"Elektron hüquqa giriş" kitabı Azərbaycanda informasiya hüququ ilə bağlı nəşr edilmiş ilk elmi əsərlərdən biridir

 

Martın 15-də "Hyatt Regency" mehmanxanasında dövlət qulluğu müşaviri, hüquq elmləri namizədi Rəşad Əzizovun "Elektron hüquqa giriş" (rus dilində) kitabının təqdimatı olmuşdur. Hüquq və informasiya texnologiyaları sahələrinin mütəxəssisləri, dövlət məmurları, özəl bölmə nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitaba "Ön söz"ü rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov yazmışdır.
Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Elmar Qasımov, Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Arif Zeynalov, Milli Məclisin deputatı Əhəd Abıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev, Bakı Dövlət Universitetinin kafedra müdiri, politoloq Rüstəm Məmmədov və başqaları çıxış edərək bu kitabı əlamətdar hadisə kimi qiymətləndirmiş, nəşrdə "Elektron hökumət" anlayışı ilə bağlı ciddi araşdırmaların aparıldığını diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) Azərbaycanda neft-qaz sənayesindən sonra ən dinamik inkişaf tempinə malik sahədir. Bu sahənin inkişafına Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, ümumi istehsalda qeyri-neft sektorunun çəkisinin artması, ölkənin gələcəyinin neft amilindən asılılığının azaldılması üzrə ümumi inkişaf konsepsiyasının tərkib hissəsi kimi baxılır. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətdir və onun reallaşmasına dövlətimizin başçısı şəxsən səy göstərir. Qeyd edilmişdir ki, hazırda "Elektron hökumət" institutu qloballaşan dünyada xüsusi yer tutur. Bu, ilk növbədə səmərəli idarəçiliyin həyata keçirilməsində, korrupsiya ilə mübarizədə, dövlət vəsaitlərinə qənaət olunmasında, inzibati münasibətlərin səmərəli həyata keçirilməsində böyük əhəmiyyətə malikdir. Hüquqi dövlətdə istənilən ictimai münasibətlər, xüsusilə də vətəndaş-dövlət münasibətləri hüquq elmi tərəfindən tənzimləməni tələb edir. Rəşad Əzizovun"Elektron hüquqa giriş" kitabı informasiya hüququ ilə bağlı ölkəmizdə nəşr edilmiş ilk elmi əsərlərdən biridir.
Çıxış edənlər belə gənc tədqiqatçıların elm sahəsinə gəlişini təqdirəlayiq saymış, həmçinin kitabın həm Azərbaycan, həm də ingilis dillərinə tərcümə edilməsinin vacibliyini vurğulamışlar.
Müəllifin namizədlik dissertasiyasını Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsində müdafiə etdiyi də bildirilmişdir.
Sonda Rəşad Əzizov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzinin dəstəyi ilə işıq üzü görmüş kitabın yazılması zərurətindən danışmış, tədbirin keçirilməsində əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirmişdir.

 

Azərbaycan.- 2008.- 16 mart.- S. 11.