Təranə
Əbülfəs Qarayevdən
Britaniya şirkətlərinə xəbərdarlıq
Nazir işğal
olunmuş ərazilərə səyahətlərin
təşkilini yolverilməz hesab edir
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevin rəhbərlik
etdiyi nümayəndə heyəti Böyük Britaniya
Birləşmiş Krallığına ilk rəsmi səfərdə
olub. Ötən həftə başa çatan səfər
Birləşmiş Krallığın Xarici İşlər
Nazirliyinin dəvətilə baş tutub.
Nazirliyin mətbuat xidmətinin
verdiyi məlumata görə, səfər
çərçivəsində Ə.Qarayev Birləşmiş
Krallığın Mədəniyyət, Yaradıcı
Sənayelər və Turizm Nazirliyi, Britaniya Şurası,
İngiltərə İrsi, Visit Britn, Britaniya Muzeyi, Viktoriya
və Albert Muzeyi, "Britiş Petroleum", Dünya Səyahət
Təşkilatı, Muzeylər, Kitabxanalar və Arxivlər
Şurası, "Akançi", Britaniya Ekspertizası, Britaniya
kitabxanası, Arxeologiya İnstitutu, Britaniya
Məsləhətçi Xeyriyyə Tresti və "Rof Qayds" Səyahət Agentliyi kimi
mədəniyyət və turizm təşkilatlarının
rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərdə iki dövlət arasında mədəniyyət
və turizm sahələrində qarşılıqlı
münasibətlərin hazırkı vəziyyəti və
gələcək perspektivləri barəsində
müzakirələr aparılıb.
Ə.Qarayev
Birləşmiş Krallığın mədəniyyət,
yaradıcı Sənayelər və Turizm naziri xanım Marqarit
Hocla keçirdiyi görüş zamanı Azərbaycanın
mədəniyyət və turizm imkanları haqqında məlumat
verərək, ölkəmizin Böyük Britaniya ilə bu
sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini
bildirib. O, əməkdaşlığın qurulması və
möhkəmləndirilməsi üçün
ikitərəfli əməkdaşlıq sənədinin
imzalanmasına böyük ehtiyac olduğunu diqqətə
çatdırıb. M.Hocu Azərbaycanın təşəbbüsü
ilə 2008-ci ilin noyabrında Bakıda keçiriləcək
Avropa Şurasına üzv dövlətlərin nazirlərinin
konfransına dəvət edib. Öz növbəsində M.Hoc
Böyük Britaniya hökumətinin də Azərbaycanla
təkcə enerji və digər iqtisadi sahələrdə
deyil, həmçinin mədəniyyət və turizm
sahələrində də əməkdaşlıq
münasibətlərinin qurulmasında və inkişaf
etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Hər iki nazir iki ölkə arasında müvafıq sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi
istiqamətində səylərini daha da
artıracaqlarını və lazımi tədbirlər
görəcəklərini bildirib. Ümumiyyətlə,
səfər çərçivəsində keçirilən
bütün görüşlərdə qeyd olunub ki,
Azərbaycanın Avropaya sürətli inteqrasiyası
üçün Britaniya təcrübəsinin öyrənilməsi
və müvafiq sahələrdə təcrübə
mübadilələrinin aparılması çox vacibdir.
Ə.Qarayev son zamanlar
Böyük Britaniyanın bəzi turizm agentlikləri
tərəfindən Dağlıq Qarabağa turizm səyahətlərinin
təşkil olunması haqqında elanların verilməsinin
yolverilməz olduğunu bildirib. Nazir həmin ərazinin
Azərbaycan ərazisi olduğunu və ermənilər
tərəfindən işğal olunaraq nəzarətsiz bir
əraziyə çevrildiyini müvafiq təşkilatların
diqqətinə çatdırıb. Müvafiq qurumların
rəhbərləri bu məsələni diqqətdə
saxlayacaqlarını və bir daha təkrarlanmaması
üçün lazımi tədbirlər
görəcəklərini bildiriblər.
Görüşlərdə
Britaniya turizm agentlikləri ilə Azərbaycanın turizm
ölkəsi kimi təşviq olunması üçün
birgə layihələrin həyata keçirilməsi
istiqamətində danışıqlar aparılıb.
Səfər zamanı
nümayəndə heyəti ölkəmizin Böyük
Britaniyadakı səfirliyi tərəfindən Xocalı
soyqırımı ilə bağlı təşkil olunmuş
tədbirdə də iştirak edib.
Kaspi.- 2008.- 4 mart.- S. 22.