Sarıyeva İ.
Əbülfəs Qarayev
arxeoloji abidələrin satılması faktlarına
aydınlıq gətirdi
Martın 14-də
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
jurnalistlər üçün mətbuat konfransı
keçirdi. Media mənsubları qarşısında 2008-ci
ildə nazirliyin gördüyü işlər, keçirdiyi
görüşlər və s. barədə hesabatla
çıxış edən nazir bildirdi ki, 2009-cu ildə
Bakı İslam
mədəniyyətinin paytaxtı elan edilib.
Ə.Qarayevin
bildirdiyinə görə, Avropa dövlətlərinin
mədəniyyət nazirləri Bakıda toplantı
keçirəcək və bu toplantıda Azərbaycan
tərəf ermənilərin xalqımızın maddi, mədəni,
arxeoloji abidələrinə qarşı etdiyi zorakılıq
aktlarını da müzakirəyə çıxaracaq.
Azərbaycanda turizm sahəsinin inkişaf etdiyini deyən nazir
bildirdi ki, Qusar rayonunun Şahdağ ərazisində
qış-yay idman turizm sağlamlıq kompleksi inşa
ediləcək. Onun tikintisi isə Almaniya və Avstriya ekspert
və mütəxəsisləri tərəfindən həyata
keçiriləcək.
Nazir onu da bildirdi ki,
hazırda kompleksin inşa ediləcəyi ərazidə
araşdırmalar aparılır: «Layihə mövcuddur,
inkişaf proqramını təsdiq etmişik. Hazırda
ərazidə tədqiqatlar aparılır. Yayda burada
qazıntı işlərinin başlaması
nəzərdə tutulub. Çünki bura seysmik bir
zonadır. Biz insanların həyatını
təhlükədə qoya bilmərik. Ona görə də
çox ciddi tədbirlər görür, tədqiqatlar aparırıq. Bu ərazi min metr
yüksəklikdə
yerləşir və orada
nə əməlli-başlı yol, nə də su
mənbəyi var. Yəni orada ciddi infrastruktur islahatlarına ehtiyac
var». Nazir kompleksin 2009-2010 illərdə istifadəyə
veriləcəyinə ümid bəslədiyini dedi. Onun sözlərinə görə, kompleksin birinci korpusu 1
milyard yarım, 2 milyarda başa gələcək. Qeyd edək
ki, son vaxtlar arxeoloji qazıntılar zamanı tapılan
materialların satılması, məhv edilməsi barədə
KİV-də müxtəlif yazılar dərc edilir.
Həmkarımızdan biri də nazirə bu məsələ
ilə bağlı sual verdi. Nazir sualı cavablandıraraq
bildirdi ki, tapılan nümunələrin satışa
çıxarılması haqda məlumatı yoxdur, amma ötən
il iki dəfə dağıdılma faktı aşkar edilib.
«Bizim mütəxəssislər dərhal ora gedib və
yerindəcə araşdırma aparıblar. Yalnız bir
dəfə tikinti dayandırıldı. Bizim
əməkdaşlar da arxeoloji qazıntılarda Akademiyanın
Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları
ilə birgə iştirak edir. Tapılan arxeoloji materiallar ya
akademiyanın sözügedən institutuna, ya da ki, ərazilərdəki
tarix diyarşünaslıq muzeylərinə təhvil verilir.
Əgər sizdə arxeoloji materialların satılması
ilə bağlı faktlar varsa, çəkinmədən
nazirliyə müraciət edin və biz də tədbir görək».
Digər bir sual isə Azərbaycanda fəaliyyət
göstərən kinoteatrlarda baş alıb gedən
antisanitariya, bu obyektlərin restorana, bilyardxanalara
çevrilməsi və bunun qarşısını almaq
üçün görülən tədbirlərlə
bağlı oldu. «Nazirliyin balansında olan kinoteatrlar,
hansılar ki, özəlləşməyə getməyib
və orada baş alıb gedən biabırçılıqların
qarşısının alınması üçün
tədbirlər görülüb, bir neçə zalı
bağlatmışıq. Bundan sonra da tədbirlər davam
etdiriləcək. Buradakı antisanitariya, bizim
gəncələrimizə və onların mənəviyyatına
xələl gətirən hallar, sözsüz ki,
yolverilməzdir. Bizim proqramımız üç istiqamətlidir.
Birinci piratçılıqla mübarizədir. Buna
görə də nazirlikdə Filmlərin Dövlət Reystri
sektoru yaradılıb və ölkəyə gətirilən
bütün filmlər bu sektorda qeydiyyatdan keçir» deyən
nazirin bildirdiyinə görə, artıq kinoprokat və
kinoyayımı haqda müyyən addımlar atılır.
«Mən bir neçə rusiyalı kino
mütəxəssisilə görüşlər
keçirmişəm. Artıq Rusiyada kinoteatr
məsələsi özəl biznes kimi qəbul edilib. Bizim
teatrları özəlləşməsinə gəldikdə,
artıq buna maraq göstərən
sərmayəçilər var». Onun bildirdiyinə görə,
nazirliyin nəzdində rayonlarda 1-2, paytaxtda isə 3-4 kinoteatr
saxlanacaq ki, vəsait ayrılan kimi nazirlik bu kinoteatrların
yenidənqurulmasına başlayacaq.
Nazir dedi ki, onun
göstərişilə «Bakı» və «Vətən» kinoteatrları
bağlanıb: «Özəlləşdirilən digər
kirtoteatrlara gəldikdə, biz yalnız onlara tövsiyə
verə bilərik». Nazir yerli bələdiyyələr və
icra sturkturları tərəfindən zəbt edilən qoruq
ərazilərilə bağlı verilən suallara da cavab
verdi. Nazirin bildirdiyinə görə, ölkə
başçısı İlham Əliyev Atəşgah,
Yanardağ, Xınalıq və Ağstafada yerləşən
Keşiş dağda xüsusi qoruqların yaradılması
ilə bağlı sərəncam verib,: «Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsilə birgə
artıq bu qoruqların ərazisi
müəyyənləşdirilir, tamamlanır bu
müəyyənləşdirilib təsdiq edildikdən sonra
burada heç bir torpağın satılmasından
söhbət gedə bilməz». Ölkədə kitab
çapının qənaətbəxş
olmadığını deyən nazir qeyd etdi ki, kitab
satış bazarının olmaması bu problemi daha da
dərinləşdirir. Nazirin sözlərinə görə,
dövlət, digər sahələr kimi, kitab nəşri
sahəsinə də nəzarət etməlidir. «Bu gün
poliqrafiya sahəsindəki problemlər məni də narahat
edir, «Nəşriyyat Haqqında» Qanuna uyğun olaraq, bu sahə
tamamilə sərbəstdir. biz də əziyyət
çəkirik ki, nəşriyyatlar heç də həmişə
Azərbaycan kitabxanalarına kitab vermək qaydalarına
riayət etmir. Biz bu məsələni qaldırırıq
və inanmaq istərdim ki, bu məsələ öz həllini
tapacaq. Əfsuslar olsun ki, bəzən Bakının
özündə nəşr olunan xəritələr, kitablar
da səhvlərlə çıxır. Heç olmasa
ölkə daxilində buna ciddi nəzarət edilməlidir.
Azərbaycanda xarici
filmlərin ölkəyə gətirilməsi, bu
nümunələrin prokatı tfə satışı ilə
məşğul olan distribütor şirkətinin yaradılması
ilə bağlı nazirə ünvanladığımız
sualı isə o, belə cavablandırdı: «Sizin bu gün
qaldırdığınız məsələnin, artıq iki
ildir ki, üzərində iş gedir. Azərbaycana
gətirilən filmlərin artıq reyestrdən
keçməsi reallaşdırılır». Nazirin
sözlərinə görə, ölkə
telekanallarının nümayiş etdirdiyi bütün xarici
filmlər dövlət reyestrindən keçib, buna
görə telekanallara minnətdarlıq edən nazir onu da
bildirdi ki, ölkəyə gətirilən filmlər
distribütorlardan əldə edilib və buna nəzarət
gömrük xidmətləri antimonopoliya komitəsilə
birlikdə həyata keçirilib. Nazir, bununla yanaşı,
hələ də audiovizual məhsulların satış bazarında
pirat xarakterli məhsullara təsadif edildiyini və buna qarşı
mübarizənin gücləndiriləcəyini də dedi.
Telekanallarda nümayiş olunan xarici bədii filmlərin
dublyajına gəldikdə, nazir bu işdən razı
qaldığını bildirməklə yanaşı, bu
sahədə müəyyən qüsurların olduğunu da
bildirdi. «Bilirsiz ki, onlar bu işə yeni başlayıblar
və işlərində müəyyən qüsurlar da var.
Hesab edirəm ki, bu, aradan qaldırılacaq». Nazir dublyaj
probleminin aradan qaldırılması və filmlərin
yüksək səviyyədə dublyaj edilməsi
üçün «Azərbaycanfilm» Kinostudiyasında geniş
şəraitin olduğunu da bildirdi.
Bakı xəbər.- 2008.- 15-16 mart.- S. 16.