Qaliboğlu E.

 

Yurdumuza Novruz gəlir

 

Professor Həsən Quliyev: "Bu bayramı Yeni il kimi qəbul edirəm"


Bütün fəsillər gözəldir, amma yazın yeri başqadır.
Çünki yazda təbiət yenidən doğulur. Azərbaycan-Türk ruhunda Novruz bayramının özünəməxsus cəhətləri var. Bu bayram Türk ruhunun ucalığını, bənzərsiziyini, yəni Zərdüşt İşıqçılığını, Babək Möhtəşəmliyini, Dədə Qorqud Ağsaqqallığını, Nəsimi Aşiqliyini, Füzuli Heyrətini, Muğamat, Saz böyüklüyünü özündə yaşadır.
Tanınmış tarixçi-alim İsrail Məmmədov deyir: "Novruz bayramı xalqımızın ruhunda yaşayır, ölmür, çünki ruhumuzu ifadə edir. Ənənəni yaşatmaq yenilərini yaratmaq isə həmişə xalqdan hünər tələb edir. Yadımdadır, hər il indi "Ermənistan" adlandırılan türk yurdunda Novruz bayramı geniş qeyd edilirdi. Hətta ermənilər türklərin bayramını təbrik edirdilər. Həmişə məni düşündürüb ki, görəsən, ucqar bir dağ kəndində - ötən yüzilin əvvələrində heç bir radio-filan olmaya-olmaya insanlar ənənələri necə dəqiqliklə, özü vaxtında yerinə yetiriblər? İndi mənim 80 yaşım var, baxıram ki, hərdən bəzi şeylər yadımdan çıxır.
Amma atam-anam bisavad olsalar da, belə günləri çox gözəl bilirdilər. Hətta bilirdilər ki, hansı çərşənbədə neyləmək lazımdır. O deməkdir ki, xalqın yaddaşı ölmür. Qoca kişilər sabaha kimi oturub dastan danışırdılar. Bayram ərəfəsində hamı təmizlik işləri görürdü. Bu bayram heç vaxt qərarla icra olunmayıb, xalqın ürəyində yaranıb, bu günə kimi yaşayır. Bu yaxında eşitdim ki, Yaponiyanın şimal tərəfində atəşpərəstlər yaşayır, onlar da Novruz bayramını qeyd edirlər".
Professor Həsən Quliyev: "Novruz bayramını mən Yeni il kimi qəbul eləyirəm. Minillərdir ki, bu tarix Şərqdə bu, həm yeni il kimi qəbul edilir. Xalqımızın ruhunda bu bayramın özünəməxsus yeri var. Təəssüf ki, camaat bu bayramı güzəran sarıdan istədiyi kimi qeyd edə bilmir. Novruz bayramında insanların biri-birinə doğmalığının artması, küsülülərin barışması, insanların əzizlərinin qəbirlərini ziyarət etməsi, evlərdə təmizlik işlərinin aparılması bayramın ürəyimizdə doğurduğu gözəl əhvallardandır. Bu bayram insanların yaşamağa, yaratmağa olan böyük ümidini ifadə edir. Əgər cəmiyyətdə bayram əhvalı ürəklərə, ağıllara yaradıcı təsir etsə, o zaman bu, milli həmrəyliyimizə əhəmiyyətli təsir edə bilər. Bu bayram milli ruhumuzu tam ifadə edir".
1967-ci ildə Şıxəli Qurbanovun səyilə Novruz bayramının dövlət səviyyəsində keçirilməsinə münasibət bildirən Həsən Quliyev bildirir ki, o dövrdə ziyalıların bəziləri bunu başa düşmədilər, amma o dövr üçün bunun əhəmiyyəti böyük idi: "Məlumdur ki, sovet dövründə vahid sovetsayağı ənənəvi prinsiplər vardı, bu prinsipləri aşmaq, Novruzu rəmzi şəkildə keçirmək şübhəsiz, asan məsələ deyildi. Hər halda bayram xalqın ruhundan gəldiyinə görə onu qadağan etmək mümkün olmadı. Uşaq çağlarımda ailəmizdə bu bayramın necə şadyanalıqla keçirilməsinin şahidi olmuşam. Bu gün Novruzla bağlı ənənənəyə bir az da yeni ruh verilməsi gərəkdir".
Görəsən, Novruz mövzusu ədəbiyyatda dərəcədə ifadəsini tapıb? Həsən Quliyev deyir: "Hər halda ədəbiyyatımızda bu bayramın izləri seziləcək dərəcədə var. Yazıçılarımız bu mövzunu izləri şifahi xalq ədəbiyyatında da yaşayan soraqların vəhdəti kimi yaxşı ifadə edə biliblər. Sovet dövründə ədəbiyyatımızın bu mövzudan bəhrələnməsi ona sanki yeni bir ruh verdi. İndi ədəbiyyatımızın bu mövzularda daha yeni axtarışlar aparması, xalqın ruhuna çatan səviyyədə adət-ənələrimizi anlaşıqlı bir dildə ifadə etməsi gərəkdir. O şey ki, qadağan olunur, həmişə ona ciddi meyl yaranır. Məsələn, İsmayıl Şıxlının "Dəli Kür" romanında Novruz bayramının qeyd olunması təsvir edilib. İndi ədəbiyyatın hansı yöndə inkişaf etməsini hələ tam təxin etmək olmur, çünki çıxan kitabların hamısı istənilən vaxtda əlimizə gəlib çatmır. Hər şeydən əvvəl bu kitabların camaata çatması gərəkdir, çünki ədəbiyyat xalq üçündür".
Bəstəkar, xalq artisti Ramiz Mirişli: "Novruz mövzusu həmişə bəstəkarlarımızın yaradıcılığında əsas yer tutub. Şəxsən mən mahnılar, yallılar yazmışam. Fikrət Qocanın sözlərinə yazdığım "Bayram axşamlarında" mahnısı yaxşı alınıb. Novruz bayramı uşaqlıqdan yaddaşımda gözəl, xatirəli qalıb, indi həmin çağları xatırlayıram. Uşaqlığım müharibə vaxtlarına düşüb: baxmayaraq ki, ağır müharibə illəri idi, buna baxmayaraq hər Novruzda imkanı olanlar plov bişirirdilər. Çünki Novruz xalqımızın ən çox sevdiyi bayram olub. Ümumiyyətlə, xalqımızın böyük ruhunu ifadə edən mövzularda mahnıların yaranması daim davam etməlidir. Bu yerdə "Bahar qızı" mahnısını da xatırlayıram. Novruz bayramı folklorla sıx bağlı bayramdır".
Qobelen üzrə xalçaçı rəssam Adil Şıxəliyev: "Azərbaycanın milli rəmzləri həmişə bu ya digər şəkildə incəsənətimizdə əksini tapıb. Qobelen özünəməxsus sənətdir, hər rəssam buna təbii ki, peşəkar yanaşa bilmir. Bu yaxında bir işimi başa çatdırdım, orada Azərbaycanın atributları gözəl verilmişdi. Bu vaxta kimi toxuduğum qobelenlərdə qədimliyimiz, Novruzla bağlı elementlərdən çox istifadə edilib. Gərək bu ya digər incəsənət əsərində ilk növbədə yurdumuzun varlığı, ruhca zənginliyi təsvir olunsun. Deyim ki, belə əsərləri tamaşaçılar, sənətşünaslar da yüksək dəyərləndirirlər. Şəxsən mən çalışıram ki, əvvəlki işlərimlə müqayisədə indi bir addım qabağa gedim, haradasa öz işlərimə bir addım qabaqdan baxım. Çünki biz sənət adamları həmişə harada oluruqsa, Azərbaycan mədəniyyətini təmsil edirik. Həvəskar rəssamla peşəkar rəssamın arasında fərq böyükdür. Yurdumuza bahar gəlir. Bu, həmişə olduğu kimi indi ürəyimi çox böyüdür, mənə yeni-yeni yaradıcılıq mövzuları verir. Azərbaycanın zəngin təbiətindən daim bəhrələnirəm.
İnanın ki, srağagün Şahdağa baxmaq üçün Qubaya gedib -gəlmişəm. Burada da təbiətin oyanan çağıdır, amma dağlarda uzun müddət qar olur. Yazda təbiət tamam başqa rənglərlə danışır. Təbiətin bu yazlıq əhvalını çox sevirəm. Novruz bayramı mənə yaradıcılıq üçün yeni-yeni mövzular verir. Rəngləri vurursan, baxan kimi bilirsən ki, burdan bahar iyi gəlir. 20 Yanvara həsr etdiyimi qobelendən isə qan iyi gəlir".
Rəssam Elnur Rəsulov: "Novruz bayramının mərasim ritualları həmişə məni ciddi düşündürüb, bu mövzuda xeyli əsərlər çəkmişəm. Məsələn, "Xoruz döyüşdürənlər", "Yumurta döyüşdürənlər" bu qəbildəndir. Rəssamlarımız bu mövzuda xeyli əsərlər yaradıblar. Hər halda rəssamlıqda Novruz mövzusunun daha geniş səviyyədə ifadəsini tapmasına gərək var. Novruzun gəlişi təbiətin hər mənada yenidən doğulduğu, ağacların, torpağın dirçəlməsi ilə bir vaxta düşür. Bu mövzuda bir əsərim var ki, ağaclar çiçəkləyir, qaranquşlar uçur: bir sözlə, təbiət ən ilahi çağındadır. Hər halda bu mövzunun yeni çalarlarının tapılması yaxşı olardı. Ağıllı rəssam istəyər ki, ümumiyyətlə, əsərində zəngin çalarlar olsun. Bundan ötrü isə çoxlu rənglər lazımdır, bu isə maliyyə tələb edir. Hər halda rəssamlarımızın yeni səviyyədə Novruzun rəmzlərini ifadə etmələri gərəklidir. Əgər Azərbaycanda bu mövzuda rəsm əsərlərinin alınması ənənəsi yaranarsa, o zaman rəssamlarımız da həvəslənər

 

Xalq cəbhəsi.- 2008.- 20 mart.- S. 11.