Şükufə

 

"Azərbaycanlı  maestro"nun möhtəşəm uğuru

 

Xalq artisti, xaricdə "Azərbaycanlı maestro" kimi tanınmış görkəmli bəstəkar Firəngiz Əlizadənin möhtəşəm sənət nailiyyətləri sırasına daha bir əsər də əlavə olundu.

Bu yaxınlarda Firəngiz Əlizadənin xarici premyeralarla zəngin yaradıcılıq bioqrafiyasına yeni bir parlaq səhifə yazıldı. İtaliyanın paytaxtı qədim Romanın möhtəşəm Müasir İncəsənət Mərkəzində F.ƏIizadənin bəstəkarı olduğu "Al-Kamandjati" musiqili-dram tamaşasının premyerası böyük müvəffəqiyyətlə baş tutdu. "Gözəllik dünyanı xilas edəcək, şər isə onu məhvə aparacaq" - dahi rus yazıçısı F.Dostoyevskinin hər dərddən qurtuluş yolu kimi yalnız ilk cümləsi daim sitat gətirilən məşhur kəlamı, əslində tam halında, bəşəriyyəti gözləyən iki əks sonluğun mahiyyətini yığcam olduğu qədər də qabarıq açıqlayır. Bəs görəsən, hansı qüvvə qalib gələcək? Gözəllik, sevgi və mərhəmətdən yoğrulmuş xeyir, yoxsa nifrət, yalan və təcavüzlə dolu şər?

Avropanın mədəniyyət aləmində, mətbuat səhifələrində geniş əks-səda doğurmuş adı çəkilən tamaşa, məhz bu dilemmanın həlli yollarını arayıb-axtarır. Kökləri tarixin dərinliklərinə gedib çıxan, indi də daim aktual olub, insanlığı vaxtaşırı göynədən bir mövzunu - İsrail-Fələstin qarşıdurmasını gündəmə çıxaran tamaşanın elə adında - "Al Kamandjati", yəni "Skripkaçı" - artıq əsas ideyanı sezmək mümkündür. Musiqinin nəhəng təsir qüvvəsi ilə qəlbi saflaşmış insan obrazı, bütövlükdə isə ən ülvi və zərif sənət - Musiqi tamaşanın əsas qəhrəmanıdır. Onun sındırılmış, nifrətin kök saldığı incik qəlblərə məlhəm olmaq qüdrəti bütün tamaşa boyu inandırıcı vasitələrlə təcəssümünü tapır. Tamaşa real, olmuş hadisələr üzərində qurulub. Onun ən maraqlı və qeyri-adi cəhəti isə burada bilavasitə hadisə iştirakçılarının özlərinin oynamasıdır. Onilliklər öncə, ilk İsrail-Fələstin münaqişəsi zamanı taleyin hökmü ilə rastlaşmış israilli jurnalist Amina Haas (tamaşanın ssenarisi də ona məxsusdur) və fələstinli Ramzi Abduredvan başlarına gələni özləri nəql edirlər. Ramzinin taleyində onun vaxtilə dünyanın bütün mətbuat səhifələrini dolaşmış bir fotoşəkli dönüş anı olur. Həmin fotodan dünyaya 10 yaşlı, əlində iri bir daş tutmuş fələstinli qaçqın uşağı, dişlərini qıcırdaraq nifrətlə baxırdı. Uşağın üzündəki ifadə bütünlüklə fələstinlilərin - torpaqlarından kəndbəkənd, küçəbəküçə, evbəev qovulan insanların dəhşətli faciəsinin, bu faciənin doğurduğu hədsiz qəzəbin simvoluna çevrilmişdi. Fotoşəkildəki uşağın taleyi ilə maraqlanmağa başlayan ilk İsrail jurnalisti Amina Haas heç nədən qorxmadan qaçqın düşərgəsinə gedib Ramzinin babası ilə görüşür və onların başlarına gətirilən müsibətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırır. Balaca Ramzi ilə jurnalist Amina Haasın münasibətləri getdikcə möhkəm dostluğa çevrilir. Skripkada çalmağı öyrənən Ramzi Fransa konservatoriyasında məşhur ifaçı və pedaqoq Diel Barenboyumdan dərs alır. Beləliklə, musiqinin sehrli qüvvəsi ilə Ramzi qəlbini doldurmuş nifrət hissindən yaxa qurtarır.

2002-ci ilin oktyabrında məhz onun təşəbbüsü ilə "Al-Kamandjati" adı ilə xeyriyyə təşkilatı fəaliyyət göstərməyə başlayır, "AI-Kamandjati" tamaşasının müəllifləri məhz sənətin, mədəniyyətin xilasedici qüvvəsini qanlı qarşıdurmalardan nicat yolu kimi önə çəkirlər. "Yer kürəsinin müxtəlif guşələrində mədəniyyətlərin, sivilizasiyaların bir-birinə zidd gəlməsi şəraitində Firəngiz Əlizadənin əsərləri barışma rəmzi kimi çıxış edir" - bəstəkar haqqında çoxsaylı məqalələrdən birində vurğulanan bu fikir tamaşada da onun musiqisinin xüsusi bir missiya daşımasına dəlalət edir.

Qeyd edək ki, tamaşada F.Əlizadə musiqisinin ifasında çox tanınmış, virtuoz ifaçılar iştirak ediblər. Bu layihənin Avropanın müxtəlif şəhərlərində geniş nümayişi planlaşdırılır.

 

Bakı.- 2008.- 5-11 mart.- S. 3.