Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzvlük üçün təhsil, elm mədəniyyət üzrə ixtisaslaşmış QHT qrupundan 3 namizəd seçilmişdir

 

Prezident İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"yə uyğun olaraq martın 15-də AMEA-nın rəyasət heyətinin iclas zalında keçirilmiş növbəti yığıncaqda təhsil, elm və mədəniyyət sahələri üzrə ixtisaslaşmış QHT qrupundan şura üzvlüyünə 3 namizəd müəyyən edilmişdir.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov məlumat vermişdir ki, yığıncaqda təhsil, elm və mədəniyyət sahələri üzrə ixtisaslaşmış QHT qrupundan 59 nümayəndə iştirak edir. Namizədlərin sayı isə 39-dur.
Yığıncağın sədarəti seçilmiş, gündəlik və reqlament təsdiq edilmişdir. Namizədlər özləri haqqında məlumat verdikdən sonra səsvermə keçirilmişdir.
Səsvermə nəticəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyev, "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Anar Əsədov və "Bakı İncəsənət Mərkəzi" Yaradıcılıq Birliyinin baş direktoru Rafail Gülməmmədli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təhsil, elm və mədəniyyət sahələri üzrə ixtisaslaşmış QHT qrupundan üzvlüyə namizəd seçilmişlər.
Səsvermə və səslərin sayılması prosesini qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər müşahidə etmişlər.

 

Azərbaycan.- 2008.- 16 mart.- S. 11.