Məhərrəmova T.

 

Çalışırdım ki, evdə heç nə teatrı xatırlatmasın

 

Səmayə Sadıqova, aktrisa: "İnsan harda lazımdırsa, orda olmalıdır"

 

Gənclik inadkarlığı nəsillərində ilk aktrisa olmasına səbəb olub. Anası "nəslimizdə aktrisa olmayıb" deyəndə, "eybi yox, mən birinci olaram" - deyə cavab verib. İndi də bu yolu seçməyindən peşman deyil. İndi də deyir ki, ömrünü-gününü həsr etdiyi səhnə ona ürəyi istədiyi rollar və Əməkdar artist adını verib. Aktrisaya bundan artıq nə lazımdır ki? Bakı Bələdiyyə Teatrının aktrisası Səmayə Sadıqovanın qarşısında səhnəyə həsr edəcəyi hələ çox illər və bu illərin uğurları var.

 

- Yaradıcılığınızda Sumqayıt Teatrında çalışdığınız illər mühüm yer tutur. Bəs niyə elə bir yaradıcı mühitdən ayrıldınız?

- 1977-ci ildən 95-ci ilə qədər bütün teatr mövsümlərini həmin teatrda işləmişəm. Sumqayıt teatrı ilə bütün həyatım, yaradıcılığım bağlıdır. Ümumiyyətlə, teatra gəldiyim illər incəsənət aləmində yüksəliş dövrü idi. Onda teatr aləminə də güclü bir axın var idi. İnstituta daxil olanda sənət müəllimim Səftər Turabov olub. Paralel olaraq Ədil İsgəndərovun dərslərinə gedirdim. İnstitutun Tədris Teatrında hazırlanan tamaşalarda da Ədil müəllimlə işləyirdim. III kursda oxuyanda o mənə Səməd Vurğunun "Xanlar" pyesində Qızyetər obrazını verdi. Bu dramatik səpkili obrazı vaxtilə Mərziyə Davudova oynayıb. Daha sonra "Eşq və intiqam", "Şərqin səhəri" tamaşalarında da Ədil müəllimlə işlədim. Ondan çox şey öyrəndim. Buna görə də onun ruhu qarşısında həmişə baş əyirəm.

- Ədil müəllimin tələbəsi olmaq sonrakı yaradıcılığınızda hansı rolu oynadı?

- Mən rol üzərində işləməyi, onun əlifbasını, səhnənin daxili aləmini Ədil müəllimin məktəbində öyrənmişəm. Bu məktəb mənə çox böyük kömək oldu. O vaxt Ədil müəllim gənclər teatrı yaratmaq istəyirdi. Mənim təyinatımı Sumqayıt Teatrına verdilər. Ədil müəllim dedi ki, get, mən burda gənclər teatrı yaradıram, hazır olan kimi səni də dəvət edəcəm. Mən də Sumqayıta getdim və gedişimə də peşman olmadım. Sən demə, əyalətdə işləməyim alın yazısı imiş. Bəlkə də burda qalsaydım, o teatrda oynadığım rolları oynaya bilməyəcəkdim. Sumqayıt Teatrında da çox şey öyrəndim.

- Eşitdiyimə görə, həmin teatrın da vaxtilə güclü truppası, reyissor məktəbi olub?

- Biz o teatra təyinat alanda 6 nəfər qız idik. Həmin il Mərahim Fərzəlibəyovu teatra baş reyissor təyin etdilər. O teatrın repertuarında artıq Anarın "Adamın adamı" pyesi var idi. Tamaşadakı aktrisa gəlmədiyindən məni 2 saata hazırlayıb həmin tamaşaya daxil etdilər. Sonralar bu teatrda müxtəlif tamaşalarda baş rollar oynadım. O vaxt Sumqayıt Teatrında çox gözəl əsərlər hazırlanırdı. Dalbadal, fanatikcəsinə işləyirdik. Tamaşaçılar da böyük maraqla gəlirdi. 1995-ci ildə artıq teatrın yaradıcı ab-havası dəyişdi. Aktyorların çoxu teatrdan uzaqlaşdı. Mən də daxil olmaqla 5-6 aktyor Musiqili Komediya Teatrına gəldik. O vaxt teatrın bədii rəhbəri Siyavuş Aslan idi. Bizi teatrda çox gözəl qarşıladılar. O qədər gözəl rollar oynadığım, gəncliyimi keçirdiyim teatrdan ayrılıb bura gəldiyimə inana bilmirdim. Həyat insanı hər şeyə məcbur edir. Məni də, o biri aktyorları da bir günün içində teatra qəbul elədilər. İş elə gətirdi ki, "Özümüz bilərik" tamaşasında Siyavuş Aslanın tərəf-müqabili oldum. Onun həyat yoldaşını oynadım. Onunla eyni səhnədə oynayacağım yatsam yuxuma da girməzdi. Bu teatrda da çox maraqlı rollarım oldu. Roldan narazılığım yox idi. Ancaq mən dram aktrisası idim. 8-ci sinifdən dram dərnəyinə, sonra Xalq Teatrına getmişəm. Teatra gəlişim birdən-birə olmayıb. Uşaqlıqdan bu sənətə pillə-pillə gəlmişəm. Yadımdadır ki, məhəllədə uşaqları yığıb bacımla onlara səhnəciklər göstərir, şeirlər deyirdik. Televiziyada gördüyüm tamaşalardan monoloqlar söyləyirdim. Onda hələ aktrisa olacağımı bilmirdim. Hətta İncəsənət İnstitutu adlı bir yerin olduğundan də xəbərsiz idim. Sadəcə, adamlar qarşısında çıxış eləməyi xoşlayırdım. 8-ci sinifdə müəlliməmiz bizə "Mən kim olmaq istəyirəm" adlı inşa yazdırdı. Mən də aktrisa olmaq istədiyimi yazdım. Vərəqi müəllimə utana-utana təhvil verdim. İnanın ki, vərəqimi geri götürmək istəyirdim. Mən çox utancaq bir qız idim, ona görə də heç kəs mənim aktrisa olacağıma inanmazdı. İndi də o utancaqlıq məndə qalıb. 12 yaşım olanda atamı itirmişdim. Ondan sonra özümə qapılırdım, heç kəslə ünsiyyət qurmurdum. Tənha qalmağı çox sevirdim. Ona görə də elə bilirdim ki, mənim aktrisa olmaq arzuma gülə bilərlər. Ancaq sevimli ədəbiyyat müəlliməm Sürəyya xanım mənim yazımı əla qiymətləndirdi. Sonra uşaqlar da mənim yazımı oxuyanda heç biri təəccüblənmədi. Bu məni ürəkləndirdi. 8-ci sinifdən başlayaraq dram dərnəyinə getdim. İlk çıxışım da 69-cu ildə Milli Parkdakı qapalı səhnədə olub. Mən səhnəyə Xumar rolunda çıxdım. Sonra Lütfi Məmmədbəyovun Xalq Teatrına getməyə başladım. Həmin teatrda ən çox sevdiyim rol İlyas Əfəndiyevin "Söyüdlü arx"ında Nuriyyə obrazı oldu. Sonradan elə bil bizim taleyimiz də uyğun gəldi - məni də əyalətə işləməyə göndərdilər. 1973-cü ildə isə İncəsənət İnstitutuna daxil oldum.

- Bəs Bələdiyyə Teatrına necə keçdiniz?

- 1998-ci ilə qədər Musiqili Komediya Teatrında işlədim. Rol sarıdan narazılığım yox idi. 98-ci ildə ərizə yazıb teatrdan çıxdım. Ailə qurduğum üçün özümü bütünlüklə ailəmə və qızıma həsr etməyi fikirləşdim. Evdəki bütün rol dəftərlərimi məhv elədim. Teatra aid və bütün bədii kitablarımı rəfiqəmə bağışladım. Çalışırdım ki, evdə mənə heç nə teatrı xatırlatmasın. Çünki bu, çətin idi. Bu qədər rolların həyatını yaşadıqdan sonra birdən-birə onların hamısına əlvida demək asan deyildi. O vaxt rol dəftərlərimi tulladım, amma indi çox peşmanam. Üç il evdə oturdum. Heç bir yerə çıxmadım. Yenə də atam öldüyü vaxtlardakı kimi özümə qapıldım. Təkcə qızımı məktəbə aparıb gətirir, xəyallarımla baş-başa yaşayırdım. Heç kəslə ünsiyyət qurmurdum. Üç ildən sonra gördüm ki, dözə bilmirəm. Onda başa düşdüm ki, bir aktyor kimi teatra əlvida deyə, qapını örtüb gedə bilərsən, amma teatr sənə əlvida demir, səninlə vidalaşmır. Belə də oldu. Mən teatra əlvida demişdim, teatr isə mənə deməmişdi. Daim yuxularımda səhnədə olduğumu, rollar oynadığımı görürdüm. Bəzən elə yuxu görürdüm ki, səhnədəyəm, amma rolumu unutmuşam və yaxud orkestr çalır, mən isə oxuya bilmirəm. Həmişə də "görəsən, bu yuxulardan nə vaxt canım qurtaracaq?" - deyə fikirləşirdim. Yenidən teatra qayıtmağı qərara aldım. Yoldaşımla danışdım, o da etiraz etmədi. Seçim qarşısında qaldım: hansı teatra qayıdım? 2000-ci ildə "Azərbaycan qadını" yurnalında məndən müsahibə götürdülər. Yurnalist mənə "səhnəyə qayıdacaqsınız?" - deyə sual verdi. Mən artıq evdə oturduğum vaxtı Əməkdar artist adını da almışdım. Dedim ki, qayıdacağam. "Əminsinizmi, teatr sizi qəbul edəcək?"-deyə o soruşdu. Bu sualda çox böyük məntiq var idi. Çünki teatr gözəllik, gənclik sevir. Ən gözəl illərini teatra verirsən, uzaqlaşan kimi isə dərhal unudulursan. Mən də "məncə, qəbul edər" - deyə cavab verdim.

- Doğrudan da teatr sizi qəbul elədimi?

- Mən teatrdan çıxanda təəssüflənənlər olmuşdu, qayıdanda təəccüblənənlər olmadı. Hamı başa düşmüşdü ki, mən teatrsız yaşaya bilməyib qayıtdım. 2001-ci ildə seçim qarşısında qaldığım vaxt təsadüfən televiziyada Bələdiyyə Teatrının "Nadir şah" tamaşasını gördüm. Həmin tamaşada aktyorların çoxunu tanıyırdım. Onlar mənimlə Sumqayıt Teatrında çalışmışdılar. Bələdiyyə Teatrına gedəcəyimə qərar verdim. Bir neçə dəfə teatra gəlsəm də, Amaliya xanımla görüşə bilmədim. Nəhayət, sentyabr ayında görüşəndə o məni teatra qəbul elədi. Buna görə ona minnətdaram. İlk rolum Mirzə Fətəli Axundovun "Müsyö Yordan və dərviş Məstəli Şah" əsərində Xanpəri obrazı oldu. Bu teatrda mənə ən çox uğur gətirən Aqşin Babayevin "Oğul" tamaşasında Şəhid anası rolu olub. 2004-cü ildə bu rola görə Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatına layiq görüldüm.

- İndi dram aktrisası kimi səhnədə tam rahatlıq tapmısınızmı?

- Əlbəttə, indi elə bilirəm ki, öz yerimdəyəm. Məncə, insan harda lazımdırsa, orda olmalıdır.

- Bir az öncə uşaq vaxtı çox utancaq olduğunuzu dediniz. Sonralar bu xüsusiyyət sizə nədə mane olub?

- Çox şeydə mane olub. Xalq Teatrına gedəndə Lütfi müəllim deyirdi ki, eybi yoxdur, böyük səhnəyə çıxanda bu utancaqlığın itib gedəcək. Ancaq böyük səhnəyə də çıxdım, neçə illər səhnədə də oldum, bu xüsusiyyət çıxıb getmədi. Onda başa düşdüm ki, bu, insanın xarakteridir.

- Çox vaxt aktyorlar rol bölgüsündən, sənətlərinə layiqincə qiymət verilməməsindən gileylənirlər.

- Mənim qətiyyən belə şikayətim yoxdur. Çünki Sumqayıt Tetrında işlədiyim vaxtlarda həmişə baş rollarda oynamışam. Digər teatrlarda da rol sarıdan qıtlığım olmayıb. O vaxt teatra təyinatla getdiyimiz qızlardan çoxu 3-4 ildən sonra teatrdan uzaqlaşdı. Məni teatrda saxlayan bəlkə də o rollar idi. Hansı ki, onlarla 17 teatr mövsümünü orda başlayıb qurtarmışam. Təsəvvür edin, Bakıda doğulmuş bir qız 17 il o şəhərdə yaşadı, işlədi, özünü aktrisa kimi təsdiqlədi.

- Hal-hazırda Bələdiyyə Teatrının yerləşdiyi "Şəhriyar" adına mədəniyyət mərkəzi təmirə dayanıb. Teatr harada məskunlaşıb?

- Hələlik heç yerdə. Bizə hələ bina verilməyib. Ona görə də məşqlərimizə ara vermişik. Ayda bir dəfə maaşımızı almağa gedirik. İnşallah, bina ilə tmin olunandan sonra yenə də işlərimizi əvvəlki qaydada davam etdirəcəyik.

 

Kaspi.- 2008.-7 mart.- S. 16.