrində
az görünən
Xalq artisti, xanəndə Əlibaba Məmmədov əgər
qismət olsa, geniş müsabihəsini
iki ildən sonra, 80 illik yubileyi ərəfəsində
verəcəyini söylədi.
Ömrünün 60 ilini
sənət fəaliyyəti
ilə bölüşən
xanəndə "Kaspi"yə
kiçik müsahibəsində
bəzi məqamlara aydınlıq gətirdi:
- Sizin
daha çox Bakı toylarında püxtələşdiyiniz deyilir.
Lakin indiki toylara bir qədər dırnaqarası baxırlar.
- Çünki ənənələr dəyişib.
O vaxt çıxış
etdiyimiz böyük məkan Filarmoniyanın səhnəsi idi. Eyni zamanda toylara şöhrətli, səsi
mikrofonsuz rahat eşidilən xanəndələr
dəvət alırdılar.
Toya oynamaq üçün yox, xanəndəni dinləmək üçün
gəlirdilər. Bizim oxuduğumuz
toylarda insan əlindən yer olmurdu. Saatlarla oturub dəsgahları
dinləyirdilər. İndiki gənclərin
tələbatını başa
düşürük, amma
hərdən bu istək bizi ənənələrimizdən uzaqlaşdırır. Toyda oynamaq,
şənlənmək lazımdır,
amma dərəcəsində.
- Siz
həm xanəndə,
həm bəstəkar,
həm də mahnı mətnlərinin müəllifisiniz. 45-50 yaşı olan 100-dən çox mahnınız dillər əzbəridir.
Amma özünüzü yalnız
xanəndə adlandırmısınız.
- Çünki özümü xanəndə
kimi professional hesab edirəm. Düzdür, bəstələrimin əsrlərlə yaşayacağına
inanıram. Amma özümü
bəstəkar, şair
adlandırmaq niyyətində
olmamışam. Çünki insan bir peşəni
mükəmməl bilməlidir.
- Mahnılarınız
tədrisə daxil edilib?
- Dəfələrlə
bu barədə müraciətlər almışam.
Amma əvvəllər tərəddüd
edirdim, çünki qeyd etdiyim kimi,
özümü bu sahədə bilici hesab etmirəm, həvəskaram. Lakin artıq
dövlət bunun marağındadır. Bu qənaətə gəlmişik
ki, 14 təsnifim tədrisə daxil edilsin. Hazırda bu istiqamətdə iş görülür, təsniflər seçilir.
Amma bundan öncə həmin təsniflər notlaşdırılmalıdır. Çünki musiqi əsərləri
yalnız xanəndənin
ifasında səsləndirilmir,
eyni zamanda musiqi alətlərində
ifa olunması üçün onun nota salınması vacibdir. Sonrakı mərhələdə dərs vəsaitinin hansı musiqi məktəblərinə verilməsi
məsələsinə baxılacaq.
- Eşitdiyimizə
görə, külliyyatınız
da çapa hazırlanır və 80 illik yubileyinizdə təqdim olunacaq?
- Bu barədə
məlumatım yoxdur.
Ola bilsin bu işlə
kimlərsə məşğuldur,
amma mənə informasiya verilməyib.
Bir neçə gün öncə 78 yaşım
tamam oldu. Dostlarımın əhatəsində qeyd etmişik. Ad günü həvəskarı
deyiləm. Amma yubileyimin,
Allah qismət etsə,
yüksək səviyyədə
keçirilməsini özüm
də arzulayıram.
Çünki 80 il yaşamaq, hər insana, xüsusi ilə sənət adamlarına qismət olmur. Pis-yaxşı xalqıma 60 ilə
yaxın xidmət etmişəm. Bu da az göstərici
deyil.
- Ən vacibi isə muğamın çiçəklənmə dövrünü
görmək sizə qismət oldu.
- Siz məni qabaqladınız.
Heyif ki, bu günü
muğamın inkişafında
böyük xidmətləri
olan Xan Şuşinski, Seyid Şuşinski, Hacıbaba
Hüseynov görə
bilmədilər.
- Muğamı
hər səsi olan oxuya bilər?
- Əsla
yox. Bunun üçün də ayrıca istedad lazımdır.
İnsanda səslə yanaşı,
zövq, ürək, mənimsəmə bacarığı
mütləq hesab olunur. Son 4-5 ildə 100 nəfərdən
çox xanəndəyə
dərs demişəm,
amma onların arasından 5-10 xanəndə
ancaq çıxır.
Əgər hər səsi
olan xanəndə olsaydı, ordunun ucu-bucağı görünməzdi.
Belə olmağını arzulamıram,
çünki sənət
sanballılığını itirərdi.
Kaspi.- 2008.- 8-11 mart.- S. 17.