Məhərrəmova T.

 

"Ömrümdən nə qaldı..."

 

Emin Sabitoğlu mahnılarında öz taleyini yazırdı

 

Belə bir məşhur fikir var: çox vaxt şairlərin, yazıçıların yazdıqları öz əksini onların taleyində tapır. Bu, Emin Sabitoğlunun mahnılarında da var idi. Sanki o, öz taleyini yazırdı. Onun mahnılarında qeyri-adi nostalyi, həzinlik, kədər və sevinc hissləri qəlblərə süzülürdü. Bu gün də o mahnıları eyni məhəbbətlə dinləyirlər. Bəstəkar bütün mahnılarını sevə-sevə yazıb. Ürəyinin ən zərif, kövrək duyğularına köklədiyi bu mahnılar milyonlarla ürəklərdə əbədilik ünvan tapıb. Emin Sabitoğlunun mahnıları ilə tanınıb sevilən Zeynəb Xanlarova, Akif İslamzadə, Mirzə Babayev, Flora Kərimova, Yalçın Rzazadə, Xədicə Abbasova kimi böyük bir müğənni nəsli var. Onlar Emin Sabitoğlunun mahnılarını sevə-sevə oxuyublar. O mahnıları dinlədikcə fikirləşirsən ki, bəstəkarın yaradıcılığının təlqinedici gücü onların qeyri-adi gözəlliyi ilə seçilən melodiyalarındadır. Bu melodiyalar nə qədər sadə, nə qədər yığcamdırsa, bir o qədər təsirli və cazibədardır.

Emin Sabitoğlu "Payız gəldi", "İnsaf da yaxşı şeydir", "Ala gözlüm", "Uzaq yaşıl ada" mahnılarını yazırdısa, "Ömrümdən nə qaldı bu vəfasız dünyada" deyə dünyanın faniliyinə üsyan da edirdi.

Bəstəkarın mahnılarının çoxu həyatımıza kino ekranlarından adlayıb. O, kino bəstəkarı kimi milli kinematoqrafiyamıza uğur qazandıran, kinomuzun inkişafında əhəmiyyətli xidmətləri olan tanınmış bəstəkarlardandır. Dövlət Film Fondu tərəfindən bəstəkarın 70 illik yubileyi ərəfəsində "İbRus" Teatrında təşkil olunan gecəyə toplaşanlar da Emin Sabitoğlu yaradıcılığının məhz bu səhifəsi ilə tanış olmaq imkanı qazandılar.

Emin Sabitoğlu Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin sinfində oxuduqdan sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Gənc bəstəkar təhsilini başa vurandan sonra 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru işləyib və bir sıra filmlər üzərində çalışıb. Ömrünün son illərində Türkiyədə yaşayıb yaradan bəstəkar İstanbul Texniki Universitetinin Türk Milli Konservatoriyasının professoru idi.

"Emin Sabitoğlu tanınmış bir dramaturqun, Sabit Rəhmanın ailəsində anadan olub. Uşaqlıqdan evlərində gördüyü qonaqlar onun musiqi dünyagörüşünün formalaşmasına təkan verib" - deyə Emin Sabitoğlunun yaradıcılığından söhbət açan sənətşünaslıq namizədi Lalə Hüseynova bu gözəl bəstəkarın filmlərə yazdığı kino musiqisini xüsusilə qeyd edir: "Kino elə bir incəsənət sahəsidir ki, ona musiqi yazmağı hər bəstəkar bacarmır. Emin Sabitoğlu kino musiqisinə hələ tələbəlik illərindən maraq göstərib. O, sonralar 20-dən artıq bədii, bir neçə sənədli filmə musiqi yazıb. Onun kino yaradıcılığı 1962-ci ildə çəkilmiş "Dağlarda zavod" sənədli filmi ilə başlayıb. Bundan sonra "Kür", "Yollar və küçələr", "Sabahın xeyir, Bakı!", "Dəniz", "Cəlil Məmmədquluzadə", "Səməd Vurğun", "Azərbaycan çayı", "Çiçək yığımı" və s. sənədli filmlərə musiqi bəstələyib.

Bədii filmlərə gəldikdə Emin Sabitoğlunun ilk işi 1964-cü ildə yaradılan "Kimi daha çox sevirik" kinoalmanaxındakı "Dağ meşəsindən keçərkən" novellası idi. Bunun ardınca o, "Poçt qutusu", "Bizim Cəbiş müəllim", "Gün keçdi", "Dədə Qorqud", "Ad günü", "İstintaq", "Bağlı qapı", "Atları yəhərləyin", "Bəyin oğurlanması", "Yaramaz", "Ölsəm... bağışla", "Təhminə", "Həm ziyarət, həm ticarət" və s. bədii filmlərdə işləyib. Bu filmlərin əksəriyyəti yaradıcı qruplara böyük uğurlar qazandırıb. Onun musiqisini yazdığı filmlərin yaradıcı heyəti də 60-cı illərin ab-havası ilə nəfəs alırdı. O, Azərbaycanın ən görkəmli reyissorları ilə işləyib. Yeni nəsil reyissorlar həmçinin özünü bəstəkarların seçimində göstərirdi. Həmin bəstəkarların arasında Emin Sabitoğlu öz yerini tapmışdı. O, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Rasim Ocaqov, Əbdül Mahmudov kimi reyissorlarla işləyirdi. Nəticədə çox gözəl bir tandem yaranırdı. Bəstəkarın filmlərə yazdığı valslarda xüsusi sevgisi diqqət çəkir. Onun üçün vals həm də simvoldur - gözəlliyin, işığın, əlçatmaz arzunun simvolu".

Bəstəkarın qızı Ceyran xanım atasının yazdığı musiqilərin yaranma prosesinin gözləri qarşısında baş verdiyini xatırlayır: "Emin Sabitoğlunun ömrünün əsas hissəsini musiqi təşkil edirdisə, qalan hissələrini poeziya, teatr, kino təşkil edirdi. O, kinonu olduqca çox sevirdi. Atam filmlərin yaranma prosesində ilk gündən iştirak edirdi. Filmlərin ssenarisi ilk gündən ona təqdim olunurdu. Evimizdə hələ də qalaq-qalaq onun musiqi yazdığı filmlərin reyissor ssenariləri qalır. Filmin çəkilmə prosesi onun üçün çox doğma idi. Ən əsası, kinostudiya onun üçün doğma iş yeri idi. Ona görə də kinostudiyanın köhnə işçiləri həmişə məni görəndə atamdan söz salır, onu məhəbbətlə xatırlayırlar. Əgər kimsə ona desəydi ki, musiqisi Nina Rotanın musiqisinə bənzəyir, bu onun üçün ən böyük kompliment olardı.

O zaman kino üçün yazılan musiqiləri Moskvada simfonik orkestr ifa edirdi. Həmin orkestr SSRİ-nin ən gözəl musiqiçilərindən ibarət idi. Belə bir orkestr üçün musiqi yazmaq o qədər də asan deyildi. Atamın musiqisi orkestr üzvlərinin o qədər xoşuna gəlirdi ki, səsyazma prosesi bitəndən sonra musiqiçilər dəfələrlə onu alqışlayırdılar. Atam kino musiqisinə yaxından bələd idi. O, qəhrəmanların hisslərini musiqi vasitəsilə ifadə etməyi bacarırdı. Onu da qeyd edim ki, həmin musiqilər çox qısa zamanda yazılırdı. O, adətən orkestrləşdirmə prosesini sona saxlayırdı. Moskvaya getməzdən 2-3 gün qabaq özünü bütün aləmdən təcrid edirdi. Belə məqamlarda o, yalnız musiqi ilə yaşayırdı. Nəticədə atamın aləmə səs salan musiqiləri, mahnıları yaranırdı".

Müğənni Yalçın Rzazadə Emin Sabitoğlunu sənət dostu və qardaşı adlandırır: "Emin Sabitoğlu mənim sənət yaradıcılığımda mühüm yer tutur. O, yeganə insandır ki, birgə yazdığımız mahnılarda bizim üçün saat məfhumu yox idi. Yadımdadır, "Bakı, sabahın xeyir!" mahnısını yazanda İslam Səfərli mənə zəng vuraraq "Bakıya çox şeirlər yazılıb, ancaq "Bakı, sabahın xeyir!" deyən olmayıb" - deyərək həmin mahnının mətnini mənə təqdim etmək istədiyini bildirdi. Emin Sabitoğlu Moskvada olarkən bir neçə saatın içində həmin mahnını yazdı. O mahnı çox məşhurlaşdı.

Mən Emin Sabitoğlunun dörd kinofilmə yazdığı mahnını oxumuşam. Bu gün həmin filmlər göstəriləndə tamaşaçı Emin Sabitoğlunun yazdığı mahnıları gözləyir. Bu musiqilər bizim sərhədləri aşaraq çox uzaqlarda səsləndirilir. O mahnılar hər zaman yaşayacaq. Çünki Emin Sabitoğlunun yazdığı mahnılarda xalqın ruhu yaşayır. Bu mahnılarda kökə bağlılıq var. Ona görə deyirəm ki, Emin Sabitoğlu bu gün bizimlə yaşayır".

Emin Sabitoğlu ilə kinoda yaxın yaradıcılıq əlaqələrində olan reyissor Əbdül Mahmudov isə: "Yaradıcı insanın ən böyük xoşbəxtliyi yaratdıqlarının insanlar üçün qalmasıdır" - deyə ürək sözlərini dilə gətirir: "Belə ömür hər sənətkara qismət olmur. Emin Sabitoğlu isə bu cür böyük sənətkarlardan idi. Mən cavan yaşımda kinostudiyada işləyərkən Emin Sabitoğlu ilə tanış olmuşam. "Atları yəhərləyin" filmimə Emin Sabitoğlu musiqi yazıb. Həmin film Dövlət mükafatına layiq görüldü. Mükafatı almaq Emin müəllimə də qismət oldu. İş prosesində onun necə məsuliyyətli, tələbkar olduğunu görmüşəm. O, həmişə tapşırılan işi doğrultmağa çalışardı. Moskvada Simfonik Orkestrin üzvlərinin onun yazdığı musiqini necə alqışladıqlarını gözümlə görmüşəm. Hansı ki, Azərbaycanın "mənəm-mənəm" deyən çox müğənniləri həmin orkestrin ab-havasını görəndə özlərini itirirdilər.

Emin Sabitoğlu ona görə xoşbəxt sənətkardır ki, yaratdıqları qalıb. O özünə ölümündən sonra da qəlblərdə heykəl ucaldıb".

Onu da qeyd edək ki, Əbdül Mahmudovun 1974-ci ildə ekranlaşdırdığı və bəstəkarı Emin Sabitoğlu olan "Qeyri-adi ov" qısametraylı bədii filmi keçən il Rusiya Dövlət Film Fondunda bərpa edilərək Azərbaycana gətirilib. Xatirə gecəsində filmin təqdimatı da keçirilib.

 

Kaspi.- 2008.- 14 mart.- S. 12.