Regionlarda reklam inkişaf
mərhələsindədir
Hər il reklama qoyulan
investisiyanın artımına görə Azərbaycan
dünyada 3-cü, MDB məkanında isə Rusiyadan sonra 2-ci
yeri tutur. Ekspertlər 2008-ci ildə bu göstəricinin daha da
artacağını proqnozlaşdırıblar. Müsahibimiz
"Kann Şirləri Beynəlxalq Reklam
Festivalı"nın Azərbaycan nümayəndəsi,
Ümumdünya Reklamçılar Assosiasiyasının
üzvü, Türkdilli Ölkələrin Beynəlxalq
Araşdırmaları Elmlər Akademiyasının fəxri
doktoru, professor Cahid Həsənovdur.
- Son ıllərdə Azərbaycanda
reklamın inkişaf dinamikasını necə
qiymətləndirərsiniz?
- Ötən illər
ərzində istər media, istərsə də açıq hava
reklamlarının inkişaf etdirilməsi
nəticəsində onlarla yerli şirkət yaradılıb
ki, bu da yüzlərlə iş yerinin açılması
deməkdir.
Respublikamızda
fəaliyyət göstərən şirkətlərin reklam
istehsalında Azərbaycan reklamçılarından, yerli
mütəxəssislərdən istifadə olunması həm
peşəkar reklamçılar məktəbinin yaranmasına
təkan vermiş, həm də reklam istehsalına görə
investisiyaların xarici ölkələrə axınının
qarşısı alınmışdır.
Təbii ki, bunu
Azərbaycan reklamçılarının böyük
uğuru kimi dəyərləndirmək lazımdır.
- Bu gün Azərbaycanda
bütün sahələrdə olduğu kimi, reklam işi
də günbəgün inkişaf edir. Peşəkar
reklamçıların təşkilatlanması işi hansı
vəziyyətdədir?
- Yeni bir qurum yaratmaq
ərəfəsindəyik. Bununla əlaqədar biz
dünyanın bir neçə tanınmış
reklamçı mütəxəssisi ilə əlaqə
yaratmışıq. Onlar Azərbaycanda reklam işinin bundan
sonrakı dövrdə daha da intensiv şəkildə
inkişafına kömək edəcəklərini bildiriblər.
Bu da bizim əsas
məqsədimizə çatmağımıza -
Azərbaycanda reklamın bütün sahələrinin tam
şəkildə, beynəlxalq standartlar səviyyəsində
inkişafına təkan verəcəkdir.
- Azərbaycanda reklamın
vəziyyətini statistikanın dill ilə necə
qiymətləndirərdiniz?
- Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin yürütdüyü siyasət
nəticəsində qeyri-neft sektorunun inkişafı,
dünyanın bir çox aparıcı
şirkətlərinin regionlarda fəaliyyətlərini
genişləndirməsi göz qabağındadır. Bu, reklam
bazarının da genişləndirilməsi deməkdir.
Artıq biz Bakıda və digər şəhərlərdə
deyil, uzaq kəndlərdə belə reklamın
inkişafını görməkdəyik və bu
reklamçılarımızı çox seyindirir.
Statistikaya
müraciət etsək, təkcə bu faktı demək kifayətdir
ki, Azərbaycanda 2007-ci ildə reklama qoyulan sərmayə 2006-cı
illə müqayisədə 25 faiz artmışdır. İndi
Azərbaycan hər il reklama qoyulan investisiyanın
artımına görə dünyada 3-cü, MDB məkanında
Rusiyadan sonra isə 2-ci yerdədir. 2008-ci ildə bu
rəqəmin daha 30% artması gözlənilir.
- Regionlarda reklamın inkişaf dinamikası
necədir?
- Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
müəllifi olduğu regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının sayəsində
əvvəllər respublikamızın paytaxtı Bakı
şəhərində formalaşmış reklam bazarı
indi artıq bu çərçivədən çıxaraq
regionlara üz tutmuşdur.
2007-ci ildə Azərbaycan
Respublikasının demək olar ki, bütün
şəhər və rayonlarında reklamın
inkişafına maraq xeyli artmışdır. Xüsusilə Gəncədə,
Lənkəranda, Sumqayıtda, Bərdədə, Əli
Bayramlıda, Yevlaxda şəhər mühitində müasir
standartlar səviyyəsində müxtəlif növ reklam
konstruksiyaları yerləşdirilmişdir ki, bu da rayon və
şəhərlərimizin tərtibatına yeniliklər
gətirmişdir.
Bölgələrdə yerli
televiziyaların bərpası, müasir standartlar
səviyyəsində texnika ilə təchizi mediada da reklam
bazarının genişləndirilməsinə, bu da öz
növbəsində bölgə televiziyalarının
inkişafına gətirib çıxaracaq.
- Regionlarda reklamla bağlı
həllini gözləyən hansı məqamları qeyd
edərdiniz?
- Ümumiyyətlə, reklama
təkcə istehsalçı ilə istehlakçı
arasında bir vasitə kimi baxmaq olmaz və bu hamının
ümumi işi olmalıdır. Bu gün
dünyada reklam mədəniyyətlərarası körpü
rolunu oynayır.
Regionlara gəldikdə isə
şəhər və rayonlarımızın ərazilərində
turizmin təbliğatı, narkomaniyanın əleyhinə,
ən əsası isə vətənpərvərlik ruhunda
açıq hava reklamlarına demək olar ki, rast gəlinmir. Ümumilikdə isə
hər bölgənin tarixi memarlıq abidələri və
əsrarəngiz təbiətiylə bağlı
şəkillərin, reklam şüarlarının,
videoçarxların nəinki respublikamızda, xarici
ölkələrdə yayımlanmasına nail olmaq
lazımdır,
Artıq biz bunun ilk
cücərtilərini görməkdəyik. Bu prosesin
sürətləndirilməsi üçün mən
hazırda regionlarda reklam işini qısa bir zamanda inkişaf
etdirəcək bir layihə üzərində
işləyirəm. Layihə reklam
haqqında Azərbaycan Respublikası Qanununa bir neçə
dəyişikliyin edilməsini də zəruri edir.
Yüzlərlə iş yerinin yaranmasında da mühüm
rol oynayacaq bu sənədin hazırlanmasında dünya
ölkələrinin qabaqcıl təcrübəsindən
istifadə edilmişdir.
- Reklamlarımızda ana dili və
millilik. Ekspert kimi bu barədə nə deyə
bilərsiniz?
- Əsas amillərdən
biri də reklamda Azərbaycan dilinin təmizliyini qorumaq və
zənginliyindən istifadə etməkdir. Reklam dili
şablon, standart, qafıyə xarakterli bayağı
sözlərdən
təmizlənməlidir. Bilirsinizmi, bu gün
dünyada hər ölkə öz xarakterinə uyğun reklamın yaranması
uğrunda mübarizə aparır. Biz də
Azərbaycanda milli reklamın daha da
təşəkkülü üçün əlimizdən
gələni etməliyik.
Xalq qəzeti.- 2008.- 14 mart.- S. 4.