Bişkekdə Qara Qarayevin 90 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilmişdir

 

Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət və İnformasiya Nazirliyi, respublikamızın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Toktoqul Satılqanov adına Qırğızıstan Dövlət Filarmoniyasında görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 90 illiyi münasibətilə təntənəli xatirə gecəsi keçirmişdir.
Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının professoru, tanınmış dirijor Yalçın Adıgözəlov, Qırğızıstanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə dahi bəstəkarın həyat və fəaliyyəti ilə əlaqədar sənədli film göstərilmişdir.
Qırğızıstanın mədəniyyət və informasiya naziri Sultan Rayev, tanınmış bəstəkar Firəngiz Əlizadə, Qara Qarayevin şagirdi, qırğız bəstəkarı Jıldız Moldıbayeva dünya şöhrətli bəstəkarın Azərbaycan və dünya musiqi sənətinin inkişafındakı xidmətlərindən danışmışlar.
Sonra görkəmli bəstəkarın əsərlərindən ibarət böyük konsert olmuşdur. Konsertdə səslənən əsərlərə SSRİ xalq artisti, Qırğızıstan Qəhrəmanı, qocaman dirijor, Qara Qarayevin dostu Asanxan Cumaxmatov və Yalçın Adıgözəlov dirijorluq etmişlər.
Firəngiz Əlizadə AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində demişdir: İlk növbədə, bu faktı qeyd etmək kifayətdir ki, bu gün bütün dünyada tanınan görkəmli bəstəkar Arif Məlikov, həmçinin Vasif Adıgözəlov, Polad Bülbüloğlu, mən və bir çox başqaları məhz Qara Qarayevin şagirdləriyik. İstərdim ki, hər iki ölkə bəstəkarlarının və ifaçılarının yubiley tədbirləri həm Bakıda, həm də Bişkekdə tez-tez təşkil olunsun. Əminəm ki, musiqi və incəsənət sahəsindəki münasibətlərimiz digər sahələrin də inkişafına təkan verəcəkdir.
Yalçın Adıgözəlov isə demişdir: İndiyədək bu böyük bəstəkarın yubileyi ilə əlaqədar tədbirlər dünyanın beş ölkəsində keçirilmişdir. Yaxın vaxtlarda bir sıra Avropa dövlətlərində, habelə Rusiyada, Türkiyənin Ankara və Antalya şəhərlərində də yubiley tədbirləri planlaşdırılır. Onu da deyim ki, Qara Qarayevin məşhur "İldırımlı yollarla" baleti hələ ötən əsrin 50-60-cı illərində Qırğızıstan Dövlət Opera və Balet Teatrının səhnəsində uğurla tamaşaya qoyulmuşdur.

 

Azərbaycan.- 2008.- 16 mart.- S. 11.