"Min bir gecə" Türkiyədə göstərilir

 

Azərbaycanın balet truppası Fikrət Əmirovun "Min bir gecə" baleti ilə İstanbul və Ankarada çıxış edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən bildirmişlər ki, fevralın 29-da başlanan qastrol səfəri martın 6-dək davam edəcəkdir.

Teatrın balet truppası martın 1,2 və 3-də İstanbulda, martın 5-də isə Ankara səhnələrində çıxış etmişdir. Azərbaycanın İstanbuldakı konsulluğunun təşkilatçılığı ilə baş tutan bu səfərə 60 nəfərlik heyət yollanmışdır. Baletdə əsas partiyaları xalq artisti Mədinə Əliyeva, əməkdar artist Kamilla Hüseynova, eləcə də İslam İslamov, Yelena Skornoroşenka, Alsu Qimaliyeva ifa ediblər. ,

Opera və balet teatrının səhnəsində isə xalq artisti, professor Tofiq Bakıxanovun Nizami Gəncəvinin "Xeyir və şər" poeması əsasında yazdığı eyni adlı baletin premyerası keçirilmişdir. Tamaşanın quruluşçu baletmeysteri xalq artisti Tamilla Şirəliyeva, musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirovdur. Səhnə əsərində əsas partiyaları əməkdar artistlər Rimma İsgəndərova, Külağası Mirzəyev (Xeyir) və Yelena Skomoroşenko və aparıcı solist Samir Səmədov (Şər) ifa etmişlər.

 

Bakı.- 2008.- 5-11 mart.- S. 3.