Kiyevdə Qara Qarayevin 90 illiyi qeyd
olunub
Bugünlərdə
Lısenko adına Ukrayna Milli Filarmoniyasında görkəmli
azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik
yubileyinə həsr edilmiş klassik musiqi gecəsi
keçirilib. Tədbir Azərbaycanın Kiyevdəki
səfirliyi, Ümumukrayna
Milli Musiqi İttifaqı, Ukrayna-Azərbaycan Beynəlxalq Dostluq Fondu və
"Yeni musiqi" Cəmiyyətinin təşkilatçılığı
ilə gerçəkləşib.
Azərbaycanın Ukraynadakı səfiri
Tələt Əliyev
konsertdən əvvəl
XX əsrin dahi bəstəkarlarından biri
olan Qara Qarayevin həyat və yaradıcılığından
söhbət açıb,
tədbir iştirakçılarını
onun zəngin irsi ilə ümumi
tanış edib.
Qara Qarayevin oğlu,
Moskva Konservatoriyasının
professoru, bəstəkar
Fərəc Qarayev təşkilatçılara, bəstəkarın
xatirəsinə ehtiram
göstərərək tədbirə
toplaşan insanlara dərin minnətdarlığını
bildirib.
İki hissədən
ibarət konsertdə Qara Qarayevin kamera orkestri və fortepiano üçün əsərləri,
E.Mirzəyevin "Reaksiya",
V.Runçakın "Dua",
X.Mirzəzadənin "Memoria",
Qara və Fərəc Qarayevlərin
kamera orkestri üçün "Quasi
una fantasia"sı səsləndirilib.
Əsərləri "Ukraynada yeni musiqi" kamera ansamblı ifa edib. Ansamblın bədii rəhbəri və dirijoru Vladimir Runçakdır. Qeyd edək ki, V.Runçak 2007-2008-ci illərdə Qara Qarayev adına Azərbaycan Kamera Orkestrinə dirijor qismində dəvət olunub.
Konsertdə Demokratiya və
İqtisadi İnkişaf
uğrunda Təşkilatın
- GUAM-ın baş katibi Valeri Çeçelaşvili,
Ukrayna yanacaq və energetika nazirinin müavini Burzu Əliyev, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
Ukraynanın siyasi və mədəni elitasının, Ukrayna Azərbaycanlıları Konqresinin
nümayəndələri iştirak
ediblər.
525-ci qəzet.- 2008.- 8 mart.- S. 25.