Ağlar-güləyən
və yaxud əksinə
Əgər
"Azərbaycan qadını" anlayışına
nümunələr gətirməli olsaq, yəqin ki, birinci
çəkilən adlar arasında onun da adı olacaq. Azərbaycanın,
sözün əsl mənasında Xalq artisti, unudulmaz
sənətkar Nəsibə Zeynalova. Onun haqqında bu gün,
xanımlar günündə yazmaq, xatırlamaq və
xatırlatmaq istəyirəm. Həm də istəyirəm onun
haqqında xanımlar, qadınlar bayramında bu yazımı
ingilis dramaturqu Bernard Şounun aforizmi ilə başlayam.
Çox zaman bunlara şou paradoksları da deyirlər. Dramaturq
deyir ki, hətta biz öləndə belə həyat
gülməli olaraq qalır və əksinə, biz
güləndə belə, həyat ciddi olaraq qalmaqdadır.
Doğrudan da parodoksdur! Axı necə ola bilər,
öləndə gülməli, güləndə
ağlamalı? Məgər bunlar ayrı-ayrı, özü
də bir-birinə ziddiyyət təşkil edən anlamlar
deyil? Elədir! Amma sən demə, ziddiyyətlərin də
barışan məqamı var. Sadəcə onu görmək
lazımdır.
Vaxt
vardı mən də əksər gənc jurnalist
həmkarlarım kimi kəskin, qaranlıq, müəmmalı
mövzulara müraciət etməyi xoşlayırdım. Məsələn,
intihar. Bir dəfə bu mövzu üzərində
işləyəndə, statistik göstəricilər
axtarıb əldə etdim və məlum oldu ki, Azərbaycanda
ən çox intihar halları gənc ailəli
qadınlar, evin gəlinləri arasında baş verirdi və
əksəriyyət də intiharın ən ağır
növlərindən birinə, özünü
yandırmağa əl atırdı. Belə
dəhşətli ölümlərin, demək olar ki,
yüzə yüz faiz səbəbi, evdə qaynana ilə yola
getməmək olurdu. Başqa xalqları bilmirəm, amma
azərbaycanlılar üçün bu, həmişə
ənənəvi bir problem olub və bəzən
çıxış yolu kimi gəlinlər, evin xanımları
bu növ son dərəcə əlacsız, faciəli
vasitələrdən istifadə edirlər. Elə bizim klassik
ədəbiyyatımızda da bu problemin ən müxtəlif
şəkildə təcəssümünə saysız
misallar gətirmək mümkündür. Amma 60-cı
illərin əvvəllərində səhnə
sənətində bir surət meydana gəldi və buna
qədər gəlin-qaynana təsəvvürümüzü
tamamilə alt-üst elədi. Sən demə, bu növ
ağrılı problemin içində həyat yenə də
özünün məzəli sifətini, gizli də olsa,
qoruyub saxlayırmış. Sən demə, buna gülmək
də olarmış. Çünki bu da həqiqətdir! Başqa xalqları deyə bilmərəm, amma bizim,
biz azərbaycanlıların gözünü bu
həqiqətə açan, elə bil hamımızın
nəzərini birdən, hamılıqla döndərib bu
həqiqətin yerləşdiyi məkana yönəldən
Azərbaycanın Xalq artisti Nəsibə Zeynalova olub.
Qaynana surəti ilə.
Onu
bəzən "Azərbaycan səhnəsinin qaynanası"
adlandırırlar. Bu epiteti yalnız bircə
şərtlə qəbul etmək olar. Əks təqdirdə
biz onun hədsiz dərəcədə çoxşaxəli,
zəngın yaradıcılığını məhdudlaşdırmış
olarıq. Bəlkə də yüzlərlə aktrisa
üçün Qaynana kifayət edərdi ki, sənət tarixinə
həmişəlik öz adını yazsın,
əbədiləşsin. Amma Nəsibə Zeynalova yox! O, daha
böyükdür. Onun aktrisa kimi imkanları daha geniş idi.
Sadəcə olaraq o, qaynana surəti ilə söhbətimizin
başlanğıcında gətirdiyimiz aforizmdəki
böyük həqiqətin təsdiqini bizə görk etdirdi.
Hətta ölümdə belə həyat məzəli,
hətta güləndə belə həyat ciddidir. Bunun
üçün onun başqa bir tamaşada oynadığı
Qaynananı misal gətirmək lazımdır. Cəfər
Cabbarlının "Dilbər" hekayəsi əsasında
hazırlanmış televiziya tamaşasında Nəsibə
xanımın oynadığı Qaynana elə həmin
surətdir. Bircə fərqlə, burda hadisələr
faciə ilə nəticələnəcək, Məcid
Şamxalovun "Qaynana"sında isə xoşbəxt
sonluqla. Süyetlər ayrıdır. Surət isə eyni.
Onun atası Azərbaycan teatrının
yaradıcılarından, Bakıda ən hörmətli,
sözükeçən kişilərdən biri olub. O,
varlı, mülkədar idi. Hətta onun haqqında belə bir
söhbət danışırdılar ki, bir dəfə ona
"bu qədər varı, dövləti kimin
üçün qoyub gedəcəksən?" sualını
veriblər. O, hamını heyrətə gətirən cavab
verib. Hələ onda qızı anadan olmamışdı.
Nəsibə xanım dünyaya gələndə Cahangir
Zeynalovun artıq 61 yaşı vardı. Aktyor vəfat
edəndə, yəni 1918-ci ildə, qızının iki
yaşı vardı. Ona 61 yaşına qədər olan bir
dövrdə verilən bu suala məşhur aktyor belə cavab
verir": Bizim teatrımız var, teatrımızda bu
qədər aktyor və reyissorlarımız var, məgər
onlar varis ola bilməzlər?"
Doğrudan
da, səhnə sənətimizin, teatr
mədəniyyətimizin valideynlərindən biri idi
Nəsibə xanımın atası. Nəsibə
xanım gələcək aktrisa üçün belə
əlverişli, uğurlu bir ailədə doğulub. Lakin bu
ilk baxışda belədir. Çünki o, nə bu teatr
mühitində qala bildi, nə də atasının
bilavasitə teatral karyera baxımından, varislərindən
biri oldu. O, teatra Cahangir Zeynalovun qızı kimi gəlmədi.
O, teatra bir çox başqa aktrisalar kimi kənardan, tanınmayan
bir qız kimi qədəm qoydu.
Nəsibə
Zeynalova uzun ömür yaşayıb. 88 il. Bu
ömrün 60 ilindən çoxu Azərbaycan teatrına
və kino sənətinə həsr olunub. Bayaq dediyimiz kimi,
hətta ən faciəli, ağrılı problemlərə
qarşı əks qütbdə dayanıb. Həyatın
acı dadını özü də yaxşı bilirdi. Odur
ki, əks qütbdə dayanmaqla özünə və
tamaşaçılarına məlhəm olan gülüş
bəxş edib. Əyləndirməyib, əsla!
Güldürüb, düşündürüb, məlum
vəziyyətlərə yeni məzmun gətirib. Rauf
Kazımovski onun haqqında bir film çəkib, belə
adlanır: "Aktrisanın təbəssümü". Bax,
biz həmişə onu belə təsəvvür etmişik.
Özündə-çöhrəsində xoşbəxt
təbəssüm. Amma belə deyilmiş. Səhnədə
olduğu kimi həyatda da gözlənilməz olub
Nəsibə xanım. Þmrünün sonunda o,
həyatı haqqında, ağır ömür yolu
barəsində etiraflar etdi. Biz bunlarla Səfəroğlunun
"Ayın görünməyən üzü"
kitabında tanış olduq. ANS kanalında
Mirşahinin müsahibə canrında
hazırladığı "Təmiz söhbət"
verilişində isə Nəsibə xanım özü
öz tamaşaçıları, pərəstişkarları
(yəni bütün azərbaycanlılar qarşısında,
çünki azərbaycanlılar arasında Nəsibə
xanıma pərəstiş etməyən adam tapmaq mümkün deyil) qarşısında
çıxış etdi. Həyatı haqqında
ürəkağrıdan söhbətlər eşitdik onun
dilindən. Bir çoxları bu verilişdən sonra deyirdi
ki, Mirşahin bizim tanıdığımız Nəsibə
xanımı əlimizdən aldı.
Məncə,
belə yanaşma düzgün deyil. Əgər
diqqətlə, xüsusilə onun kinoda yaratdığı
rollara baxsaq "ayın o biri üzünü" görə
bilərik. Mən kinoda deyirəm, çünki Musiqili
Komediya Teatrında Nəsibə xanım yalnız komik rollar
oynamağa məcbur idi. Kinoda isə bəzən onun necə
ustalıqla dramatik vəziyyətlər yarada bildiyinin
dəfələrlə şahidi olmuşuq. Bu rollar onda
inandırıcı alınırdı. İlk
növbədə ona görə ki, o, dramatik, bəzi
məqamlarda faciəli həyat yolu keçib.
Nəsibə
xanım Azərbaycan qadınını birbaşa həyatdan,
məişətdən səhnəyə, ekrana gətirdi. Azərbaycan
qadını necə olmalıdır? Onun təqdimatında
müsbət, yaxud mənfi keyfiyyətlərin ifadəsi kimi
yox, necə var, elə olmalıdır.
Həyat-məişət tozunu üst-başından
çırpmadan, təmizləmədən, boyanmadan,
rənglənmədən. Biz onun oynadığı rollarda
hər gün gördüyümüz qadınları tanıyırdıq.
Mümkündür ki, o qadınlar bu gün zahirən
dəyişib. Daxilən isə necə vardı, elə də
qalıb. "Böyük dayaq" filmində kolxozçu
qadın elə bil rol deyil oynayır, o dövrdən
birbaşa sitatdır. Eyni sözləri "O qızı
axtarın" filmində çəkildiyi rol barədə
demək olar. Burda onun yaradıcılığının son
dərəcə vacib xüsusiyyəti aydın
görünür. Məsələ
tamaşaçını güldürməkdə deyil.
İnsanlar özləri həyatda olduğu kimi
maraqlıdır və bundan daha maraqlı dünyanın
yüz dahi aktyoru da gəlsə, onu yarada bilməz. Əsas
məsələ bunu görmək və sənətə
gətirməkdir. Bax, bununla fəth eləyirdi
Nəsibə Zeynalova tamaşaçılarının
ürəyini.
"Mehman" filmində iki rolda oynayır. Həm
qoca qarı, onun "Þgey ana" filmindən başlayaraq
daim, dəfələrlə müraciət etdiyi surət,
həm də Mehmanın qaynanası. Yenə də qaynana! Amma
nisbətən cavan, hiyləgər, tamahkar, əzazil və
təhlükəli. Onun üçün həyat
var-dövlət, cah-cəlaldır. Qalan hər şey
qızının xoşbəxtliyi, ailənin, ocağın
istiliyi ikinci dərəcəli məsələlərdir. Bu da
həyatın özündən sitat, çıxarışdır.
Görünür
o, təkcə Cahangir Zeynalovun qızı olduğuna
görə deyil, təbiətinə görə də aktrisa
olmağa bir növ məhkum idi. 1932-ci ildən etibarən dram
dərnəklərində, sonra texnikumda, sonra da Musiqili Komediya
Teatrında işləyir. Birinci dəfə,
müharibə ərəfəsində evlənir. Amma əri
müharibə qurtarandan sonra Bakıya qayıtmır, qərib
yerdə özünə başqa ailə qurur. Bu da bir taledir.
Görünür, belə də olmalıydı.
Müharibədən sonra Nəsibə xanım ona
ömür-gün yoldaşı olacaq musiqiçi,
kamança ifaçısı Mütəllim Novruzovla ailə
həyatı qurur. Bu nikahdan onların bir oğlu olur, bu
gün reyissor və aktyor kimi tanıdığımız
Cahangir Novruzov.
Aktrisanın
yaradıcılığının ən uğurlu
dövrü, əgər belə demək olarsa,
həyatının ikinci hissəsində, gəncliyi arxada
qoyduğu bir vaxtda başlayır. Nəsibə Zeynalova
ötən əsrin 50-ci illərin sonunda sənət
fəaliyyətinə başlayan nəslə aiddir. Uzun
müddət onu həm teatrda, həm də kinoda
yaratdığı "Ulduz" komediyasındakı
Züleyxa kimi tanıyırdılar. O zaman çoxunun
ağlına gəlməzdi ki, bu, "Þgey ana"
filmində qarı nənəni oynayan aktrisadır. Məhz
Züleyxa rolunda onun məşhur təbəssümü
başlayır. O, təkə güldürmür, təkcə
düşündürmür, o, hər şeydən
əvvəl xoş əhval gətirə bilirdi. Belə
adamları həmişə gözləyirlər. Belə
adamları sevirlər. Belə adamları heç vaxt
unutmurlar. Ələlxüsus, xanımlar günündə.
Nəsibə
xanım çox maraqlı dramatik aktrisa ola bilərdi. Hətta
güldürəndə belə, ciddi
məsələlərə ciddi münasibəti oynaya bilirdi.
Ən müxtəlif klassik dramlarda, faciə
əsərlərində onu təsəvvürə
gətirmək çətin deyil. Amma o, gülüşə
üstünlük verirdi. O, həyatın ciddiliyinə
rəğmən gülüşə üstünlük
verirdi. Elə sənətkarlar var ki, həyatın nə
qədər ağır olduğunu gülüşdən daha
yaxşı vasitə ilə göstərməkdən
güclü vasitə olmadığını anlayır və
bunu göstərir. Bəzən güldürmək məqsədi
ilə ondan ömrünün son illərində istifadə
edirdilər, onu bəsit tamaşa-şoulara
iştirakçı kimi qatmağa
çalışırdılar. Pis alınırdı! Biz
Nəsibə Zeynalovanın əsl sənətini
görmüşük. Bu sənətdə gülüş
məqsəd deyildi. Aman Allah, gülüş, nə
qədər ciddi məsələdir! Görəsən, bunu
bir daha nə vaxtsa anlayacağıq? Görəsən, bunu bu
gün güldürənlər və onlara baxıb
gülənlər nə vaxtsa başa düşəcək?
Ədalət.- 2008.- 8 mart.- S. 3.