Akifqızı Ş.
ABŞ-ın
Klivlend şəhərində Azərbaycan
Mədəniyyət bağı açılmışdır
Ümummilli lider Heydər
Əliyevin 85 illik yubileyi münasibətilə
mayın 12-də
ABŞ-ın Klivlend şəhərində Azərbaycan
Mədəniyyət bağının
açılışı olmuşdur. Klivlend Mədəniyyət bağlarının
bir hissəsi olan bu layihənin
təməli hələ
2003-cü ildə qoyulmuşdu.
O vaxt Prezident
Heydər Əliyev bu şəhərdə olarkən beynəlxalq tolerantlıq və sülh anlayışını
simvollaşdıran Mədəniyyət
bağlarını bəyənmiş
və burada Azərbaycanın da təmsil olunması barədə ölkəmizin
ABŞ-dakı səfiri
Hafiz Paşayevin təklifini dəstəkləmişdir.
Klivlendin
mərkəzi küçələrinin
kəsişməsində yerləşən Azərbaycan
Mədəniyyət bağını ABŞ-da yaşayan
həmyerlimiz, memar Xanlar Qasımovun müəllifi olduğu
"Ocaq" abidəsi və mərmərdə həkk
edilən "Azərbaycan - təxəyyülü
alovlandırıb, ruhu isidən əbədi Odlar yurdu"
sözləri bəzəyir. Səkkiz ton ağırlığında
paslanmayan poladdan tökülmüş "Ocaq"
abidəsinin hamarlanmış
dairəvi formasında
yanlardan torpaq, üstdən isə səma əks olunur. Memarın AzərTAc-a bildirdiyinə görə,
bu layihə onun ən mürəkkəb
işlərindən biridir.
Poladın ideal simmetrik
hala gətirilməsi ilə bağlı texniki çətinliklər
bir tərəfə qalsın, əsrlərlə
tarixi olan zəngin Azərbaycan mədəniyyətini bir abidə ilə ifadə etmək bütöv kitabı bir cümlə ilə danışmağa
bənzəyirdi. "Ocaq"ın ideyası Nizaminin "Leyli və Məcnun"undan və Nəsimi
fəlsəfəsindən ruhlanmışdır.
Mayın 12-si
Klivlenddə "Azərbaycan günü" elan edilmişdi.
Bu qərarı Klivlend şəhərinin
meri Frənk Cəkson bağın rəsmi açılış
mərasimində çıxış
edərkən bildirmişdi.
Mərasimdə iştirak
edən fəxri qonaqlar arasında ABŞ Konqresində Ohayo ştatının təmsilçiləri
Denis Kusiniç, Stefani Tabs Cons
və ölkəmizin
ABŞ-dakı səfiri
Yaşar Əliyev də var idi.
Azərbaycan Mədəniyyət
bağının açılışında
Klivlend ictimaiyyətinin
nümayəndələri, məktəblilər, eləcə
də burada yaşayan azərbaycanlılar
iştirak edirdilər.
Səfir
Yaşar Əliyev çıxışında demişdir ki,
milli mənəviyyatımızda məxsusi yer tutan ocaq
anlayışı ailəni bir yerə toplayan, istilik yaradan
həyat və məhəbbət rəmzidir. Mən inanıram ki, Azərbaycan Mədəniyyət bağı
Klivlendin sevimli parkları arasında yer tutaraq insanların
sülh, qarşılıqlı
anlaşma və dostluğu bayram etdikləri məkana çevriləcəkdir.
Layihəni ilk dəstəkləyənlərdən biri, konqresmen Denis Kusiniç isə vurğulamışdır
ki, beynəlxalq birliyin əhəmiyyətli
üzvü kimi Azərbaycan dünyada əmin-amanlığın
bərqərar olmasına
çalışan dövlətlərdən
biridir. Bu bağ beynəlxalq sülhün rəmzi kimi Azərbaycanın gözəlliyini və şərəfini əks etdirəcəkdir. Konqresmen
Kusiniç əlamətdar
hadisə ilə bağlı səfir Y.Əliyevə ABŞ Konqresinin
rəsmi təbrikini çatdırmışdır.
Mərasimin
sonunda mer Frənk Cəkson, konqresmen Denis Kusiniç və
səfir Yaşar Əliyev "Ocaq" abidəsinin
açılışını bildirən lenti
kəsmişlər.
Klivlenddə
yaşayan soydaşımız Təranə Əsgərova
təntənəli tədbir barədə
təəssüratını bölüşərək
demişdir: "Qərib ölkədə yaşayan
azərbaycanlılar üçün bu gün əsl
bayramdır. Bu bağ burada
yaşayan azərbaycanlıları
ocaq kimi ətrafına yığacaqdır.
Bizim haradan olduğumuzu soruşanda, Azərbaycan barədə xəbərsiz olan amerikalılara uzun izahat verməli olurduq. Bundan sonra isə bu mərkəzi küçələrdən keçən
hər kəs Azərbaycanın adını
görəcəkdir. Bizim
duyduğumuz fəxri ifadə etmək çətindir".
Klivlendin əhalisi
80-ə yaxın etnik icmanı təmsil edir. Şəhərin belə zəngin demoqrafik müxtəlifliyini göstərmək
məqsədi ilə yaradılan Klivlend Mədəniyyət bağları
hazırda 36 xalqın
mədəni irsini simvollaşdıran bağları
əhatə edir.
Azərbaycan.- 2008.- 14 may.-
S. 5.