Bayramov O.


TÜRKSOY-un daimi şurasının 24-cü iclasında yekun Bəyannamə imzalanmışdır

 

Mayın 28-də Ankarada Türk Dünyası Mədəniyyət və İncəsənət Ortaq Yönətimi (TÜRKSOY) təşkilatı Daimi Şurasının 24-cü iclasında iştirak edən türkdilli ölkələrin mədəniyyət nazirlərini Çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül qəbul etmişdir.
Türkiyə dövlətinin başçısı təşkilatın fəaliyyətini yüksək qiymətləndirmiş, türkdilli xalqların mədəni əlaqələrinin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır.
Həmin gün keçirilən iclasda nazirlər Yekun Bəyannaməsi imzalamışlar. Bəyannamədə qeyd olunur ki, türkdilli xalqların qədim zəngin mədəni irsinin bütün dünyada təbliği məqsədilə yeni layihələrin hazırlanıb həyata keçirlməsi zəruridir.
Qırğızıstanın keçmiş mədəniyyət naziri Dusen Kaeinov TÜRKSOY-un yeni baş direktoru seçilmişdir. Təşkilatın Daimi Şurasının 25-ci iclasını oktyabr ayında Bişkekdə keçirmək qərara alınmışdır.
Mədəniyyət nazirləri iclasda qəbul olunmuş Fəaliyyət Proqramı ilə bağlı mətbuat konfransı keçirmişlər.
TÜRKSOY-un Daimi Şurasının 24-cü iclasında Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistanın mədəniyyət nazirləri, Özbəkistan mədəniyyət nazirinin müavini, habelə Şimali Kipr, Rusiyanın Başqırdıstan, Tatarıstan, Tuva, Xakasiya, Yakutiya muxtariyyətlərinin mədəniyyət nazirləri iştirak etmişlər.

Azərbaycan.- 2008.- 30 may.- S. 4.