Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın AzərTAc-a müsahibəsi
Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur. Mehriban xanımın bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. İki nüfuzlu beynəlxalq mükafata – “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun ən yüksək mükafatı olan “Yaqut xaç” ordeninə və geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə “Qızıl ürək” mükafatına layiq görülməsi onun bu sahədəki işlərinin yüksək qiymətləndirilməsini sübut edir.

Mehriban xanım Əliyeva xeyriyyəçilik mövzusunda, bu sahənin indiki vəziyyəti, Azərbaycanda xeyriyyəçilik fəaliyyətinin problemləri və inkişaf perspektivləri barədə fikirlərini AzərTAc-la bölüşməyə lütfkarlıqla razılıq vermişdir.

– Mehriban xanım, söhbətimizin əvvəlində xeyriyyəçilik fenomeni barədə Sizin fikrinizi, bu anlayışa Sizin məhz hansı məna verdiyinizi bilmək istərdik.

– Əvvəl ondan başlayım ki, “xeyriyyəçilik” termini insanların şüurunda adətən şəfqət, başqasının halına yanma, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətlər və hərəkətlər barədə assosiasiya yaradır. Bununla da, xeyriyyəçilik işlərinin dairəsi konkret, özü də bir qayda olaraq, əhalinin sosial baxımdan zəif təbəqələrini təmsil edən insanlara – əlillərə, yetimlərə, qocalara və başqalarına bu və ya digər şəkildə kömək göstərilməsi ilə məhdudlaşır. Bu mənada xeyriyyəçilik anlayışının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin, əsasən, zəiflərə və ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır.
Bununla bərabər, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Bu fəaliyyət həm fiziki, həm də hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Həmin yardımı alanlar da həm fiziki, həm də hüquqi şəxslər ola bilər.

Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər. Həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik hesab edilməsi tamamilə düzgündür. Başqa sözlə desək, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir.

Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir.

Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır.

Əlbəttə, xeyriyyəçilik fenomeninə geniş ictimai nöqteyi-nəzərdən, cəmiyyətin öz rifahı naminə xüsusi bir fəaliyyət kimi yanaşsaq, onun tarixən formalaşmış, öz yeri və fəaliyyət xüsusiyyətləri ilə fərqlənən sosial institut olduğunu görərik.

– Sizcə, xeyriyyəçilik fəaliyyətinin ictimai əhəmiyyəti nədədir?

– Müasir cəmiyyətdə xeyriyyəçiliyin rolunu dərindən dərk etmək üçün bunu əsas götürmək lazımdır ki, o, nemətlərin və resursların indiki anda dəstəklənməyə ən çox ehtiyacı olan müəyyən fərdlərin, sosial qrupların və sahələrin xeyrinə yenidən bölüşdürülməsinin nadir mexanizmidir. Bu mexanizmin nadirliyi ondadır ki, siyasi məqsədəuyğunluq və iqtisadi səmərə mülahizələrinə əsaslanan dövlət və bazar mexanizmlərindən fərqli olaraq, nemətlərin xeyriyyəçilik formasında yenidən bölüşdürülməsi bilavasitə mənəvi-əxlaqi motivlərlə, ilk növbədə, ümumbəşəri dəyərlərlə tənzimlənir.

Belə olan halda, xeyriyyəçilik, təbii ki, əxlaqi baxımdan bütün cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir. Beləliklə, xeyriyyəçiliyin köməyi ilə cəmiyyət “ehmalca”, ağrısız, mən deyərdim ki, mənəvi konsensus yolu ilə ən həssas və potensial baxımdan münaqişəli sahələrin birində - ehtiyatların bölüşdürülməsində və yenidən bölüşdürülməsində fəaliyyət göstərir. Mən xeyriyyəçiliyin xüsusi “müdrikliyini”, onun cəmiyyət üçün əhəmiyyəti və dəyərini məhz bunda görürəm.

Buna görə də xeyriyyəçiliyə cəmiyyətin sosial siyasətinə hansısa bir əlavə kimi yanaşmaq və ona yalnız dövlətin sosial yüklərinin, qayğılarının bir hissəsini mülki təsisatların və özəl sektorun üzərinə qoymağa imkan verən yardımçı vasitə kimi baxmaq tamamilə yanlışdır. Filantropiyaya həm nəzəriyyədə, həm də praktikada bu cür utilitar-praqmatik münasibət onun daxili mənəvi məzmununu cılızlaşdırar və “kommunist iməcilikləri”nə oxşar bir farsa çevirərdi. Üstəlik, bu məntiqlə yanaşılarsa, iqtisadiyyat inkişaf etdikcə, dövlətin sosial proqramlar üçün xərcləri artdıqca xeyriyyəçilik fəaliyyəti üçün meydan daralmalıdır. Əslində isə dünyada bunun tam əksi olan bir meyil müşahidə olunur: dövlətin sosial sahəni maliyyələşdirmək üçün daha geniş imkanlara malik olduğu ölkələrdə, bir qayda olaraq, xeyriyyəçilik fəaliyyətində iştirakın kütləviliyi və xeyriyyəçilik resurslarının miqyası yüksəkdir.

Konkret olaraq bizim ölkəmiz barədə danışsaq, deməliyik ki, müasir Azərbaycan sosial dövlətdir, onun siyasəti vətəndaşların layiqli həyatını və sərbəst inkişafını təmin edən şərait yaradılmasına yönəlmişdir. Azərbaycan dövləti qəti şəkildə bazar iqtisadiyyatının daha da inkişaf etməsinə yönəlmiş istiqaməti saxlamaqla yanaşı, sosial siyasətin prioritetliyini təmin etməyə çalışır. İndi dövlət sosial yönümlü proqramlara və layihələrə getdikcə daha çox maliyyə vəsaitləri sərf edir. Minimum əmək haqqı ilbəil artır, pensiyalar və müxtəlif sosial müavinətlər müntəzəm olaraq artırılır, sosial sahə obyektlərinin tikintisi genişlənir.

Eyni zamanda, xalqımızın qurucu və mənəvi enerjisində olan və məişət sahəsindən tutmuş korporativ filantropiyaya qədər ən müxtəlif formalarda təzahür edən xeyriyyəçiliyin çox böyük potensialını qiymətləndirməmək olmaz. Keçmişdə olduğu kimi, indi də bu potensialın əsas tətbiq dairəsi sosial, humanitar sahədir. Sevindirici haldır ki, son illərdə bizdə sosial sahədə filantropiya durmadan genişlənir və burada özünü müstəqil, sanballı amil kimi getdikcə daha çox göstərir.
Əlbəttə, bu sadalananlar heç də o demək deyildir ki, sosial problemlərin həllində dövlət və xeyriyyəçilik institutu bir-birindən təcrid olunmu
ş şəkildə fəaliyyət göstərir. Əksinə, dövlət və filantropiyaya cəlb edilmiş vətəndaşlar və özəl sektor öz aralarında əlaqəli şəkildə işləsələr, bu, daha çox səmərə verə bilər. Bu qarşılıqlı fəaliyyət isə yalnız bərabərhüquqlu əməkdaşlıq formasında həyata keçirilə bilər. Yeri gəlmişkən, çox böyük iqtisadi potensiala, güclü vətəndaş cəmiyyətinə və yetkin xeyriyyəçilik institutuna malik olan inkişaf etmiş ölkələrdə məhz belə bir mənzərə müşahidə olunur.

Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, o, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı, çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyil edəcəkdir.

Beləliklə, cəmiyyətimizdə “xeyirxah işlər dairəsi”, qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir.

– Sizcə, xeyriyyəçilik fəaliyyətinin ölkəmiz üçün ən vacib istiqamətləri hansılardır?

– Ümumiyyətlə, ölkəmizdə xeyriyyəçilik üçün fəaliyyət meydanı qeyri-məhduddur. Əlbəttə, ən mühümü yenə də filantropiya üçün ənənəvi istiqamət – sosial imkanları məhdud olan əhali qruplarına, yəni aztəminatlı vətəndaşlara, əlillərə, yetimlərə, qaçqınlara və məcburi köçkünlərə, təbii fəlakətlərdən və texnogen qəzalardan zərər çəkmiş insanlara müxtəlif şəkildə kömək etməkdir.

Mən bizim çox zəngin mədəni ənənələrimizin qorunub saxlanması, nadir tarixi və memarlıq abidələrinin mühafizəsi, təbii mühitin qorunması, istedadlı gənclərə dəstək, bədən tərbiyəsi və idmanın inkişafına kömək məsələlərini də xeyriyyəçilik fəaliyyətinin üstün istiqamətlərinə aid edərdim. Bu istiqamətlərə çoxsaylı əlavələr etmək olar, lakin mən aşağıdakı məqama diqqəti cəlb etmək istərdim.
Xeyriyyəçilik kimi nəcib sahədə işləyən və ya işləməyə hazırlaşan hər kəs öz meyillərini, maraqlarını, üstün saydığı dəyərləri və imkanlarını nəzərə almaqla, işinin istiqamətini seçə bilər. Bununla bərabər, hesab edirəm ki, xeyriyyəçi öz fəaliyyət istiqamətini seçərkən, bunu ictimai tələbata uyğunlaşdırmalı və öz qüvvələrini ən kəskin, ümdə problemlər üzərində cəmləşdirməyi bacarmalıdır. Birinci dərəcəli problemlər isə ölkəmizin müxtəlif yaşayış məntəqələrində və rayonlarda çox vaxt müxtəlif olur. Bəzi yerlərdə bu problemlər əhalinin içməli su ilə təmin olunması, digərlərində ekologiya, bir başqalarında məktəb binasının olmaması və ya pis vəziyyətdə olması ilə bağlıdır. Elə rayonlar var ki, orada kitabxanalara, gənclər klublarına, kompyuter siniflərinə, tibb müəssisələrinə ehtiyac duyulur. Xeyriyyəçilik resurslarının səmərəli və məqsədyönlü şəkildə, bu və ya digər yerli problemlərin kəskinliyi və aktuallığı nəzərə alınmaqla bölüşdürülməsi son dərəcə vacib və arzu ediləndir.

– Sizin fikrinizcə, Azərbaycanda xeyriyyəçilik sahəsinin inkişafı üçün əsas çətinliklər və maneələr nədən ibarətdir?

– Mən hesab edirəm ki, bu gün ölkəmizdə xeyriyyəçilik sektorunun inkişafı üçün bir neçə ciddi maneə vardır.
Əvvələn, ictimai şüurda belə bir təsəvvür kök salmışdır ki, bütün sosial problemlər yalnız dövlət tərəfindən həll edilməlidir. Bu stereotipin tam obyektiv əsası var. Axı sovet dövründə vətəndaşların müstəqil, qeyri-formal təşəbbüsləri nəinki təşviq edilmir, bu cür təşəbbüslər olmadan isə, yetərli xeyriyyəçilik fəaliyyətini təsəvvür etmək mümkün deyil, – hətta ciddi ideoloji çərçivələrlə məhdudlaşdırılırdı. Nəticədə sosial ətalət, cəmiyyətin işlərinə laqeydlik, ictimai rifaha xidmət məsələlərində təşəbbüskarlığın olmaması, sıravi insanların cəmiyyətin vəziyyətinə görə öz məsuliyyətini dərk etməməsi adi hala çevrilmişdi.

Bununla bərabər, indiki dövrdə ölkəmizdə vətəndaş cəmiyyətinə xas olan bəzi inkişaf çətinliklərini də görməmək olmaz. Mən bəzən bu məsələnin ifrat siyasiləşdirilməsini və merkantilləşdirilməsini nəzərdə tuturam. Belə hallar xeyriyyəçilik potensialının reallaşdırılması imkanlarını xeyli məhdudlaşdırır.

Onu da vurğulamaq istərdim ki, bizim biznes strukturlarının korporativ sosial məsuliyyəti lazımi səviyyədə deyil, onlar çox vaxt öz fəaliyyətlərinin sosial və ekoloji nəticələrini nəzərə almır, sosial sahədə həllini gözləyən problemlərə lazımınca diqqət yetirmirlər.

Xeyriyyəçilik fəaliyyətinin hərtərəfli işlənmiş normativ hüquqi bazasının, müxtəlif səviyyəli dövlət strukturları, özəl sektor və vətəndaş cəmiyyəti arasında xeyriyyəçilik məsələləri üzrə qarşılıqlı tərəfdaşlığın tənzimlənmiş mexanizminin olmaması kimi məqamlar da öz təsirini göstərir.

Nəhayət, ictimai əxlaqa xas olan bəzi naqisliklər – şəxsiyyətlərarası etimadın, insanların bir-birinin kədərinə şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı onların öz vəsaitlərini, qüvvələrini və vaxtını başqalarının naminə, bütövlükdə cəmiyyətin naminə qurban verməyə könüllü hazır olması ruhunun tam üzə çıxmasına mane olur.

Təəssüflə deməliyəm ki, bütövlükdə xeyriyyəçilik, könüllülük bizdə hələ sözün həqiqi mənasında kütləvi hal almamışdır.

– Axı xeyriyyəçilik, ehtiyacı olanlara kömək etməyə hazır olmaq keyfiyyətləri xalqımıza əsrlər boyu xas olmuşdur. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və bir sıra başqa şəxslərin adları isə Azərbaycanda filantropiyanın tarixinə qızıl hərflərlə yazılmışdır...

– Elədir, heç şübhəsiz, xalqımızın humanizmə və insansevərliyə əsaslanan zəngin və qədim xeyriyyəçilik ənənələri vardır. Xeyriyyəçiliyin, çox ehtimal ki, zərdüştilik dövrünə gedib çıxan təzahürləri əsrlər boyu müqəddəs sayılaraq, ehtiram bəslənən bir mənəvi-əxlaqi kodekslə bağlıdır: “xoş söz, xoş niyyət, xeyirxah əməl”. Hələ dahi Nizami deyirdi ki, nə vermisənsə, o, sənindir. Bu mövzuya həsr edilmiş nə qədər atalar sözləri, zərb-məsəllər var!

Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olmuşdur və indi də belədir. İslamın da, digər dünya dinlərinin də təbliğ etdiyi ən mühüm fəzilətlərdən biri məhz bu mənəvi prinsiplərdir.

XIX əsrin axırları - XX əsrin əvvəllərində bu tarixi-mədəni və mənəvi təməl üzərində Azərbaycanda filantropiyanın bir növü olan mesenatlıq geniş vüsət almağa başlamışdı. Sizin adlarını çəkdiyiniz insanlar sırasına Azərbaycanın bir sıra başqa mesenatlarını da əlavə etmək olar. Olduqca qənaətcil sahibkarlar kimi tanınmış bu insanlar cəmiyyətin rifahı naminə - maarif və təhsilə, mədəniyyət və incəsənətin inkişafına, mülki tikinti işlərinə külli məbləğdə vəsait sərf etmişlər. Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya və başqalarının yaratdığı çoxsaylı qadın xeyriyyə cəmiyyətləri çox böyük işlər görmüşdür.

Amma çox təəssüf ki, sovet dövründə xalqımızın xeyriyyəçilik ənənələri əslində itib getmişdi. Məlum ideoloji və sosial-siyasi səbəblər üzündən həqiqi xeyriyyəçilik fəaliyyətinin əhatə dairəsi son dərəcə məhdudlaşdırılmış, praktik olaraq, yalnız məişətdə kömək formasında qalmışdı.

İndi biz müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunu yenidən formalaşdırıb inkişaf etdirməklə, təbii ki, müasir dövrün reallıqları və tələbatı nəzərə alınmaqla, nəinki gözəl ənənələrimizi dirçəldir və inkişaf etdirir, həm də sosial və mənəvi tərəqqi üçün səmərəli vasitə yaradırıq.

– Sizcə, ölkəmizdə xeyriyyəçilik institutunu yenidən dirçəltmək üçün nə etmək lazımdır?  

– Bu sahədə qurucu, yaradıcı işlər üçün fəaliyyət meydanı hüdudsuzdur. Əsas məsələ fəal, məqsədyönlü və sistemli şəkildə işləməkdir.  

Mənə elə gəlir ki, bundan ötrü Azərbaycanda xeyriyyəçiliyin inkişafının milli konsepsiyasını işləyib hazırlamaq lazımdır. Bu sənəddə sosial siyasətin bir vasitəsi kimi xeyriyyəçilik sisteminin qurulmasının əsas istiqamətləri öz ifadəsini tapmalıdır. Həmin siyasətin iştirakçıları isə cəmiyyətin hər üç sektorudur - dövlət, biznes və qeyri-kommersiya sektoru. Konsepsiyada xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsində qarşıya çıxan əsas problemlər və onların həlli yolları təsbit olunmalı, icra hakimiyyəti, yerli özünüidarə orqanlarının və ictimai təsisatların qarşılıqlı tərəfdaşlıq əlaqələri yaradılmasının mexanizmləri göstərilməlidir. Mənim fikrimcə, bu da çox vacibdir ki, həmin konsepsiya xeyriyyəçilik fəaliyyətinin bütün əsas aspektlərinin – normativ hüquqi, təşkilati, kadr, infrastruktur, informasiya və başqa məsələlərin harmonikləşdirilməsinə yönəlmiş olsun. Təbii ki, bu ciddi işin öhdəsindən yalnız bütöv bir kollektiv halında cəmləşmiş mütəxəssislər, alimlər və praktik işçilər gələ bilər.

Bundan əlavə, xeyriyyəçilik sahəsində mövcud vəziyyəti və meyilləri izləməyə imkan verən xüsusi tədqiqatlar aparılmalı, vaxtında müvafiq təshihlər olunmalıdır.

Praktik işə gəldikdə isə, konkret xeyriyyə tədbirləri, müvafiq proqramlar və layihələr nə qədər faydalı, gərəkli və geniş əhatəli olsa da, təkcə onların həyata keçirilməsi ilə kifayətlənmək düzgün olmazdı. Mən əminəm ki, davamlı xeyriyyəçilik sektorunun yaradılması üçün xeyriyyəçiliyə və könüllülüyə stimul yaradan ictimai şəraitin formalaşdırılmasına xeyli qüvvə sərf edilməlidir.

Məsələn, xeyriyyəçilik fəaliyyətinin müfəssəl normativ-hüquqi bazasının işlənib hazırlanmasına ehtiyac yaranmışdır. Bu sahədə qanunvericilik, o cümlədən vergi qanunvericiliyi, bir tərəfdən, xeyriyyəçilik resurslarının artırılmasına hərtərəfli stimul yaratmalı, digər tərəfdən isə, mümkün sui-istifadə hallarına imkan verməməlidir.
Xeyriyyəçilik üçün əlverişli şərait yaradılması istiqamətində görülməli işlər hələ çoxdur. Lakin mən fürsətdən istifadə edərək, diqqəti əsas məsələyə yönəltmək istərdim.

Biz bu məqsədə yalnız o halda çata bilərik ki, xeyriyyəçilik ideyaları, bir-birimizə xeyirxah, həssas münasibət cəmiyyətimizin şüurunda dərin və möhkəm kök salsın və nəhayət, hamı aydın başa düşsün ki, hər kəs başqaları üçün, ümumi rifah naminə xeyirxah işlər görəndə, bunu özünün və yaxın adamlarının naminə etmiş olur. Ona görə də bu istiqamətdə geniş və səmərəli maarifçilik və təbliğat işlərinin görülməsi çox vacibdir.

Cəmiyyətdə xeyriyyəçiliyin və könüllülüyün, necə deyərlər, müsbət imicinin yaradılması üçün kütləvi informasiya vasitələrinin də böyük imkanları vardır. Lakin təəssüf ki, bizim mətbu və elektron KİV-lər, xüsusilə yerli səviyyədə filantropiya məsələlərini hələlik az işıqlandırır, az müzakirə edirlər, xeyriyyəçilik mövzusuna həsr olunmuş maraqlı məxsusi nəşrlər, proqramlar və verilişlər yox dərəcəsindədir.
Lakin əgər biz öz uşaqlarımıza və gənclərə xeyriyyəçilik fəaliyyəti “zövqü” aşılaya bilsək, onları xeyirxahlıq, həssaslıq, cəmiyyətin rifahına təmənnasız xidmət etməyə hazırlıq ruhunda tərbiyə edə bilsək, filantropiyanın möhkəm mənəvi-mədəni təməlinin formalaşmasında daha böyük səmərə əldə edərik. Buna isə, ilk növbədə, böyüməkdə olan nəsli praktik xeyriyyəçiliyə və könüllü ictimai-faydalı işlərə geniş cəlb etmək yolu ilə nail olmaq mümkündür. Bu işdə ailə və məktəb tərbiyəsinin düzgün qurulması son dərəcə böyük rol oynayır. Ümumiyyətlə, xeyriyyəçilik gərgin və məsuliyyətli əmək deməkdir və ona uşaq yaşlarından öyrəşmək lazımdır.

– Bütün bu işlərdə filantropiya sahəsində beynəlxalq təcrübədən istifadə edilə bilərmi?

– Şübhəsiz. Biz Avropa və dünya birliyinə inamla və fəal inteqrasiya edərkən, tərəqqi yolu ilə irəliləyərkən, ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirərkən, təbii ki, müasir meyillərdən və yeni dövrün tələblərindən kənarda qala bilmərik.

Hazırda dünyada könüllü filantropiya sahəsində çox zəngin təcrübə toplanmışdır. Biz bu təcrübəni diqqətlə öyrənməli, təhlil etməli və milli xüsusiyyətlərimiz, milli reallığımız nəzərə alınmaqla bizim üçün həqiqətən münasib olandan istifadə etməliyik.

Məsələn, korporativ filantropiyanın iqtisadi və mənəvi baxımdan stimullaşdırılmasının başqa ölkələrdə mövcud olan müxtəlif forma və üsulları, cəmiyyətin əsas sektorları arasında xeyriyyəçilik sahəsində sosial tərəfdaşlıq münasibətləri qurulmasının yolları bizdən ötrü çox maraqlı ola bilər.
Tanınmış beynəlxalq və xarici xeyriyyə təşkilatlarının və müvafiq fondların fəaliyyət təcrübəsindən, eləcə də müxtəlif ölkələrdə yerli birliklər səviyyəsində sabit və səmərəli xeyriyyəçilik sisteminin tənzimlənməsi təcrübəsindən çox faydalı cəhətlər əxz etmək olar.
Nəhayət, bizim kütləvi informasiya vasitələri də xarici ölkələrin KİV-lərinin xeyriyyəçilik fəaliyyətini işıqlandırması və bu işə informasiya dəstəyi sahəsində zəngin təcrübəsindən bəhrələnə bilər.

– Siz ölkəmizdə xeyriyyəçiliyin inkişaf perspektivlərini necə təsəvvür edirsiniz?

– Mənim fikrimcə, bu sahənin inkişaf perspektivləri, ilk növbədə, ölkənin gələcək iqtisadi inkişafı ilə, Azərbaycanda sosio mədəni modernləşmə, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və yəqin ki, cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır. Bütün bu amillər bir-birilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində əsaslı dəyişikliklər tələb edən və eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır.

Şübhə yoxdur ki, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi və dəstəklənməsi tədbirləri gücləndikcə, xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqələrinə, qruplarına və kateqoriyalarına birbaşa maddi yardımın xüsusi çəkisinin azalması labüddür. Buna müvafiq olaraq, xeyriyyəçilik resursları getdikcə daha artıq dərəcədə başqa ictimai ehtiyaclara, məsələn mədəniyyətin, elmin və təhsilin, ictimai səhiyyənin, idmanın inkişafına, təbii mühitin qorunmasına və yaxşılaşdırılmasına, digər oxşar sahələrə yönəldiləcəkdir. Bu baxımdan bizi təxminən, artıq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə baş vermiş proseslərə bənzər proseslər gözləyir.
Xeyriyyəçilik fəaliyyətinin motivasiya əsaslarında da ciddi irəliləyiş labüddür. Azərbaycan cəmiyyətinin sosiomədəni transformasiyası ona gətirib çıxaracaqdır ki, xeyriyyəçilər öz fəaliyyətlərində “ənənəvi” cəmiyyət üçün daha çox səciyyəvi olan adət və ənənələri deyil, səmərəlilik, praqmatizm, ictimai faydalılıq mülahizələrini və özlərinin üstünlük verdikləri məqamları rəhbər tutacaqlar.

Mən xeyriyyəçilik sektorunun köhnə filantropiyaya xas olan paternalizm ruhundan azad olunması və onun mütəşəkkil, ölkə miqyasında konsolidasiya edilmiş, öz standartları, infrastrukturu və texnologiyaları olan müasir “sənayeyə” çevrilməsi perspektivini də sosiomədəni modernləşmə ilə əlaqələndirirəm.
–Siz vətəndaş cəmiyyətinin formalaşmasını və mənəvi sahədə tərəqqini də vurğuladınız...

– Elədir, təşkilati və institusional baxımdan xeyriyyəçiliyin perspektivləri barədə danışmalı olsaq, bu prosesdə vətəndaş cəmiyyətinin təşəkkülü və möhkəmlənməsinin çox mühüm rol oynamasını görməmək olmaz. Axı, əslində, vətəndaş cəmiyyəti adlandırdığımız cəmiyyət iqtisadi və siyasi sahə olmaqla yanaşı, həm də ictimai həyatın və sosial fəallığın xüsusi bir sahəsidir ki, onun da əsas prinsipi azad vətəndaşların özlərinin maraqları və ya ictimai maraqlar naminə müxtəlif təşkilatlar və assosiasiyalar şəklində könüllü birləşməsidir. Ona görə də bu şəkildə başa düşülən vətəndaş cəmiyyətinin inkişafı yerli, regional və milli səviyyələrdə ictimai xeyriyyə təşkilatlarının yaranması və fəaliyyəti üçün əlverişli şəraitin formalaşmasına kömək edir.

Bununla da, fərdi və korporativ filantropiya ilə yanaşı, xeyriyyəçilik sisteminin bir sosial institut kimi iş mexanizmində xüsusi imkanları və məxsusi yeri olan mütəşəkkil vətəndaş xeyriyyəçilik sektoru formalaşır və o, perspektivdə daha da möhkəmlənəcəkdir.
Bu baxımdan mən əminəm ki, dövlətimizin başçısının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında sərəncamı vətəndaş cəmiyyətinin xeyriyyəçilik sektorunun inkişafına güclü təkan verəcəkdir. Bu konsepsiyanın həyata keçirilməsi ictimai təşkilatlarla rəsmi strukturlar arasında münasibətlərin səmərəli sistemini tənzimləməyə kömək edəcək, vətəndaş cəmiyyəti təşkilatlarının filantropiya sahəsində imkanlarını xeyli genişləndirəcəkdir.

Mənəvi tərəqqi məsələsinə gəldikdə isə, yuxarıda xatırlatdığım mənəvi naqisliklər bir çox cəhətdən adamlarda insansevərlik, şəfqət, qarşılıqlı etimad və insanın ləyaqətinə hörmət keyfiyyətlərinin formalaşmasına əsla kömək etməmiş yaxın tarixi dövrün əks-sədasıdır. Mən qəti əminəm ki, biz həmin dövrdən uzaqlaşdıqca, cəmiyyətin demokratikləşməsi və humanistləşməsi yolu ilə irəlilədikcə, ölkəmizdə xeyriyyəçiliyin tərəqqisi yolundakı mənəvi-əxlaqi maneələr tədricən aradan qalxacaqdır.

– Sizə elə gəlmirmi ki, xeyriyyəçilik institutunun inkişafı cəmiyyətdə yeni əxlaqi problemlərin yaranması təhlükəsi ilə nəticələnə bilər, məsələn, perspektivdə ələbaxımlıq əhval-ruhiyyəsinin genişlənməsinə səbəb olar? Axı, belə deyirlər ki, xeyriyyəçilik bəzilərinə fayda verir, digərlərini isə tamaha salır...
–Sizin narahatlığınızın səbəbini tamamilə başa düşürəm. Düzdür, sizin dediyiniz vəziyyət nəzəri cəhətdən mümkündür. Üstəlik, xeyriyyəçilik sisteminin yüksək dərəcədə inkişaf etdiyi və qərarlaşdığı bəzi ölkələrin təcrübəsinə əsasən, gələcəkdə bizdə də öz həyati problemlərini müstəqil şəkildə həll etmək istəməyən və yalnız xeyriyyəçilərdən kömək gözləməklə yaşayan insanlar təbəqəsinin yaranacağını proqnozlaşdırmaq olardı.

Lakin mən elə güman etmirəm ki, bu, perspektivdə ciddi ictimai problemə çevrilə bilər. Ona görə ki, məsələn, əvvəllər mövcud olan, kütləvi miqyasda ələbaxımlıq psixologiyasının yaranmasına səbəb olan sosial təminat sistemindən fərqli olaraq, xeyriyyəçilik institutu öz təbiətinə və təyinatına görə mənfi mənada bərabərçiliyə yabançıdır, o, çevik və seçmə üsulla işləyir.

Buna görə də gələcəkdə hətta ayrı-ayrı ələbaxımlıq psixologiyası fəsadları yarana biləcəyi halda belə, onlar çox güman ki, xeyriyyəçilik sektorunun fəaliyyətində müvəqqəti nöqsanların nəticəsi olacaq və kütləvi xarakter almayacaqdır. İstənilən halda, filantropiyanın çoxcəhətli ictimai səmərəsi onun dolayı yolla mümkün olan bütün mənfi təsirlərindən xeyli üstün olacaqdır.

Bununla bərabər, hesab edirəm ki, artıq indi, bizim cəmiyyətdə müasir xeyriyyəçilik institutunun təməli qoyulduğu bir vaxtda elə etməliyik ki, filantropiya ehtiyacı olan insanların öz problemlərini müstəqil həll etmələri üçün imkan və şərait yaradılmasına, onların həyati nemətlərlə qorunmaq üçün vəsaitlərlə təmin edilməsinə maksimum dərəcədə istiqamətləndirilsin. Konfusinin bir müdrik kəlamı var: balığı paylamaqdansa, onu necə tutmağı öyrətmək yaxşıdır. Biz bu müdrik məsləhətə nə qədər çox riayət etsək, filantropiyanın müsbət sosial və mənəvi-psixoloji səmərəsi bir o qədər sanballı olacaqdır.

Digər tərəfdən, bəzi hallarda xeyriyyəçilik fəaliyyətinə onu həyata keçirənlərin mənəvi baxımdan mənfi hərəkətləri kölgə sala bilər. Filantropiyanın varlanma mənbəyinə çevrilməsi şəfqət və mərhəmət hisslərindən sui-istifadə etməkdən heç də az mənəviyyatsızlıq deyildir.
Ümumiyyətlə, deməliyəm ki, xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli və həssas sahəsidir və fəaliyy
ətin bütün iştirakçılarından - xeyriyyəçilərin özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən və vasitəçilərdən ümumbəşəri əxlaq, etika və nəzakət normalarına dönmədən riayət olunmasını tələb edir.

– Mehriban xanım, bu qədər məzmunlu müsahibəyə görə çox sağ olun. Bizə elə gəlir ki, bugünkü söhbətimizdə ölkəmizdə xeyriyyəçilik institutunun inkişafı ilə bağlı ən mühüm strateji məsələlərə toxunduq. Maraqlı söhbətimizin sonunda Siz xeyriyyəçiliklə məşğul olanlara və ya məşğul olmağa hazırlaşanlara nə arzu edərdiniz?

- Mən bu insanlara onların xeyirxah təşəbbüslərində uğur diləmək istəyirəm. Qoy onlar daha cəsarətli və inadkar olsunlar, çətinliklərdən qorxmasınlar və qazanılmış uğurlarla arxayınlaşmasınlar.
Yadda saxlasınlar ki, “xeyriyyəçilik” sözünün arxasında müəyyən səbəblərə görə, müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş canlı insanların problemləri dayanır.

Öz fəaliyyətsizliyinə vaxt və vəsait çatışmazlığı ilə haqq qazandırmaq lazım deyil. Bəzən sizin adi insani diqqətiniz və iştirakınız şəxsi ianəyə, şəxsi töhfəyə çevrilə bilər. Sizin xeyirxah əməlləriniz hökmən bizim həyatımızda yaxşılığın “sayının” artmasına gətirib çıxaracaqdır.

Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər.

 

Xalq qəzeti.- 2008.- 20 mart.- S. 3.