Cəfərova V.

 

Gənclər Teatrı: əzəli ənənələr əbədi dəyərlərə çevrilir

 

Hazırda Azərbaycanın ən nüfuzlu teatr kollektivləri sırasında yer alan Dövlət Gənclər Teatrının yaranması inkişafı mərhum rejissor, görkəmli sənətkar Hüseynağa Atakişiyevin adı ilə bağlıdır. H.Atakişiyevin vəfatı ilə əlaqədar bu teatrın işində böhran yaranacağı, hətta fəaliyyətini dayandıracağı barədə bədbin proqnozlar səslənirdi. Ancaq kollektiv bütün gücünü toplayaraq ayaqda qala bildi. Bununla həm mərhum sənətkarımızın ruhuna ehtiramını göstərdi, həm öz sənət yoluna davam etdi. Gənclər Teatrının direktoru Həsən Həsənov bizimlə söhbətində H.Atakişiyevin vəfatından sonra ciddi çətinliklərlə üzləşdiklərini, kollektivin bu itkini dərin kədərlə qarşıladığını bildirdi: "Onun yoxluğu hər birimizə çox pis təsir etdi, teatrın kollektivi xeyli vaxt sarsıntı içərisində qaldı. Amma biz bu vəziyyətdən çıxmağı, bütün imkanlarımızı səfərbər edərək teatrı yaşatmağı bacardıq. Teatr sənətinə, bizim kollektivə yaxından bağlı olan Rəhman Əlizadə 2006- ilin iyulunda buraya baş rejissor təyin edildi. Həmin tarixdən mən Teatrın direktor vəzifəsində çalışıram. Biz əl-ələ verərək, kollektivlə birgə çalışaraq Gənclər Teatrının böhran keçirməsinə imkan vermədik. Qısa müddətdən sonra kollektiv yenidən öz yaradıcılıq yolunu uğurla davam etdirməyə başladı". Teatrın bina probleminin hələ həllini tapmadığını deyən H.Həsənov dəfələrlə bu məsələnin üzərinə gəlindiyini, ancaq indiyədək qəti bir qərar verilmədiyini vurğuladı. Direktorun sözlərinə görə, qarşılaşdıqları çətinliklərə baxmayaraq, kollektiv öz işini lazımi səviyyədə qurmağa səy göstərir: "Son dövrdə bir neçə uğurlu tamaşa hazırlayıb təhvil vermişik. Təbii ki, bu ilk növbədə kollektiv üzvlərinin, yeni rəhbərliyin Teatrın hər bir işçisinin zəhmətinin bəhrəsidir. Bu yaxınlarda Rəhman Əlizadə Hüseyn Cavidin 125 illiyi münasibətilə dramaturqun "İblis" əsərini tamaşaya qoydu ilk olaraq bizim teatrda İblis rolunu qadın - istedadlı aktrisa Nəsibə Eldarova ifa etdi. Artıq bu tamaşa üç dəfə oynanılıb".
   Direktorun sözlərinə görə, Teatrın öz dəsti-xəttinə uyğun olaraq burada gənclərin yaradıcılığına xüsusi meydan verilir: "Gənclərdən Sərvər Əliyev son vaxtlar uğurlu tamaşalar hazırlayıb. Dörd gənc aktyoru kollektivə qəbul etmişik. Onlar da teatr truppasına alışıb, öz yerlərini möhkəmləndiriblər, artıq 3-4 yeni tamaşada iştirak ediblər. Biz gənc aktyorlara böyük ümid bəsləyirik. Gənc sənətçilərə qayğı sahəsində teatrın əzəli prinsiplərinə, dəyərli ənənələrinə sadiq qalaraq işimizi davam etdiririk".

H.Həsənovdan öyrəndik ki, Gənclər Teatrı 2008-ci ildə 5 tamaşa hazırlamağı nəzərdə tutur. Bunlar "Tarelkinin ölümü", "Sara Xatun", "Cənnətin çəmənliyi", "Bir gör..." "Bir dön, geriyə bax" adlı tamaşalar olacaq.
   

525-ci qəzet.- 2008.- 7 mart.- S. 7.