Aydınoğlu T.

 

Muğam dünyasının Arifi

 

Arif Babayev - 70

 

Musiqi incəsənətimizin özülü sayılan muğam sənəti görkəmli xanəndələrin bənzərsiz səsləri ilə zirvəyə ucalmışdır.Son bir əsrdə canlı klassikasını yaratmış muğam ifaçılığı Hacı Hüsü,Keçəçioğlu Məhəmməd, Malıbəyli Həmid, Əbülbağı Zülalov, Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Yaqub Məmmədov kimi xanəndələr və professional sənətkarlar yetişdirmişdir. Bu sırada ustad ifaçı və pedaqoq Arif Babayev də öz adı, üslubu və fəaliyyəti ilə seçilmiş, ümumxalq hörməti qazanmışdır. Onun istedadı və xidmətlərini dövlətimiz də yüksək qiymətləndirmişdir. Elə buna görədə ünlü sənətkarın anadan olmasının 70, ifaçılıq fəaliyyətinin 50 illiyi milli musiqimizin əlamətdar hadisəsi kimi ölkə miqyasında qədirbilənliklə qeyd olunur.

Arif Babayevin uzun illər çalışdığı, musiqi səhnəmizdə bir sıra unudulmaz rollar və ifalar yaratdığı Milli Opera və Balet Teatrında keçirilən yubiley mərasimi də növbəti muğam bayramına çevrildi.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təntənəli yubiley gecəsinin əvvəlində Xalq artisti, professor Arif Babayevin milli musiqi ifaçılığını zənginləşdirən, davamçıları üçün canlı məktəbə çevrilən yarım əsrlik sənət yolundan söz açdı. Yubilyarın orijinal ifaçılıq qabiliyyətinin, səhnə və pedaqoji fəaliyyətinin xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən söz açan nazir ulu öndər Heydər Əliyevin Arif Babayev sənətinə dərin rəğbətini xatırlatdı. O, Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli muğam ustasının "İstiqlal" ordeninə layiq görülməsini və dövlət başçısının bu günlərdə onu qəbul etməsini ölkənin musiqi həyatında mühüm hadisə kimi dəyərləndirdi. Natiq milli-mədəni irsimizi hərtərəfli himayə edən Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfıri, millət vəkili Mehriban Əliyevanın Arif Babayevin musiqi təşkilatçılığına və muğam sənətinin inkişafına töhfələrinə diqqət və sayğı ilə yanaşdığını da vurğuladı.

Mərasimin aparıcısı, bu günlərdə işıq üzü görmüş "Arif Babayev - 70" kitabının müəllifı, yazıçı-jurnalist Mustafa Çəmənli yubilyarın Azərbaycanın musiqi həyatındakı coxsahəli fəaliyyətini, onun bənzərsiz istedadını və şəxsiyyətini ətraflı səciyyələndirdi. O bildirdi ki, Azərbaycan musiqisini uzun illər yaxın-uzaq ölkələrdə də məharətlə səsləndirmiş Arif Babayev artıq türkdilli xalqların, dünya muğamsevərlərinin sevilmi sənətkarı kimi tanınır.

Gecədə nümayiş etdirilən "Arif Babayev - 70" sənədli filmində tamaşaçılar muğam ustasının həyat və fəaliyyətinin mühüm məqamlarını, sənət uğurlarını izlədilər. Habil Əliyev, Canəli Əkbərov, Afaq Bəşirqızı kimi tanınmış sənətkarların, Vasim Məmmədəliyev kimi muğam bilicilərinin video təbriklərində də Arif Babayev sənətinin məziyyətləri, onun yüksək insani keyfiyyətləri açıqlandı, xoş arzular ifadə olundu. Unudulmaz şairimiz Şahmar Əkbərzadənin Arif Babayevə həsr etdiyi şer aktyor Azad Şükürovun ifasında ustad sənətkarın bədii obrazı və sənətinin tərənnümü kimi səsləndi.

Arif Babayevin sənət dostları və yetirmələri olan Səkinə İsmayılovanın, Mənsum İbrahimovun, Nəzakət Teymurovanın, Aygün Bayramovanın, Mələkxanım Əyyubovanın, Cabir Abdullayevin, Gülüstan Əliyevanın, Feyruz Səxavətin, muğam musabiqəsi qaliblərinin ifa etdikləri muğamlar, xalq və bəstəkar mahnıları milli musiqimizin ucalığını və ülviyyətini nümayiş etdirdi, ustad sənətkara layiqli yubiley töhfəsi oldu.

Sonda "Şöhrət" və "İstiqlal" ordenli Arif Babayev sənətinə verilən yüksək qiymətə, milli musiqimizi hərtərəfli himayəyə görə dövlət başçısı İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirdi. Yubilyar musiqisevərlərə və pərəstişkarlarına, gecənin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinə də səmimi təşəkkürünü çatdırdı, onu sənət zirvəsinə qaldırmış milli musiqimizin inkişafına bundan sonra da yorulmadan xidmət edəcəyini söylədi.

Mərasim görkəmli muğam ustasını Azərbaycana bəxş etmiş Qarabağ torpağının tarixi faciələrindən yoğrulmuş "Qarabağ şikəstəsi"nin sədaları ilə sonuclandı və Arif Babayevin doğulduğu torpağın düşməndən azad edilməsi diləyi kimi səsləndi. Muğam dünyasının Arifinə xalqımızın sevgisi, xoş arzuları bu mərasimdə də dönə-dönə ifadə olundu.

 

Xalq qəzeti.- 2008.- 14 mart.- S. 6.