88 il əvvəl, 1920-ci martın 1-də Azərbaycanın ilk informasiya agentliyi - AzərTAc fəaliyyətə başlamışdır

 

Martın 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin AzərTAc-ın 88 yaşı tamam olmuşdur. 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AzərTAc hazırda respublikanın yerli və xarici KİV-lər üçün xəbərlər yayan yeganə rəsmi dövlət informasiya agentliyidir.

Agentliyin 88 illik ömrünün tam bir qərinəsi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu illərə təsadüf etmişdir. Bu gün AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsi, dünya informasiya məkanına sürətli inteqrasiyası məhz ulu öndərimizin yüksək diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Hazırda AzərTAc dünyanın nüfuzlu informasiya agentlikləri, o cümlədən Anadolu agentliyi (Türkiyə), İTAR-TASS (Rusiya), Sinxua (Çin), Rompress (Rumıniya), Ukrin-form (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TAN-YUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTİ (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya) ilə əməkdaşlıq sazişləri əsasında informasiya mübadiləsi edir. Əlamətdar haldır ki, bu sazişlərin əksəriyyəti qarşı tərəfin təklifi ilə imzalanmışdır, 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri informasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilmiş AzərTAc-ın informasiyaları bu qurumun saytında yerləşdirilir və onlardan təşkilatın üzvü olan digər 34 ölkənin 39 informasiya agentliyi istifadə edə bilir. AzərTAc isə öz növbəsində, həmin agentliklərin OANA-nın saytına daxil olan bütün informasiyalarından istifadə etmək imkanı qazanmışdır. Xatırladaq ki, Azərbaycan bu təşkilatda təmsil olunan MDB-nin dördüncü və Cənubi Qafqazın isə yeganə ölkəsidir.

Fasiləsiz rejimdə işləyən agentlik hər gün dünyanın 80-dən çox ölkəsinə Azərbaycan,, ingilis. alman yə rus dillərində xəbərlər göndərir və qəbul edir, Agentlik il ərzində 50 mindən çox xəbər hazırlayıb yayır, təqribən 3 min tədbirlə bağlı fotoçəkiliş aparır. AzərTAc-ın gün ərzində dünya üzrə 8-9 mindən çox müraciət olunan yeniləşdirilmiş saytı BMT-nin Cenevrə ofisinin informasiya mərkəzinin internet səhifəsində yerləşdirilmişdir. Hazırda AzərTAc-ın Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Avstriya, İran, Ukrayna, Gürcüstan, Orta Asiya və Qazaxıstanda, respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

AzərTAc həmçinin MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli informasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir. Agentlik 2008-ci ildən "AsiaPulse" - Asiya Xəbər Agentlikləri Konsorsiumunun üzvüdür.

Ötən il TKA-nın Türkiyənin Qaraman şəhərində keçirilmiş toplantısı və OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilmiş XIII Baş Məclisi AzərTAc üçün əlamətdar olmuşdur. Belə ki, həmin tədbirlərdə TKA-nın növbəti toplantısının 2088-ci il aprelin sonu – mayın əvvəlində, OANA İcraiyyə Komitəsinin isə 30-cu iclasının avqustun axırı - sentyabrın əvvəlində Bakıda keçirilməsi qərara alınmışdır. Cakartada OANA-nın XIII Baş Məclisində AzərTAc bu təşkilatın İcraiyyə Komitəsinin rəhbər heyətinin 6 üzvündən biri seçilmişdir. Bu, AzərTAc-ın beynəlxalq aləmdə artmaqda olan nüfuzunun bariz sübutudur.

2007-ci il AzərTAc üçün bir sıra mükafatların qazanılması ilə də yadda qalmışdır. AzərTAc "NETTY-2007 Milli internet mükafatı" müsabiqəsində "Dövlət saytı" nominasiyasında birinci yeri tutmuşdur. Agentliyin iki fotomüxbiri "Rusiyanın mətbuat fotosu-2007" müstəqil peşəkar fotojurnalistika müsabiqəsində və dünyanın 90 ölkəsinin aparıcı informasiya agentliklərinin fotomüxbirlərinin mübarizəsində qalib gəlmişlər.

Ulu öndərimizin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycanın nüfuzunun daha da yüksəldilməsi, ölkəmizin daha dinamik sürətlə inkişaf etməsi üçün respublikamızda çox böyük işlər görülür.

Ümummilli liderimizin siyasi xəttini, milli inkişaf konsepsiyasını, böyük uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində fəaliyyətini genişləndirmək üçün yeni imkanlar qazanan AzərTAc-ın kollektivi sürətli inkişaf yolu ilə irəliləyən ölkəmizdə gedən vüsətli işlərin informasiya təminatı, Azərbaycan həqiqətlərinin dünyada daha geniş yayılması üçün səylə çalışır.

 

Respublika.- 2008.- 1 mart.- S. 6.