Ağstafa Masallıda kitab bayramı

 

Ağstafa rayon mədəniyyət evində mərhum prezident Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş "Kitab bayramı" keçirilib.
   APA-nın məlumatına görə, tədbirdə "Əsrlərə bərabər ömür yolu", "Əsrin müqaviləsindən başlanan yol", "Müstəqilliyimizin dövlətçiliyimizin banisi", "Ağstafam-kamal ocağım" adlı kitab sərgilərinin nümayişi təşkil edilib. Tədbir çərçivəsində rayon məktəblilərinin "Heydər Əliyev dühası ilə inkişaf edən Azərbaycan" adlı rəsm əl işləri sərgisi keçirilib. "Kitab bayramı"nda nağıl qəhrəmanlarının paradı, atlı oğlan, Göyçək Fatma, Tıq-tıq xanım, Siçanqulu bəy, Hiyləgər Tülkü, Qoğal kimi nağıl qəhrəmanlarının ifasında səhnəciklər nümayiş etdirilib.
   Masallı rayonunda da Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş "Kitab bayramı" təşkil edilib. Yubiley tədbirində "Halay" folklor ansamblının ifasında rəqslər nümayiş etdirilib. Kitab bayramında bir ay öncə Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar bədii qiraət, rəsm, tək ifa, xor, rəqs üzrə keçirilmiş "Yaz" festivalının qalibləri mükafatlandırılıb.

 

Ədalət.- 2008.- 8 may.- S. 6.