Bayramova A.

 

Milli mədəniyyətimizin himayədarı

 

Zəngin milli-mənəvi dəyərlərimizdən bəhrələnən qədim Azərbaycan mədəniyyəti böyük inkişaf yolu keçmişdir. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, təbliğində, dünya miqyasında tanınmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna tarixi xidmətləri olmuşdur.
Azərbaycan mədəniyyətinin ən böyük nailliyyətləri görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar.
Mən, konkret olaraq Azərbaycanda musiqinin və muzey işinin inkişafında Heydər Əliyevin rolundan danışmaq istərdim. Onun bu sahədə göstərdiyi xidmətləri misilsizdir.
Görkəmli mədəniyyət xadimlərimizə ulu öndər tərəfindən göstərilən diqqət və qayğı daim hiss edilmişdir. Onlara fəxri adların, qocaman musiqiçilərə təqaüdlərin, dövlət təltiflərinin verilməsi, gənc musiqiçilərə xüsusi qayğı, istedadları tapıb üzə çıxarmaq, onları dəstəkləmək, yeni yaradıcılıq uğurlarına ruhlandırmaq Heydər Əliyevin bir dövlət başçısı kimi böyük xidmətlərindəndir.
Keçən əsrin 70-80-cı illərində Heydər Əliyevin təşəbbüsü ilə hər həftənin cümə günləri simfonik konsertlərə getmək, klassik musiqiyə qulaq asmaq ənənə halını almışdı. Bu konsertlərin əksəriyyətində ümummilli lider şəxsən iştirak edirdi.
Doxsanıncı illərdə simfonik orkestrin musiqiçilərindən və balet ustalarından bir çoxu ehtiyac üzündən ölkəni tərk etdikləri zaman Heydər Əliyev bunun qarşısını almaq, Azərbaycanın klassik musiqi sahəsində əldə etdiyi əvəzsiz nailiyyətləri qorumaq məqsədilə təcili tədbirlər görərək, onların əmək haqlarını bir neçə dəfə artırmışdır. Görkəmli mədəniyyət xadimlərimizin yubileylərini dövlət səviyyəsində keçirtməklə, ev muzeylərini açmaqla və bu tədbirlərdə şəxsən iştirak etməklə Heydər Əliyev onların yaradıcılıqlarına yüksək qiymət verirdi.
Onun şəxsi təşəbbüsü və iştirakı ilə dahi bəstəkar, professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun 90 (1975), 110 (1995), görkəmli bəstəkar Müslüm Maqomayevin 90 (1975), 110 (1995), professional vokal sənətinin banisi Bülbülün 100 (1997), görkəmli opera müğənnisi Şövkət Məmmədovanın 100 (1997), görkəmli bəstəkar Qara Qarayevin 60 (1978, Bakı, Moskva), 85 (2003), görkəmli bəstəkar Tofiq Quliyevin 80 (1997), məşhur musiqiçi, violonçel ustası və dirijor M.Rostropoviçin 70 (1997) illik yubiley mərasimləri və digər tədbirlər keçirilmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə onun şəxsi təşəbbüsü və fəaliyyəti nəticəsində respublikamızda muzey işi nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir. Həmin dövrdə və ulu öndərin təkrar hakimiyyətə qayıdışından sonrakı illərdə incəsənət və ədəbiyyat nümayəndələrinin yeni muzeylərinin açılması işi ardıcıl surətdə davam etdirilmişdir. Belə ki, 1975-ci ildə Səməd Vurğunun və Üzeyir Hacıbəyovun, 1977-ci ildə keçmiş SSRİ məkanında ilk vokalçı muzey – Bülbülün muzeyi (Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə tamaşaçılar üçün ekspozisiyası açılmışdır), Cəfər Cabbarlının (1982), Nəriman Nərimanovun (1977) ev muzeyləri, mənim rəhbərlik etdiyim Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazinin mənzil muzeyi (1994), Vaqif Mustafazadənin ev muzeyi (1994) açılmışdır. Respublikamızda fəaliyyət göstərən muzeylərə metodik kömək göstərmək məqsədilə muzey işi üzrə elmi-metodiki mərkəzi (1980), muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey sərvətləri və xatirə əşyalarının bərpa mərkəzi təşkil olunmuşdur. Ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan İttifaq respublikaları arasında muzey işi üzrə geridə qalırdısa, 1981-ci ildə artıq buna son qoyuldu. Bu, SSRİ muzeyləri üzrə göstəriciləri təhlil edəndə aşkar olur. Əgər bir sıra səbəblərə, Rusiya və Ukraynanı müqayisədə nəzərə almasaq, Azərbaycanın 53 muzeyi olaraq ölkə üzrə orta göstəricini ötmüşdü.
1994-cü il sentyabr ayının 18-də görkəmli Az
ərbaycan dirijoru və bəstəkarı Niyazinin ev muzeyinin təntənəli açılışında iştirak edən ümummilli lider Heydər Əliyev onun həyat və yaradıcılığından ətraflı danışmış, muzeyin rəy kitabına ürək sözlərini yazmışdir: “Azərbaycanın böyük mədəniyyət xadimi, bəstəkarı, dirijoru, ictimai xadimi Niyazinin ev muzeyinin açılmasını təbrik edirəm. Bu, respublikanın həyatında əlamətdar hadisədir, dövlətin, xalqın mədəniyyətə ehtiramı rəmzidir. Ümüdvaram ki, Niyazinin həyat yolunu, yaradıcılığını əks etdirən muzey eksponatları xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ edəcək, gələcək nəsillərə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini tanıdacaqdır. Muzeyə öz fəaliyyətində uğurlar diləyirəm”. Həmin tədbirdə Heydər Əliyev qeyd etmişdir: “Azərbaycanda mədəniyyət və elm xadimlərimizə həsr olunmuş ev muzeylərinin yaradılmasına 70-ci illərdə başlanmışdır. Bu da həqiqətdir. Yadımdadır, böyük bəstəkarımız, gözəl insan, Azərbaycan xalqının fəxri və tacı olan Üzeyir Hacıbəyov 1948-ci ildə vəfat etmişdir. Fikir verin, 48-ci ildə. Amma onun həyat yolunu və yaradıcılığını əks etdirən, şəxsən ona məxsus olan muzey 74-cü ilədək yaradılmamışdı. Halbuki, Üzeyir bəyin yaşadığı ilk ev də, "Monolit" adlandırılan bina da yaşadığı mənzil də məlum idi, onun xidmətləri də məlum idi. Bu muzeyin yaradılmasına təşəbbüs göstərdiyim üçün özümü xoşbəxt hesab edirəm. Bununla da biz Azərbaycan xalqının həyatında gözəl bir ənənənin bünövrəsini qoyduq".
Heydər Əliyev dünya səviyyəli görkəmli musiqiçi, violonçel ifaçısı və dirijoru, əslən Bakıdan olan M.Rostropoviçin yaradıcılığını yüksək qiymətləndirmiş, onu Azərbaycana dəvət etmişdir. M.Rostropoviç ardıcıl olaraq Bakıda konsertlər, ustad dərsləri vermişdir. Onun dirijorluq etdiyi konsertlər Azərbaycanın musiqi həyatını daha da zənginləşdirmişdir. Ulu öndər 1997-ci ildə L. və M.Rostropoviçlərin ev muzeyinin yaradılması haqqında sərəncam imzalamışdır.
Sevindirici haldır ki, Heydər Əliyevin təməlini qoyduğu mədəniyyətə dövlət səviyyəsində qayğı və diqqət ənənəsi bu gün də davam etdirilir.
O, əsl sənəti qiymətləndirməyi bacarırdı. Belə bir faktı oxucuların nəzərinə çatdırmaq istərdim. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Ansamblın yaradılmasının təşəbbüskarı Məcnun Kərimovdur. Ansamblın bənzərsiz cəhəti ondadır ki, musiqiçilər orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və sonralar M.Kərimov tərəfindən bərpa olunmuş musiqi alətlərində ifa edirlər. Bunlar çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, ney kimi musiqi alətləridir.
Bu ansambl 80-cı illərdə ictimai əsaslarla fəaliyyət göstərirdi. Heydər Əliyev tədbirlərin birində ansamblın çıxışını görmüş, unikallığını, dərin kökləri olduğunu duymuş və rəhbərin göstərişi ilə kollektiv Dövlət ansamblı statusu almışdır. 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən ansambl musiqi mədəniyyətimizi ölkə daxilində və beynəlxalq səviyyədə layiqincə təmsil edir. Bu gün ümummilli lider Heydər Əliyevin mədəniyyət, incəsənət sahəsində gördüyü böyük işləri respublikamızın Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva layiqincə davam etdirirlər. Prezident İlham Əliyevin mədəniyyət xadimlərinə qayğı və diqqəti həmişə duyulur. İncəsənət xadimlərinin fəxri adlara layiq görülməsi onları Azərbaycan mədəniyyətini daha yüksək səviyyədə inkişaf etdirməyə, təbliğ etməyə ruhlandırır. Prezidentin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il tarixli sərəncamı muzey işinə qayğı və diqqətin bariz nümunəsidir. Hazırda Azərbaycan tarixi, Ədəbiyyat, İncəsənət muzeylərində əsaslı təmir işləri aparılır. Bu il mayın 7-də Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyein 85-illik yubileyinə həsr olunmuş təmirdən sonra yeni ekspozisiyanın açılışı olacaqdır.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi üçün yeni binanın tikilməsi nəzərdə tutulmuşdur. “Neft”, “İdman və olimpiya hərəkatı” muzeylərinin yaradılması haqqında Prezident İlham Əliyev sərəncam vermişdir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı yolunda çox böyük işlər görür. Onun muğam mədəniyyətinin ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan muğam layihələri - bu layihələr çərçəvəsində Azərbaycanda Beynəlxalq Muğam Mərkəzinin yaradılması və s. işlər Azərbaycan muğamını, musiqisini yaşatmağa, onun inkişafına, bütün dünyada təbliğinə xidmət edir. Bu işlərin nəticəsi olaraq Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi elan edilmişdir. YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın imzası ilə diplom muzeyimizin ekspozisiyasında nümayiş etdirilir.,

 

Xalq qəzeti.- 2008.- 6 may.- S. 8.