Tükəzban Məhərrəm qızı İsmayılova

 

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli müğənni, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tükəzban Məhərrəm qızı İsmayılova 2008-ci il mart ayının 24-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından özünü büruzə verən musiqi istedadı onu bütün həyatı boyu muğam sənətinə bağlamışdır. O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır.

Əmək fəaliyyətinə 1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi başlayan Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1956- ildə filarmoniyanın konsert şöbəsiAzərbaycan Dövlət Estradasıtəşkilatına çevrildikdən sonra o, 1962-ci ilə qədər burada çalışmışdır. Tükəzban İsmayılova 1962 – 1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1978-1993-cü illərdəAzkonsertQastrol-Konsert Birliyinin solisti olmuş, 1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərmişdir.

Milli musiqimizin böyük sənətkarlar nəslinin görkəmli nümayəndəsi olmuş Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənirdi. Ömrünün altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf etmişdir. Müğənninin oxuduğu klassik Azərbaycan muğamları xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olmuşdur.

Musiqimizin bütün incəliklərini dərindən mənimsəmiş Tükəzban İsmayılova Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr vermişdir. Onun özünəməxsus üslubda oxuduğuQatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam mahnılar milli musiqi xəzinəmizi zənginləşdirmişdir. Gözəl səsə malik müğənni vokal sənətinin müxtəlif vasitələrindən məharətlə istifadə etmək bacarığı sayəsində musiqisevərlərin rəğbətini qazanmışdır. Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olmuşdur. Bir çox mahnı təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılmışdır.

Tükəzban İsmayılova dünyanın bir çox ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. O, respublikamızda gənc xanəndələr nəslinin yetişdirilməsində öz qüvvəsini əsirgəməmişdir.

Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli müğənni, gözəl pedaqoq və qayğıkeş insan Tükəzban İsmayılovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Mehriban Əliyeva, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Zeynəb Xanlarova, Siyavuş Kərimi, Habil Əliyev, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Ağaxan Abdullayev

 

Xalq qəzeti.- 2008.- 30 mart.- S. 4.