Ağasəfoğlu İ.

 

Dünyanı heyran qoyan insan

 

Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Turizm Kollecində ulu öndərimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbir belə adlanırdı. Əvvəlcə qonaqlar kollecin foyesində xalqımızın ümummilli liderinin həyat və fəaliyyətinə həsr olunmuş fotoşəkillərə, tələbələrin əl işlərindən ibarət sərgilərə tamaşa etmişlər.

Sonra "Heydər Əliyev ideoloji mərkəzi"nin açılışı olmuşdur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev və Turizm Kollecinin direktoru Əyyub Əyyubov məkrəzin açılışını bildirən qırmızı lenti kəsmişlər. Olduqca nəfıs şəkildə tərtib olunmuş ideoloji mərkəzlə tanışlıqdan sonra tədbir davam etdirilmişdir.

Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov müasir Azərbaycan dövlətinin qurucusu və memarı, türk dünyasının təkrarolunmaz dahi şəxsiyyəti Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış etmişdir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxışında vurğulamışdır ki, Heydər Əliyev doğma Azərbaycanımızın misilsiz tarixi şəxsiyyəti, sözün həqiqi mənasında millət atasıdır. Milli-mənəvi özünüdərkin, fövqəlbəşər dəyərlərimizin qorunub saxlanmasında, onun xalqımıza qaytarılmasında, Azərbaycanın bir dövlət, xalqımızın bir millət kimi yaşamasında Heydər Əliyev dühası əvəzsiz rol oynamışdır.

Biz dünənimizə, bugünümüzə və sabahımıza görə dahi şəxsiyyətə minnətdar olmalıyıq. Həm də ona görə ki, Heydər Əliyev özündən sonra siyasət, dövlətçilik sükanını layiqli davamçısı, onun həyata keçirə bilmədiyi arzuları bu gün uğurla, böyük səriştə ilə davam etdirən hörmətli Prezidentimiz cənab İlham Əliyevi Azərbaycan xalqına bəxş etmişdir.

Bu gün hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyevin tapşırıq və göstərişləri, gündəlik qayğısı ilə yaşayan, qurub-yaradan xalqımızın sabahı bundan da gözəl və parlaq olacaqdır. Daha sonra tədbirdə çıxış edən kollecin həmkarlar təşkilatının sədri, iqtisad elmləri namizədi İbrahim Əyyubov, kollecin direktor müavini Mirzə Cavadov, müəllim Üzeyir Zeynalov və başqaları ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarından söhbət açdılar.

Tədbirin sonunda kollecin tələbələrinin ifasında şeirlər söyləndi və mahnılar oxundu.

 

Respublika.- 2008.- 10 may.- S. 16.