“Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik
yubileyi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2008-ci il may
ayının 10-da müasir Azərbaycan
dövlətçiliyinin banisi Heydər Əliyevin 85 illiyi
tamam olur.
Azərbaycan tarixinin
taleyüklü hadisələrlə dolu otuz ildən artıq
bir dövrü Heydər Əliyevin adı ilə
bağlıdır. Bu dövr ərzində Heydər Əliyev
Azərbaycan dövlətini və millətini zamanın ən
çətin sınaqlarından çıxararaq
ölkənin ictimai-siyasi, iqtisadi və
mədəni-mənəvi tərəqqisinə nail olmuş
qüdrətli şəxsiyyətdir.
1969-cu ildə Heydər
Əliyevin hakimiyyətə gəlişindən etibarən
respublikamızın həyatında geniş vüsət alan
ictimai-siyasi proseslər və iqtisadi islahatlar
müsbətə doğru radikal dəyişikliklərə
təkan vermişdir. Qısa müddətdə iqtisadiyyat sahəsində
nailiyyətlər əldə olunmuş, mədəniyyətin
yüksəlişi və milli-mənəvi
dəyərlərin dirçəlişi istiqamətində
mühüm addımlar atılmışdır. O
illərdə Heydər Əliyev idarəetmə
fəlsəfəsinin başlıca ideya istiqamətini milli
özünüdərkin güclənməsinə imkan
verən sürətli inkişaf strategiyası təşkil
etmişdir.
Heydər Əliyev
həmin dövrdə özünün dövlət
idarəçiliyi strateji proqramında mədəni və
mənəvi intibahı həmişə iqtisadiyyatda və
sənayedəki uğurlarla əlaqələndirərək,
vahid məcrada həyata keçirmişdir. 1969-1982-ci
illərdə həyatımızın bütün
sahələrində baş vermiş köklü dəyişikliklər
öz miqyasına görə Azərbaycanın quruculuq
salnaməsində ən dolğun səhifələri
təşkil edir. Ölkəmizin müstəqilliyinin və
dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin
hazırkı möhkəm təməli Heydər Əliyev
tərəfindən həmin illərdə
yaradılmış potensiala əsaslanır.
Heydər Əliyevin
idarəçilik istedadı, tükənməz enerjisi və
misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin
dövlət başçılarından biri kimi
fəaliyyət göstərdiyi və irimiqyaslı
layihələrə rəhbərlik etdiyi vaxtlarda
özünü xüsusilə parlaq surətdə
təzahür etdirmişdir. Həmin dövrdə Heydər
Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olunurdu. O,
ölkədə baş verən ən ekstremal
vəziyyətlərin aradan qaldırılmasının
bilavasitə iştirakçısı olması sayəsində
dövlətin ən nüfuzlu siyasi xadimlərindən
birinə çevrilmişdi.
Qanlı Yanvar faciəsi
ilə bağlı Heydər Əliyev tərəfindən
verilən kəskin bəyanat artıq Azərbaycan tarixində
yeni siyasi dövrün başlanmasını bildirirdi. O, kommunist
partiyası sıralarından çıxmasına dair ərizəsində
kommunist rejiminin ölkəni uçuruma
apardığını, SSRİ-nin dağılmasının
labüdlüyünü açıq bəyan etmişdi.
Heydər Əliyevin
Azərbaycan parlamentindəki çıxışları,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
olarkən qəbul etdiyi qərarlar və Naxçıvan Ali
Məclisinin binası üzərində üçrəngli
bayrağımızı ucaltması suverenliyin qazanılması
istiqamətində atılmış ilk addımlardandır.
Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən az sonra,
xarici təzyiqlər və daxili çəkişmələr
nəticəsində 1993-cü ilin iyununda vətəndaş
qarşıdurması ilə üz-üzə
qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız
Heydər Əliyevə etibar etmişdir. Onun təkidli
istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev
siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz
iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi
təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən
qurtarmış, qanunçuluğu bərpa etmiş və
cəmiyyəti vahid məfkurə ətrafında
birləşdirmişdir. Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq
özünün əsl xilaskarı şərəfinə
Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş
Günü kimi yazmışdır.
Ölkəmizdə
müstəqil dövlət təsisatlarının yaradılması,
beynəlxalq normalara əsaslanan demokratik, hüquqi
dövlət quruculuğunun böyük vüsət
alması, suveren Azərbaycanın əsas qanunu olan
Konstitusiyanın qəbul edilməsi, vətəndaş
cəmiyyətinin formalaşdırılması, milli
təhlükəsizliyin təmin olunması və yeni iqtisadi
kursun müəyyənləşdirilməsi ilə
bağlı proseslərin müvəffəqiyyətli həlli
şəxsən Heydər Əliyevin xidmətləridir.
1994-cü ildə Heydər
Əliyevin neft strategiyasının
reallaşdırılmasını təmin edən "Əsrin
müqaviləsi"nin imzalanması Azərbaycan
xalqının öz maddi sərvətlərinin, o
cümlədən neftinin həqiqi sahibi kimi
çıxış etməsinin təntənəsinə
çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində
yeni dövr açmış, dinamik inkişafın
təməlini təşkil edərək
müstəqilliyimizin iqtisadi bünövrəsinin
möhkəmlənməsi və Azərbaycanın bu gün
dünyada analoqu olmayan templə davamlı inkişafı
üçün zəmin yaratmışdır. Hazırda Heydər
Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft
kəməri xalqımızın ümummilli liderinin
ideyalarının gerçəkləşməsinin parlaq
təcəssümüdür.
Müstəqil
dövlətçiliyimizin Heydər Əliyev
tərəfindən formalaşdırılan mənəvi-ideoloji
əsası dünya azərbaycanlılarının həmrəyliyinin
möhkəmləndirilməsində həlledici rol
oynamışdır. Azərbaycan ziyalısını son
əsrlərdə ciddi düşündürən milli
dirçəliş problemləri bütöv
şəkildə Heydər Əliyevin fəaiiyyəti
sayəsində strateji dövlət siyasətinə,
əməli siyasi müstəviyə keçmiş və
nəticədə azərbaycançılıq
məfkurəsi şüurlara hakim kəsilmişdir. İki
əsrin və iki minilliyin qovuşuğunda xalqımız
məhz onun sayəsində milli-mənəvi
dəyərləri layiqincə qoruyaraq, üçüncü
minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin
adı bu gün bölgədə və dünyada layiqli
mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi
kimi səslənir.
2003-cü il dekabrın
12-də əbədiyyətə qovuşmuş Heydər
Əliyevi son mənzilə yola salmağa yüz
minlərlə soydaşımız gəlmişdi. Vida
mərasimində ardı-arası kəsilməyən həmin
insan seli isə on il əvvəl - 1993-cü ildə
Vətən darda ikən millətin nicat yolunu Heydər Əliyevin
simasında görənlərin birliyindən yaranmışdı.
Bu möhtəşəm izdihamı ilə xalq ən
kədərli günündə həmrəylik nümayiş
etdirməklə Heydər Əliyevin ruhu qarşısında mənəvi
borcunu ödəyir, Heydər Əliyev ideyalarına sonsuz
sədaqətini ifadə edirdi.
Çoxəsrlik
dövlətçiliyimiz tarixində xüsusi yeri olan
Heydər Əliyevin fəaliyyəti öz
əhəmiyyəti etibarilə Azərbaycanın
hüdudlarından çox-çox kənara
çıxır. Beynəlxalq aləmdə cərəyan
edən proseslərə təsiri baxımından həmişə
seçilən və qlobal dünyanın ən aktual
çağırışlarına cavab verən Azərbaycan
rəhbəri zəmanəmizin tanınmış siyasi
xadimləri sırasında şərəfli yer tutmuşdur.
Özünün
zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin
hərtərəfii inkişafı prosesinə qüvvətli
təkan verərək, onu daimi yüksəliş yoluna
çıxaran Heydər Əliyevin Azərbaycan xalqı
və dövləti qarşısında misilsiz tarixi
xidmətlərini, o cümlədən xalqımızın
müstəqillik arzusunun həyata keçməsində, milli
dövlətçilik ideyasının
gerçəkləşdirilməsində və müasir Azərbaycan
dövlətinin yaşadılmasında müstəsna rolunu
nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik
yubileyi dövlət səviyyəsində geniş qeyd edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatı və
Azərbaycan Respublikasının Nazirlər Kabineti
aidiyyəti qurumlarla birlikdə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin
keçirilməsi ilə bağlı tədbirlər planını
hazırlayıb həyata keçirsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 mart 2008-ci il
Mədəniyyət.- 2008.- 8 may.- S. 2.