"Əgər
diplomatın, çalışdığı ölkənin
mədəniyyətini yaxından öyrənmək
marağı yoxdursa, o, heç, diplomat olmamalıdır"
ABŞ-ın
Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Ənn Dersi fəaliyyətinin ilk
günündən özünü nəinki kişi
xələflərindən, ümumiyyətlə,
Azərbaycanda fəaliyyət göstərən diplomatik
korpusun təmsilçilərindən fərqləndirdi. Azərbaycanda
fəaliyyətə başlamazdan əvvəl ölkəmizin
yalnız siyasi, iqtisadi həyatını yox, həm də
dilini, dinini, tarixini, mədəniyyətini, folklorunu
yaxından öyrənməklə, xalqla da elə öz
dilində ünsiyyətə girdi. "ABŞ-ın səfiri
kimi məsuliyyətli vəzifəni
daşımağınız bir qadın kimi Sizinçün ağır
deyilmi" sualına uzun-uzadı diplomatik dildə yox,
çox lokonik və Azərbaycan dilində "Aslanın
erkəyi, dişisi olmaz", deyə cavab verdi. Bir
müddət sonra onu şiə müsəlmanlarının
Aşura mərasimlərində də gördük. Bir
sözlə, Enn xanım siyasi danışıqlarda da,
ictimaiyyət arasında da xalqın özünəməxsus
xüsusiyyətlərini dərk edən və buna görə
də səmimi etimad qazanan peşəkar diplomat kimi qəbul
olundu.
8 mart - Beynəlxalq qadınlar
günü ABŞ-da bir bayram kimi qeyd olunmasa da, o,
peşəkar xüsusiyyətlərindən irəli
gələn addım ataraq Azərbaycan qadınları üçün
əlamətdar olan bir gündə jurnalistlərlə
məxsusi görüş keçirmək qərarına
gəldi. İki gün əvvəl "525"lə
yanaşı, "Üç nöqtə" və
"Azadlıq" qəzetlərinin xanım
jurnalistlərinə müsahibə verdi. Onun
danışmaq istədiyi gender bərabərliyi, bizim
soruşmaq istədiyimiz isə xanım səfirin özü
ilə bağlı suallar idi.
- Əvvala Sizi 8 mart Qadınlar günü
münasibəti ilə təbrik edirəm. Çünki bu,
çox vacib bayramdır, - deyə xanım səir
müsahibəyə başladı. -Sevincin də (Səfirliyin mətbuat şöbəsinin rəhbəri
Sevinc Osmanqızı- İ.Q.) bildiyi kimi, Azərbaycanda
jurnalistikada qadınların fəaliyyət
göstərməsi həmişə məni
təsirləndirib. Çox şadam ki, bu gün
münasibəti ilə keçirdiyim görüşdə
iştirak edən jurnalistlərin hamısı
xanımlardır. Mən Azərbaycanda yeni
fəaliyyətə başlayanda ölkənin ictimai
həyatında, eləcə də müxtəlif
rəhbər vəzifələrdə qadınların fəal
çalışmaları xoş təəssürat
aldığım məqamlardan biri oldu. Həqiqətən
də, müxtəlif sahələrdə -mətbuatda,
təhsildə, vətəndaş cəmiyyətində,
işgüzar dairələrdə, rəhbər
vəzifələrdə qadınların uğurla
fəaliyyət göstərmələri məni
təsirləndirib. Bildiyiniz kimi, ABŞ-ın siyasətindən
biri də qadınların cəmiyyətdə rolunun
güclənməsinə kömək etmək, onların
səsi və rolunun ölkənin həyatında daha da
artmasına nail olmaqdır. Biz inanırıq ki, bütün
təbəqələrin istedadından faydalanan və
bəhrələnən cəmiyyətlər uğurlu olur.
Odur ki, biz gender bərabərliyini dəstəkləyirik,
eləcə də cəmiyyətin bütün
təbəqələrinin nümayəndələri
üçün bərabər imkanların yaradılmasını
salamlayırıq. Heç şübhəsiz ki, biz
bütün dünyada qadınlar üçün də
keyfiyyətli, yüksək tələblərə cavab
verən təhsilin bərqərar olmasını
dəstəkləyirik.
- Siz Azərbaycan cəmiyyətində
qadınların fəal olmasından təsirləndiyinizi
dediniz. Sizin Azərbaycan mentalitetini, mədəniyyətini
duymanız və ona yaxından bələd olmanız da bizi
təsirləndirib. Xatırlayıram ki, səfir
vəzifəsinin bir qadın kimi Sizin üçün
çətinliyi ilə bağlı suala "Aslanın
erkəyi, dişisi olmaz" Azərbaycan atalar sözü
ilə cavab vermişdiniz...
- Mən bu ifadəni iki yerdən
eşitmişəm: dostum Sevincdən və Azərbaycan dili
müəllimimdən.. Bildiyimə görə, məhşur
və müdrik Azərbaycan şairəsi Natəvan bu fikri
klassik əsərlərindən birində istifadə
etmişdi. Bu fikir gender bərabərliyinin ən gözəl
nümunəsidir ki, klassik ədəbiyyatda öz əksini
tapıb. Kontekst bundan ibarət olub ki, qadın xan öz
torpaqlarının qorunmasında çətinliklərə
sinə gərərək kişilərə belə bir
ismarıc göndərib: "düşünməyin ki,
qadın olduğum üçün vətənimə
hücum edə bilərsiniz. Aslanın erkəyi dişisi
olmaz". Bu ifadə məni çox
təsirləndirmişdi.
Mən ədəbiyyatı, poeziyanı çox
sevirəm. Ona görə ki, poeziyanı öyrənməklə
mən Azərbaycanın tarixinə,
mədəniyyətinə daha yaxından bələd
olmuşam.
- Azərbaycan poeziyasından hansı
əsərlərlə tanış olmusunuz?
- Azərbaycan dilindən iki müəllimim var.
Yeri gəlmişkən, onların hər ikisi qadındır.
Mən onlarla bərabər Nizaminin, Füzulinin, Səməd
Vurğunun, Natəvanın şeirlərini
öyrənirəm. Molla Nəsrəddinin
lətifələrini də oxuyuram, amma ona bir qədər az
meylliyəm, daha çox klassik poeziyaya maraq
göstərirəm.
"Adın gəzir dodaqlarda,
Yaxınlarda, uzaqlarda.
Şöhrətin var hər diyarda
Gözəl Bakı, gözəl Bakı!
Buruqların gəlməz saya,
Ucalırsan günə, aya.
Səs salırsan hər bir yana
Gözəl Bakı, gözəl Bakı!"
Mən Bakının sahillərinə, o
ponaramaya baxanda bu sətirləri düşünürəm.
- Xanım kimi səfir olmaq, vətəndən,
uşaqlarınızdan kənarda yaşamaq nə qədər
asan və nə qədər çətin olur? Bildiyimizə
görə, uşaqlarınız Sizdən kənardadırlar.
Həm ailənizə, həm də işinizə
vaxtınızə necə
bölüşdürürsünüz?
- Diplomatik karyeram boyu qadın cinsinə
mənsub olmağım fəaliyyətimə təsir
etməyib. Diplomatiyada uğur qazanmaq insanın bu işin
öhdəsindən gəlib-gəlməməsindən
asılıdır. O ki qaldı ailəm və karyeramın
bir-biri ilə tarazlaşdırılmasına, bu
həqiqətən çətindir. Bilirəm
ki, bu problem bir çox cütlər, ailələr
üçün yaranan problemdir. Ailənin karyera ilə tarazlaşdırılması
məsələsinin nə qədər çətin
olduğunu Conatan (səfirliyin ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Conatan Henik -
İ.Q.) da bilir. Ailə ilə
karyeranın tutuşub-tutuşmaması və yaxud
tarazlaşmanın uğurlu olması, əlbəttə,
ailədəki cütlüyün hər ikisinin ailə
dəyərlərinə, ailənin saxlanılmasına
sədaqətindən, ailənin qorunmasına nə dərəcədə
çalışmalarından asılıdır. Lakin
bütün dünyada qadınların həm ailədə,
həm də karyeralarında uğur qazanmaları
üçün iş yerlərinin çevik olmasına
çalışmaq lazımdır ki,
işə götürənlər qadınların ailə
və işdəki fəaliyyətlərinin
tarazlaşdırılması üçün çevik
iş rejimi tətbiq etsinlər. İş
yerlərinin çevik olması üçün
görülməli variantlar çoxdur. Bu çevik
iş rejiminin yaradılması, yaxud
ailənin hər iki üzvünün ailə işləri
ilə məşğul olması üçün iş
yerində yeni ana olmuş işçinin
vəzifələrinin bir hissəsinin başqa bir
işçi tərəfindən
bölüşdürülməsinin işə
götürən tərəfindən təşkil
edilməsidir. Bunun baş verməsi üçün
işçilər özləri iş qrafiklərinin daha
çevik qurulması ilə bağlı təkliflərlə
çıxış edə bilərlər, yaxud kadrlar şöbəsi
bu ideyanın reallaşdırılması üçün
təklif variantları ilə çıxış edə
bilərlər. ABŞ-da bunu etmiş şirkətlərin
iş təcrübəsi göstərir ki,
bu cür çevik iş rejimi ilə işləyən adamlar
daha xoşbəxtdirlər və onların ümumi işə
verdikləri töhfə daha böyük olur. Məsələn,
mənim Amerikada vəkil işləyən bacım iki uşaq
anasıdır. O, uşaqları və ailəsi ilə
daha çox vaxt keçirməkdən ötrü öz
işəgötürənindən xahiş edib ki,
həftəlik iş rejimini 5 gündən 3 günə
endirsin. Şirkət onun xidmətlərini
və peşəkarlığını yüksək
qiymətləndirdiyi üçün bu varianta
razılaşıb. Hal-hazırda
uşaqlar hələ ki, böyüməkdə ikən o
məhz bu cür - həftədə 5 gün deyil, 3 gün
işləməkdə davam edir.
Mənim vəziyyətimdə
isə bu bir qədər fərqlidir. Ölkəsini
xaricdə təmsil edən diplomat sutkanın 24 saatını
işləməlidir. Həyat
yoldaşım təqaüdə çıxmamışdan
əvvəl karyera diplomatı olub. Uşaqlarımız
xəstələnəndə növbə ilə xəstə
uşaqla evdə qalırdıq. Xoşbəxtlikdən
mənim çılışdığım
səfirliklərdə də həmişə ailəyə
dost şərait olub. Misalçün,
əgər uşağın xəstələnməsi ilə
bağlı poliklinikaya və ya xəstəxanaya
götürülməsi ilə bağlı vəziyyət
yaranıbsa, iki saat işdən ayrıla bilirdim. Rəhbərim bilirdi ki, buna görə mən
işdə iki saat artıq işləyə bilərəm.
İndi uşaqlarım böyüyüblər.
Dörd uşağımdan 3-ü artıq ali
təhsillərini bitirib, biri isə gələn il təhsilini
başa vuracaq. Onlar böyüyüblər
və artıq özləri bizə baş
çəkməyə gəlirlər.
- Uşaqlarınızdan yolunuzu davam etdirən
varmı?
- Ola bilsin, onlar bu məsələ
barəsində düşünürlər. Oğlum
dəniz piyadaçılar qüvvələrinə
qoşulmaq barədə düşünür. Ola bilər bundan sonra bu, diplomat olmağı
nəzərdə keçirə bilər. Bir
qızım ərəb dilini, digəri isə fransız dilini
tədris edir. Onlar nə vaxtsa xaricdə
işləmək planlarını nəzərdən
keçirə bilərlər. Hələ
ki, qərar vermək tezdir.
- Sizcə, Azərbaycan və Amerika
xanımları arasında hansı oxşar və fərqli
cəhətlər var?
- Sevinirəm ki, bizim ölkələrimizin
xanımları arasında oxşarlıqlar
fərqlərdən daha çoxdur. Azərbaycan
qadınları həm öz uşaqlarının
qayğılarını çəkirlər, təhsil,
səhiyyə, ümumiyyətlə, sosial sahələrdə
çoxfəaldırlar. Mən
Azərbaycanda gördüyüm və işlədiyim
qadınların fəal olması ilə çox böyük
məmnunluq hissi duyuram.
- Diplomatik danışıqlarda qadın
cazibəsi rol oynayırmı?
- Şarm şarmdır. İstər qadın, istərsə də kişinin
şarma malik olması onun üstünlüyüdür.
Şübhəsiz ki, danışıqlarda
şarmdan da istifadə etmək əlavə imtiyazdır.
- Sizin artıq ikinci ildir ki, dünyanın
şiə müsəlmanlarının qeyd etdiyi
Məhərrəmlik ayında qan veməyiniz və
müraciət etməyiniz xüsusi maraq doğurub. Halbuki, Azərbaycanın dövlət qurumları
dinin dövlətdən ayrı olduğunu əsas
gətirərək bu mərasimə ehtiyatla yanaşıb.
Bu Sizin şəxsi qərarınız idi, yoxsa
iki ölkə arasındakı münasibətlərə
aidiyyatımı var idi? Diplomatik
münasibətlər üçün bu
addımınızın mənası nə idi?
- Şübhəsiz ki, hər iki
amil rol oynamışdı. Mən
İraqda işləyəndə həmin kədərli
günün adamların özünü döyməsi kimi
faktları müşahidə etmişdim. Amma
eşitmişdim ki, insanların bir qismi Azərbaycanda həmin
günü özünü döymək əvəzinə,
talassemiyalı xəstə uşaqlara yardım etmək
məqsədi ilə qan verməklə qeyd edirlər. Düşündüm ki, bu həmin dini
ənənəni qeyd etməyin gözəl və çox
insani yoludur. Ona görə bu ideya mənim
üçün maraqlı göründü. Lakin bu addımım Azərbaycanda dostluğumuzun bir
nümunəsi kimi qəbul edilibsə, bu məni yalnız
sevindirər. Çünki bizim ölkələrimiz
çox güclü dost və partnyorlardır.
- Sizin evinizdə Mirmövsüm Ağanın
şəklini görürəm. Bu şəkili
evinizdə saxlamağınız mənə çox
maraqlı göründü...
- Burada gördükləriniz - həm bu
şəkil, həm də bir neçə Quran kitabları
mənə verilmiş hədiyyələrdir. Bunları
hər il Orucluq münasibəti ilə
verdiyim iftar zamanı din xadimləri hədiyyə ediblər. Regionlara səfər edərkən mən imkan
daxilində məscidlərə və digər dini
məbədlərə baş çəkirəm. Bu, əlbəttə ki, mənim Azərbaycanın
mədəniyyətini daha yaxından başa
düşməyimə kömək edir. Bir
dəfə Mirmövsüm Ağanın ziyarətgahına da
getmişəm.
- İnsanların dini
hisslərinə bu qədər diqqətlə yanaşmanız
uğurlu diplomatik jestin bariz nümunəsidir...
- Əgər diplomatın, çalışdığı
ölkənin mədəniyyətini başa düşmək,
yaxından öyrənmək marağı yoxdursa, heç,
diplomat olmamalıdır. Çünki
uğurlu diplomat olmağın vacib hissəsi başqa
ölkənin mədəniyyətini başa
düşməklə əlaqədardır.
- Yemək və geyimlə bağlı
maraqlarınızı bölüşməyinizi istərdik...
- Hər bir qadının qarderobu ilə
bağlı çox müdrik bir kəlməsi var ki, bu da onun
geyiminin çox praktik olmasıdır. Əgər
qadın həm ailəli, həm işləyir, həm də
vaxtı çox məhduddursa, qarberobdakı geyimlər
çox praktik olmalıdır. Keçmişdə
diplomatlar uniforma geyinirdilər. Arzu
edərdim ki, bu təcrübə bu gün də
qüvvədə olsun. Bu
mənimçün daha asan olardı.
- Belə bir ideal bədən quruluşuna malik
olmaq üçün yəqin ki, ciddi pəhriz qaydalarına
riayət edirsiniz?
- Azərbaycanda pəhriz saxlamaq çox
çətindir. Yeməkləriniz çox
dadlıdır. Mən hər şeydən
qədərində dadmağı, eyni zamanda sağlam
yeməkləri xoşlayıram. Çoxlu
meyvələr, tərəvəzlər yeyirəm.
İdman etmək çox vacibdir.
Ələlxüsus işgüzar və
ailəsi olan qadınlar üçün. Odur
ki, mən idman zalına gedirəm, fitneslə, tennislə
məşğul oluram. İdman
böyüməkdə olan qızlar üçün çox
vacibdir. Mən özüm kollecdə
oxuyarkən Amerikada məktəblərdə oxuyan oğlan
və qızlar üçün idman dərslərinə
görə bərabər sayda fond ayrılması haqqında
qərar çıxdı. Bu,
qızların sağlam böyüməsi üçün
çox vacib qərar idi. Mən 3
qızımı da məhz belə
böyütmüşəm - onları məktəbdə
idmanla məşğul olmağa
həvəsləndirmişəm. Basketbol,
futbol oynayıblar, üzgüçülüklə
məşğul olublar. Onların
gələcəkdə fəal, lider olması
üçün bu vacib amildir. Bilirəm
ki, Azərbaycanın da çox güclü qadın valeybol
komandası, güllə atıcılığı ilə
məşğul olan qadınları var.
525-ci qəzet.- 2008.- 8 mart.- S. 8.