Məhərrəmova T.

 

"Hər tamaşa bir imtahandır"

 

Rafiq Əzimov, Xalq artisti: "Əmək kitabçamda bircə ünvan var: Akademik Milli Dram Teatrı"

 

Cənətin fədakarları deyilən çox az insan var. Onlar nə dövrün-zamanın çətinliklərinə, nə maddi sıxıntılara, nə də digər məhrumiyyətlərə baxmayaraq, həyatlarını sənətə həsr edirlər. Sənət onların şəxsi həyatının özəyinə çevrilir. Belə olmasaydı, bu gün teatr tariximizdə adı əbədiləşən sənətkarlardan və teatrımızın uğurlarından qürurla danışmazdıq. Bu insanlar "Mən sənətsiz yaşaya bilmərəm" deyəndə onlara inanmamaq da günah olar.

Dünən Akademik Milli Dram Teatrında 70 illik yubileyi qeyd edilən Xalq artisti Rafiq Əzimov da belə aktyorlardandır.

 

- Sizin doğum tarixiniz fevralın 4-dür. Bəs niyə yubiley tədbiri bu qədər gecikdi?

- Mədəniyyət və turizm naziri yubileyimin təntənəli surətdə qeyd olunması üçün sərəncam verdi. Mən də etiraz eləmədim. Ancaq məhərrəmlik ayı idi və havalar soyuq keçirdi. Bir tərəfdən də teatrda məşqlər keçirilirdi. Mən özüm xahiş elədim ki, yubiley tədbiri teatrın 135 illik yubileyi ərəfəsində keçirilsin. "Bayram bayrama qovuşsun" - deyə müdiriyyətdən xahiş etdim. Nazir həmçinin göstəriş verib ki, haqqımda Az.TV-də sənədli film çəkilsin, kitab nəşr olunsun, məqalələr dərc edilsin.

- Yubileydə şərəfinizə qoyulan kresloda oturacaqsınız, yoxsa iştirakçılara qaynayıb qarışacaqsınız?

- Üç tamaşadan parça təqdim edəcəyəm. "Vaqif"də Vidadi, "Burla Xatun"da Dədə Qorqud, "Rəqabət"də Səttar rolu ilə səhnəyə çıxacağam. Düzünü desəm, çox həyəcan keçirirəm. Mənə elə gəlir ki, tamaşada oynamaq daha asandır.

- 10-15 il bundan əvvəl yaratdığınız bir obraza bu gün həyat təcrübənizdən əlavə etdiyiniz çalarlar nədən ibarət olacaq?

- Ürəyim ağrıyır... Ələlxüsus filmlərə, televiziya tamaşalarına baxanda. Hər bir anın öz hökmü var. İnsanın ağlı, dünyaya baxışı, həyata münasibəti də inkişaf edir. Dünən elədiklərimlə qane olsaydım, onda məndə inkişaf olmazdı. 70-ci ildə "Yeddi oğul istərəm"ə çəkiləndə cavan idim. Elə bilirdim ki, sənət bu dərəcədə olmalıdır. Bu gün baxanda isə "Bu epizodu başqa cür oynayardım" - deyirəm. Tamaşaçını sağ olsun ki, bu gün də bizi o filmlərə görə alqışlayır. O vaxt doğulmayan uşaq bu gün həmin filmin qiymətini verməyi bacarır. Sənət adamları dünənki əsərini ona görə bəyənmir ki, özü inkişaf edir. Ona görə də deyirlər ki, sənətin tavanı yoxdur. O adam ki, "Mən sənətkaram və ya aktyoram" deyir, sənət onunçün o gün də ölür. Sənətdə zirvə yoxdur.

- Siz ötən günləriniz haqqında danışanda ən çox hansı anları xatırlayırsınız?

- Tağıyev Teatrında, Musiqili Komediya Teatrında ilk qədəm qoyduğumuz illəri, dahi sənətkarları xatırlayanda hər şey kino lenti kimi gözlərim önündən keçir. Sonralar bir yerdə çalışdığım həmyaşıdlarım və məndən də cavanlar sıramızdan gedəndə onları həmişə ürək ağrısıyla xatırlayıram. Səməndər Rzayevi, Şahmar Ələkbərovu, Hamlet Xanızadəni, Həsən Turabovu, Vəfa Fətullayevanı, Hamlet Qurbanovu, Həsən Məmmədovu... necə sakit xatırlamaq olar? "7 oğul istərəm"dən cəmi 3 nəfər qalmışıq. Küçəyə çıxanda tamaşaçılardan hər biri bizi bir cürə qarşılayır və "Özünüzü qoruyun", "Siz bizə lazımsınız" - deyirlər. Axı mən o sənətkarlarla çiyin-çiyinə çalışmışam. İndi onlar yoxdur deyə ürəyim ağrıyır. Məndə belə biixtiyar ağlamaq olmamışdı - Həsən Məmmədovun ölümündə hönkür-hönkür ağladım. O, mən və Eldəniz Zeynalov bir yerdə oxumuşduq. İnstitutu qurtaranda da eyni ildə bu teatra gəlmişdik. İndi onlar həyatda yoxdur. Mən necə sakit ola bilərəm? Həyat nə qədər insanları əlimizdən alır. Məcbur qalıb barışırıq. Ancaq ümidsizliyə qapılmaq lazım deyil. O aktyorlar çox böyük sənət əsərləri yaradıb qoyublar ki, bəlkə də həyatda olanlar bu qədər iş görməyiblər. Mən "Göz həkimi"ndə Vəfa xanımı necə unuda bilərəm? Həsən Əblucu necə unuda bilərəm? Biz onlarla ailəvi dost olmuşuq. Bir yerdə qastrollara getmişik. Bulvarda bir yerdə gəzib dərdləşmişik. Bəlkə də başqa sənətdə olsaydıq, bu qədər adımız çəkilməzdi, bu qədər yaddaşlarda qalmazdıq, yurnalistlər də bizi bu qədər narahat etməzdilər. Yaxşı ki, bu sənətdə varıq. Bu, yüksək sənət olduğu üçün ona görə də heykəllər ucalır. Həsən Məmmədovun məqbərəsini görəndə ona biixtiyar baxmaq olmazdı. Onun kino obrazları lent kimi məzarının üstündədir. Bunlar mənim həyatımda həm sevincli illərdir, həm də kədərli.

- Əvəzolunmaz insan yoxdur, deyirlər. Həyatınızdan keçən o insanları bu gün sizinçün qismən də olsa əvəz edən varmı?

- Onlardan ən cavanı Səməndər Rzayev idi. Biz onunla qonşu olmuşuq. Belə istedadlar çox nadir hallarda dünyaya gəlir. O, 3-cü kursda oxuyanda "Hamlet"də Horatsionu oynayıb. O vaxt institutda belə bir aktyorun peyda olması böyük sensasiya yaratdı. Və yaxud Amaliya Pənahova 3-cü kursda "Sən həmişə mənimləsən"lə sensasiya yaratdı. Bəli, Səməndər, Şahmar, Həsən Məmmədov, Həsən Əbluc əvəzolunmazdır. Onlar bunu öz işləri ilə sübut ediblər. Bəlkə onlardan yaxşısı yaranacaq, mən bilmirəm. Üzeyir bəy musiqi aləminə gəldikdən sonra bəstəkarlar yarandı. Ancaq Üzeyir bəy, Fikrət Əmirov, Qara Qarayev yaranmayıb. Bunlar tamamilə başqa bir aləmdir. Böyük istedadlar yaranacaq, ancaq Abbas Mirzə, Hökumə Qurbanova, Ələsgər Ələkbərov, Mərziyə Davudova olmayacaq. Onlar öz sözlərini deyiblər. Biz də onlara baxaraq bu sənətə gəlmişik. Uşaqlıqdan kinoteatrlarda tamaşalara baxaraq dram teatrına vəsiqə almışıq. Mən uşaqikən tar dərnəyinə, xor dərnəyinə getmişəm. Mənim uşaqlıq mühitim tamamilə incəsənət aləminə bağlanıb.

- Düzdür, o nəsil həyatdan gedib. Ancaq bu gün də teatrın ağırlığını çiynində daşıyan bir nəsil var: "Köhnə qvardiya".

- Mən tamaşaçı ilə tez-tez ünsiyyətdə oluram. Bu ünsiyyətdən heç vaxt qaçmıram. Dediyiniz o sualı mənə tez-tez verib dedilər ki, "Heyf, o köhnə artistlərdən", "Mən daha teatra getmirəm", "İndi teatrda kim qalıb?" və s. Mən həmin sözlərlə heç vaxt razılaşmıram. Onlara ilk sualım da belə olur: axırıncı dəfə nə vaxt teatrda olmusan? Deyirlər ki, heç təzə teatrda olmamışam. Təzə teatr deyəndə 60-cı ildə bura köçən dram teatrını nəzərdə tuturlar. Deməli, 60-cı ildən bu yana bu teatrda olmayanlar var. Yenə də onlar Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli dövrü ilə yaşayırlar. Bizim müvəffəqiyyətli tamaşalarımız çoxdur. Türkiyədə, Başqırdıstandakı beynəlxalq festivalda çox böyük uğurlarımız olub. Ancaq mən çox istərdim ki, qabaqkı kimi tamaşaların müzakirəsi keçirilsin. Teatrşünaslar, tənqidçilər, tamaşaçılar müzakirələrdə iştirak etsin. Qabaqlar müzakirələrin özü bir tamaşa idi. Müzakirələrdən çox şey öyrənirdik. İndisə gəlib baxırlar və gedirlər. Tənqid olan yerdə inkişaf da olar. Yoxsa yalançı təriflər... kimə lazımdır. Mən ömür boyu o təriflərdən qaçmışam.

- Bayaq dediniz ki, sizi "Yeddi oğul istərəm"ə görə daha çox tanıyırlar. Kino, yoxsa teatr taleyinizi daha uğurlu hesab edirsiniz?

- Mənim diplomumda da ixtisasım kino və teatr aktyoru yazılıb. Birinci qədəmim teatra olub. 1962-cı ildə o dövrün sənətkarları bizim tələbə tamaşalarımıza baxır və gənc aktyorları gözaltı edirdilər. O rəylərə əsasən, mən, Həsən Məmmədov və Eldəniz Quliyev bu teatra təyinat aldıq. O vaxtdan heç yerə getməmişəm. Həsən Məmmədov arada kinostudiyaya gedib yenidən qayıtdı. Eldəniz Quliyev də arada getmişdi. Ancaq yenə bura qayıtdılar. Teatr mənə daha doğmadır. Çünki teatr canlıdır. Mənim əmək kitabçamda bircə ünvan var: Akademik Milli Dram Teatrı. Amma kino aləmi adamı daha çox yaşadır. Teatrda lentə alınmayan tamaşa yaddan çıxır. Yalnız xəyallarda təəssürat qalır. Kinoda isə nə etmisənsə qalır. Kino aktyoru yaşadır. Teatrda isə tamaşaçının nəfəsini duyursan. Ona görə də adam heç birini əlindən buraxmaq istəmir. İkisi də aktyora doğmadır. Kino ilə necə doğma olmayım ki, məni bu günə qədər yaşadır. Mən bu gün necə doğma teatrımı sevməyim ki, günaşırı tamaşaçı nəfəsi duyuram. 50 ilə yaxındır ki, bu ünsiyyətdəyəm. Hər dəfə də səhnəyə çıxanda "görəsən, tamaşaçı məni necə qarşılayacaq?" - deyə məsuliyyətlə düşünürəm. Hər tamaşa bir imtahandır. Mən həvəssiz, könülsüz səhnəyə çıxmıram.

- Dediniz ki, sizi küçədə görənlər "özünüzü qoruyun" - deyə tövsiyə edirlər. Siz necə, bunu bacarırsınızmı? Ümumiyyətlə bu, insanın özündənmi asılıdır?

- Özündən asılı deyil, əlbəttə. Çünki hər an bacardıqca üzərimdə olan yükü götürməyə və evdəkilərə də bunu hiss etdirməməyə çalışıram. Ancaq ən yaxın həyat yoldaşındır. O, bunu istər-istəməz duyur. Əsas qayğını da ondan görürəm. Mən uşaqlıq illərindən bu günə qədər hər şeyi öz zəhmətimlə əldə etmişəm. Sənət aləmində heç bir arxam olmayıb. Yaşıma, təcrübəmə görə fəxri adları da hamıdan gec almışam. Yenə də sağ olsunlar ki, qiymətləndirib veriblər. Bir dəfə televiziyada haqqımda veriliş hazırlanarkən yurnalist qız: "Xalq artisti adını alandan sonra özünüzü necə hiss edirsiniz?" - deyə sual verəndə "çox pis" cavabını verdim. O, maraqla "niyə?" sualını verəndə "vallah, elə böyük sənətkarlarla işləmişəm ki... Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Mustafa Mərdanov, Vəlixanlı da Xalq artisti, mən də? Mən onların elədiklərinin az miqdarını da eləməmişəm. Məni bəziləri elə bu teatrda " niyə özünü alçaldırsan?" - deyə qınadılar da. Dedim ki, vallah özümü alçaltmıram. Təkcə Ağsadıq Gəraybəylinin kinoda, teatrda elədiklərinin az miqdarını eləməmişəmsə, mən bu həqiqəti danmalıyam? Təkcə qüvvəm onda olmalıdır ki, bu adı daşıya bilim. Vay o gündən ki, alasan, daşıya bilməyəsən! Onda tamaşaçı nifrəti qazanırsan, tamaşaçının gözündən düşmürsən. Mən çalışıb sənətimlə o zirvəyə qalxmalıyam ki, "bu hara, o hara" deməsinlər. Əgər desəm ki, Xalq artistiyəm, hər şeyi eləmişəm, onda heç nə oluram. Mənim sənət aləminə baxışım belədir.

 

 

Kaspi.- 2008.- 15-17 mart.- S. 20.