Qaliboğlu E.
Ələsgər
ocağı ilə bağlı yaradılmış
dastan-rəvayətlər...
Bu günlərdə məşhur el
sənətkarı Aşıq Ələsgərə həsr
olunmuş "Ələsgər ocağı ilə
bağlı yaradılmış dastan-rəvayətlər
haqqında" kitabı işıq üzü görüb. Kitabın müəllifi, Aşıq Ələsgərin
nəvəsi, tədqiqatçı
İslam Ələsgər
sözügedən mövzuya
müraciət etməsinin
təsadüfi olmadığını,
zərurətdən yarandığını
bildirir: "Aşıq
Ələsgərin həyat
və yaradıcılığı
ilə bağlı xalq arasında müxtəlif məzmunlu söz-söhbətlər
mövcuddur. Bunların
bir qismi Ələsgərin həyatında
baş vermiş hadisələr və bu hadisələr səbəbilə deyilmiş
şerlərdən ibarətdir.
Dastan söyləyən
aşığın bir
az bəzək-düzəyi olsa da, bunlar sənətkarın
həyat və yaradıcılığını öyrənmək baxımından
xüsusi əhəmiyyətə
malikdir. Bu əhvalatlar Ələsgərin
gənclik illərindən
başlayaraq xronoloji ardıcıllıqla ömrünün
son illərinə qədər onun həyatının müəyyən
məqamlarını əks
etdirir. Aşığın
həyatı ilə əlaqələndirilərək söylənilən hadisələrin
bir qismi isə reallıqdan çox uzaqdır. Burada nağıllanan əhvalatlar ağlasığmayan
uydurmalardan quraşdırılıb.
Bunların bir çoxunda hamıya məlum olan hadisələr bilərəkdən
təhrif edilib. Təəssüf ki, belə qəbuledilməz söyləmələrdən çoxu
müxtəlif mətbuat
səhifələrində özünə
yer tapıb".
Tədqiqatçı Aşıq
Ələsgərin həyatı
və yaradıcılığı
ilə bağlı yaranmış söyləmələri
iki qismə ayırır: real həyat hadisələri əsasında yaradılmış
dastan-rəvayətlər,
xəyalən yaradılmış
"dastanlar": "Aşıq
Ələsgər o qədər də uzaq keçmişin adamı deyil. Onun barəsində söylənilənlərin həqiqəti
ilə yalanını
biri-birindən asanlıqla ayırmaq mümkündür. Unudulmamalıdır
ki, yazdıqlarımız
bugünkündən daha
çox gələcək
nəsillər üçündür.
Gələcək nəsilləri
isə bugünün həqiqətləri daha çox maraqlandıracaq. Odur ki, həqiqətləri
bir kənara qoyub Aşıq Ələsgər haqqında
yalan söz-söhbətləri yazıya
almaq onun ruhu qarşısında böyük günah olduğu kimi, həm də elmi cinayətdir. Təəssüf ki, bir çoxları aşıq haqqında belə yalan və böhtanları xalq arasından toplamır, evində, kabinetində uydurur, hətta onun dilindən şeir "yaratmaqdan" da çəkinmir. Belə hallar gələcəkdə
böyük dolaşıqlığa
səbəb ola bilər və olacaq. Atalar yaxşı deyib ki, ziyanın yarısından qayıtmaq
da xeyirdir".
Xalq cəbhəsi.- 2008.- 14 mart.- S. 14.