Quliyev İ.

 

Yaradıcı birliklərə yardım etməyin yolunu tapacağıq

 

  Milli Məclisin yaz sessiyasının iş planına daxil edilən və geniş maraq doğuran qanun layihələrindən biri də "Yaradıcı şəxslər və yaradıcı birliklər haqqında"dır. Yaradıcı birliklərin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutan bu qanun layihəsi müxtəlif nazirliklərin etirazına səbəb olub. Vergilər, Maliyyə nazirlikləri, digər dövlət qurumları bu qanunun qəbul edilməsini istəmirlər. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyası isə qanunun qəbul edilməsində israrlıdır. Amma birinci oxunuşdan keçən qanun layihəsinin ikinci oxunuş müzakirələrinin vaxt keçiriləcəyi məlum deyil. Bəzən belə bir fikir səsləndirilir ki, sözügedən qanun layihəsi "Təhsil haqqında" qanunun aqibətini yaşaya bilər. Qanun layihəsini müzakirələrə təqdim edən Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, millət vəkili Nizami Cəfərovla söhbətimizdə yaradıcı birliklərin həsrətlə gözlədiyi qanun layihəsinin gələcək aqibəti ilə maraqlandıq. Daimi komissiya sədri kifayət qədər optimist danışdı.

 

- Nizami müəllim, "Yaradıcı şəxslər yaradıcı birliklər haqqında" qanun layihəsi ilə bağlı yaranmış fikir ayrılıqları həllini tapdımı? Qanun layihəsini yaz sessiyasının sonuna qədər qəbul etmək mümkün olacaqmı?

- İnanıram ki, qanun layihəsi ilə bağlı meydana çıxan problemlər onun yaz sessiyasının sonuna qədər qəbul edilməsinə mane olmayacaq. Çünki biz bu məsələləri əvvəlcədən müzakirə etmişdik. Hətta vitse-spiker Valeh Ələsgərov Mədəniyyət məsələləri daimi komissiyasının iclasında çıxış edərkən biz onun qeyd etdiyi məsələləri həll etmişdik. Ümumilikdə götürsək, bu qanun layihəsi ilə bağlı 3 problem var. Onlardan birincisi odur ki, Vergilər Nazirliyi yaradıcı birliklərə vergi güzəştlərinin edilməsinin əleyhinədir. İkinci problem gömrük rüsumu ilə bağlıdır. Digər ciddi problem yaradıcı birliklərin dövlət büdcəsindən maliyyələşdirilməsidir. Qeyd etmək lazımdır ki, bir sıra yaradıcı birliklər hazırda da büdcədən vəsait alırlar. Keçən il Yazıçılar Birliyi Bəstəkarlar İttifaqı büdcədən maliyyələşdirilib. Bu ildən Rəssamlar İttifaqına da büdcədən vəsait ayrılması nəzərdə tutulur. Məsələ burasındadır ki, hörmətli Valeh müəllim etirazını ifadə edəndə bunu nəzərə almamışdı. Amma əgər Milli Məclisdə bu cür fikirlər səsləndirilirsə, istənilən halda biz bunu problem hesab edirik. Burada problem olmayan bir məsələ var. Bu da Azərbaycan dövlətinin yaradıcı şəxslərə olan münasibətidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyin ilk illərindən həmişə müxtəlif formalarda yaradıcı şəxslərə kömək edib. Ümummilli lider bu yolla yaradıcılıq hərəkatına xüsusi qayğı göstərmək yolu tutub. Bu, artıq dövlətimizin siyasətinə çevrilib. İndi bu yol davam etdirilir. Prezident İlham Əliyev həmişə yaradıcı birliklərə diqqət göstərir. Buna görə hesab edirəm ki, biz yaradıcı birliklərə yardım etməyin yolunu tapacağıq. Bizim üçün o qədər vacib deyil ki, yaradıcı birliklər vergidən azad olunsun, onlara büdcədən vəsait ayrılsın. Vacib olan odur ki, yaradıcı ittifaqlar hansı yollasa maliyyələşsin, yaradıcı şəxslərin maddi vəziyyəti yaxşılaşdırılsın. Dövlətin siyasəti ortada olduğundan buna nail olacağımıza inanıram.

- Məlum olduğu kimi, bu qanun layihəsi əsasən hazırda fəaliyyət göstərən, tarixi olan 5 yaradıcılıq birliyinə şamil olunur. Belə fikirlər səsləndirilir ki, gələcəkdə digər yaradıcı təşkilatlar da dövlətdən yardım umacaqlar bu, əlavə problemlər yarada bilər.

- Bəli, biz əsasən xüsusi tarixi olan 5 yaradıcı birliyin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tuturuq. Bunlar Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı Kinematoqrafçılar İttifaqıdır. Memarlar İttifaqının da bu sıraya daxil edilməsi təklifləri var. Amma bu, mübahisəli məsələdir. İndi biz bu barədə düşünürük. Məsələ burasındadır ki, Memarlar İttifaqının təsərrüfat bazası bir az genişdir. Onların maliyyə əldə etmək imkanları var. Buna görə bir az tərəddüd edirik. Amma düşünürəm ki, gələcəkdə dövlət büdcəsindən maliyyələşdiriləcək yaradıcı təşkilatların sayı maksimum 7 ola bilər. Yaradıcı birliklər mütləq dövlətin himayəsində olmalıdır. Təsəvvür edin ki, bizim maliyyələşdirilməsini istədiyimiz Yazıçılar Birliyinin 70 illik tarixi var. Yaradıcı birliklər vaxtilə nazirlik statusunda olub. Onlar mədəniyyətimizin, mənəviyyatımızın müxtəlif sahələrinə rəhbərlik ediblər. Sizin qaldırdığınız məsələ problem deyil. Sabah, o birisi gün yaradılacaq yaradıcı birliklər heç vaxt özlərini indiki köklü birliklərlə müqayisə edə bilməyəcəklər. Bizim maliyyələşdirilməsini istədiyimiz yaradıcı birliklərin Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri var. Biz o qurumları qoruyub saxlamalıyıq.

- Belə bir fikir var ki, yaradıcı birliklər qeyri-hökumət təşkilatıdırlar. Qeyri-dövlət təşkilatının isə dövlət büdcəsindən maliyyələşdirilməsi düzgün deyil.

- Bilirsiniz, yaradıcı təşkilatlar həqiqətən QHT-dirlər. Amma razılaşmaq lazımdır ki, onlar xüsusi mövqeyə malikdirlər. Heç kim inkar edə bilməz ki, yaradıcı birliklərin spesifik cəhətləri var. Buna görə onları sayı minlərlə olan digər QHT-lərlə eyniləşdirmək olmaz.

- Hesab edirsiniz ki, bu qanunun qəbulu gələcəkdə heç bir problem yaratmayacaq. Yəni onun tətbiqi mümkün olacaq.

- Yüz faiz təminat verə bilərəm ki, bu qanunun qəbul olunmasından sonra onun icrası ilə bağlı heç bir problem yaranmayacaq. Çünki biz problem yaradacaq bütün məsələləri həll etmişik.

- Nizami müəllim, Milli Məclisin daimi komissiyaları Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının dəstəyi ilə ictimai dinləmələr keçirirlər. Sizin komissiyada da bu cür dinləmələrin keçirilməsi nəzərdə tutulurmu?

- Parlamentin digər daimi komissiyaları ilə müqayisədə Mədəniyyət məsələləri daimi komissiyası KİV-lərlə daha sıx əlaqədədir. Biz işimizi Mədəniyyət Turizm Nazirliyi ilə birgə qurmağa çalışırıq. Çünki söhbət təkcə qanunun qəbul olunmasından getmir. Əsas məsələ onun icrası ilə bağlıdır. Mədəniyyət sahəsi ilə bağlı icra işlərini isə əsasən Mədəniyyət Turizm Nazirliyi həyata keçirir. Bundan başqa, biz istənilən qanunu müzakirələrə hazırlayarkən ictimai rəyə xüsusi fikir veririk. Yaradıcı birliklərin təmsilçiləri ilə söhbətlərdə eşitdiklərimiz, bizə ünvanlanan təkliflər elə ictimai rəydir. Bir biz daha çox peşəkar rəylərə fikir verməliyik. Ümumilikdə cəmiyyətin fikri ilə razılaşmaq problem yarada bilər. Cəmiyyətə var ki? Cəmiyyət istənilən müğənnidən, rəssamdan zövq ala bilər. Bir nəfər desə ki, filan müğənni yaxşı oxumur, 20-si çıxıb əksini deyəcək. Ona görə biz peşəkarların fikrinə daha çox diqqət yetiririk. O ki qaldı sizin dediyiniz məsələyə, mən həmişə etdiyim işlərin formal olmasının əleyhinə olmuşam.

 

Kaspi.-  2008.- 20 mart.- S. 10.