Abdullayeva F.
Mədəniyyət və Turizm
Nazirliyi beynəlxalq səviyyəli layihələrin
sayını artırır
Əbülfəs Qarayev: “Əsas
məqsədimiz Azərbaycan mədəniyyətinin dünyada
layiqli təmsilinə nail olmaqdır”
Martın 14-də Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev son aylar nazirliyin
gördüyü işlərlə bağlı mətbuat
konfransı keçirdi. Hesabat xarakteri daşıyan tədbir Yeni
Azərbaycan Partiyasının qərargahında
reallaşdı.
Son vaxtlar Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən bir neçə beynəlxalq səviyyəli
layihənin həyata keçirilməsinə xüsusi
önəm verildiyini deyən nazir iki böyük layihə
haqqında məlumat verdi: "Bildiyiniz kimi, mən bu
yaxınlarda iki ölkədə səfərdə olmuşam.
Bunlardan biri İngiltərə Mədəniyyət və Turizm
Nazirliyinin dəvəti və bu ölkənin
Azərbaycandakı səfirliyinin köməyi ilə
reallaşdı. Onu da bildirim ki, Azərbaycan
Respublikasının mədəniyyət tarixində ilk
dəfə idi ki, Azərbaycanın Mədəniyyət və
Turizm naziri bu ölkəyə rəsmi səfərə
gedirdi. 4 gün davam edən səfər
çərçivəsində Azərbaycanla
İngiltərə arasında həm mədəniyyət,
həm də turizm sahəsində geniş və perspektivli
layihələrin gerçəkləşməsinə əsas
verə biləcək danışıqlar aparıldı.
Əsas olan bu oldu ki, Birləşmiş Krallığın
mədəniyyət, yaradıcı sənayelər və turizm
naziri xanım Marqaret Hocla görüşdüm. Bu
görüşdə Azərbaycanla İngiltərə
arasında mədəniyyət və turizm sahəsində
sazişin imzalanmasına dair işin başlanması
haqqında bəyanat verildi. Biz aramızda niyyət protokolu imzaladıq
və yaxın 1 il ərzində çoxsahəli
əməkdaşlıq haqqında protokolun
hazırlanmasına başlandı. Xüsusilə
marağımızı cəlb edən bu ölkənin
muzeylərinin və kitabxanalarının fəaliyyəti oldu.
Qeyd edim ki, bizdən fərqli olaraq onlarda bu sahənin
fəaliyyətinə nəzarət yerli icra orqanları
tərəfindən həyata keçirilir. Bu bizdə
Azərbaycanda çox böyük islahatların aparılmasına
ehtiyacın olması haqda fikirlər oyatdı və artıq
bu ölkənin mütəxəssislərinin ölkəmizə
dəvət olunması məsələsini həll
etmişik". Mədəni irsin qorunması ilə
bağlı İngiltərə təcrübəsinin Azərbaycanda
tətbiq edilməsinin vacibliyindən danışan
Ə.Qarayev bu sahədə dünyada ən qabaqcıl
təcrübənin onlarda olmasını bildirdi:
"Oranın həm qədim dövrdən, həm orta
əsrlərdən qalmış, həm də müasir
memarlığı əks etdirən mədəni irsin
qorunması məsələsi nazirliyin bilavasitə diqqətindədir
və bu yöndə çox maraqlı layihələr
həyata keçirilməkdədir. Bu sahə üzrə
mütəxəssislərin də Azərbaycana dəvət
edilməsi məsələsini həll etmişik. Artıq
"English Herelhech" şirkətinin və Arxeologiya
İnstitutunun mütəxəssislərinin Azərbaycanda yeni yaradılmış
qoruqların təhlilinə və tədqiqatlarına
dəvət edilməsi qərara alınıb. Onlar Azərbaycanda
bu il keçiriləcək islam və şəhərsalma
mövzusunda beynəlxalq konfransın da
iştirakçıları olacaqlar. Əlavə olaraq
bildirmək istərdim ki, Azərbaycanda bir neçə böyük
sərgilərin keçirilməsi, Britaniya muzeyində
xalqımızın tarixi ilə bağlı olan
əşyaların müəyyənləşdirilməsi
və bu əşyaların məhz Azərbaycan xalqına
məxsus olması məsələsi müzakirə olundu.
Artıq birgə yaradılan qrup bu il öz işinə
başlayacaq. Növbəti ildə Azərbaycanda
keçiriləcək tədbirlər sırasında Viktoriya
və Albert muzeylərinin bir neçə tədbirinin
keçirilməsi də nəzərdə tutulub".
Ə.Qarayevin dediyinə görə, başçılıq
etdiyi nümayəndə heyəti İngiltərədən
birbaşa Mərakeşdə İSESKO-nun Baş
qərargahında keçirilən Azərbaycan
mədəniyyətinin təqdimatı mərasiminə yollanıb.
Tədbirdə Bakıdan gedən 140 nəfər
sənətçi də iştirak edib. Nazir onu da bildirdi ki,
tədbir Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın şəxsi təşəbbüsü
ilə Heydər Əliyev Fondu və Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən reallaşıb:
"Tədbir çərçivəsində 2 sərgi, bir
böyük qala-konsert, jurnalistlərlə ayrıca
görüş keçirildi ki, bu da Mərakeşdə
mədəniyyətimizin daha yaxından tanınmasına
və ümumiyyətlə bu ölkənin insanlarında
Azərbaycan haqqında xoş təəssüratların
yaranmasına səbəb oldu. Bundan əlavə, prezident
İlham Əliyevin mənə verdiyi səlahiyyətlər
əsasında Mərakeşdə bu ölkənin Mədəniyyət
və Turizm Nazirliyi ilə dövlətlərarası
müqavilələr imzalandı. Bu müqavilələr
mədəniyyət və turizm sahəsində
əməkdaşlığı nəzərdə tutur.
Tədbir Mərakeş mətbuatında çox geniş
işıqlandırıldı. Qeyd edim ki,
ümumiyyətlə bizim bu ölkədə keçirdiyimiz
görüşlər böyük marağa səbəb oldu.
Qərara gəlmişik ki, 2009-cu ildə Azərbaycanda
Mərakeş Mədəniyyəti Günləri keçirilsin.
2010-cu ildə isə Azərbaycanın Mədəniyyət
Günləri bütün Mərakeş ərazisində
keçiriləcək".
Mərakeş
səfərinin əhəmiyyətindən danışan
Ə.Qarayev onu da bildirdi ki, İSESKO-nun Baş qərargahında
qurumun baş katibi cənab Əbdüləziz
əl-Tüveycri ilə geniş danışıqlar
aparıb: "Danışıqların gedişində 2009-cu
ildə Bakının islam ölkələrinin
mədəniyyət paytaxtı elan edilməsi
çərçivəsində paytaxtımızda
keçiriləcək bütün tədbirlərin
proqramı müəyyənləşdirildi. Qeyd edim ki, 2009-cu
il maraqlı tədbirlərlə zəngin olacaq. Bu ilin
əsas özəlliyi təkcə Bakının İslam
dünyasının paytaxtı kimi tanınması yox,
ümumiyyətlə, Azərbaycanın sivilizasiyalar
arasında körpü rolunu oynamağa qadir ölkə,
mədəniyyətlərin mübadiləsinə xidmət
edə biləcək bir məkan olmasının həm İSESKO,
həm də Avropa Şurası tərəfindən qəbul
olunmasıdır ki, bu da bizi sevindirməyə bilməz".
Nazir
Mərakeşdən qayıtdıqdan sonra Bakıda Avropa
Şurasının Mədəniyyət, təhsil,
səhiyyə, gənclərlə iş və elm departamentinin
müdiri Robert Palmerlə görüşdüyünü
dedi, AŞ nümayəndəsinin ölkəmizə
gəlməsinin əsas səbəbini açıqlayan
Ə.Qarayev bildirdi ki, bu səfər Bakıda
keçiriləcək Avropa ölkələri nazirlərinin
toplantısına hazırlıq məqsədi
daşıyır: "Martın axırında və ya aprelin
əvvəlində Avropa Şurasının Xarici
İşlər Nazirləri Komitəsində uzun
fasilədən sonra Avropa ölkələrinin
mədəniyyət nazirlərinin toplantısını
keçirmək haqqında qərar qəbul edildi. 8-9 ildir
Avropa ölkələrinin mədəniyyət nazirlərinin
toplantısı keçirilmir. Bu toplantının
Azərbaycanda keçirilməsi üçün artıq
müraciət etmişik".
Sonda nazir onu da bildirdi
ki, bu layihələri həyata keçirməkdə əsas
məqsəd beynəlxalq səviyyədə Azərbaycan
mədəniyyətinin təmsil olunmasına və
xalqımızın zəngin tarixi ənənələrinin
dünyaya tanıdılmasına nail olmaqdır. Eyni zamanda 2008-2009-cu
illərdə keçiriləcək bütün
tədbirlər Azərbaycanın yeni müasir və zəngin
mədəniyyətə malik ölkə imicini
formalaşdırmaq məqsədi daşıyır.
Mədəniyyət.- 2008.- 15 mart.- S. 3.