Ermənilərin
"mədəni oğurluq" faktları BMT-də
Azərbaycanın
Müəllif Hüquqları
üzrə Dövlət Agentliyi ermənilərin indiyə
kimi aşkar olunan Azərbaycan musiqilərinin oğurluq və
mənimsəmə faktlarını toplayaraq, BMT-nin
ixtisaslaşdırılmış qurumu, əqli
mülkiyyət sahəsində hökumətlərarası
orqanı olan Ümumdünya Əqli Mülkiyyət
Təşkilatına (WİPO) göndərib. Bu barədə
"Trend"ə Azərbaycanın Müəllif Hüquqları üzrə
Dövlət Agentliyinin direktoru Abutalıb Səmədov
bildirib.
Onun sözlərinə
görə, Azərbaycan "Ədəbi və bədii
əsərlərin qorunması haqqında" Bern
Konvensiyasına, "ifaçıların, fonoqram
istehsalçıların və yayım
təşkilatlarının hüquqlarının qorunması
haqqında" Roma Konvensiyasına qoşulub. Ermənistan da
həmin Konvensiyalara qoşulub. Konvensiyalarda
müəyyənləşdirildiyi kimi, hər bir üzv
dövlət, o cümlədən də Ermənistan digər
ölkələrin vətəndaşlarının
hüquqlarını ən azı öz
vətəndaşlarının hüquqlarını qoruduğu
səviyyədə qorumalıdır. Qorunmanın bu prinsipi
"milli rejim" adlanır. Agentlik bir neçə il bundan
əvvəl Rusiya Federasiyasının ərazisində uzun
müddət fəaliyyət göstərən və
Azərbaycanın milli musiqisini erməni musiqisi kimi təqdim
edən "Ani-Rekords" erməni səsyazma
studiyasının bağlanmasına da nail olub.
A.Səmədov deyib ki,
əqli mülkiyyət sahəsində mövcud beynəlxalq
qanunvericiliyə əsasən, hüquqların təminatı
məhkəmə orqanlarının səlahiyyətindədir.
Yəni, ölkə daxilində hüquq sahibinin
hüquqları pozularsa, o, hüquqlarının bərpası
üçün yerli məhkəməyə müraciət
edə bilər. Onun sözlərinə görə,
beynəlxalq miqyasda müəllifin və ya digər hüquq
sahibinin hüquqları pozulduqda o, hüquqlarının pozulduğu
ölkənin məhkəməsinə müraciət
etməlidir: "Təəssüflər olsun ki, Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar
vətəndaşlarımız Ermənistan
məhkəmələrinə müraciət etmək
imkanından məhrumdurlar. Bundan istifadə edən
Ermənistan Azərbaycanın həm maddi, həm də
mənəvi sərvətlərini oğurlayır və
öz adına çıxır".
Onun sözlərinə
görə, beynəlxalq qanunvericilikdə boşluqlar
olduğundan, Ermənistana birbaşa təsir
rıçaqları yoxdur. Səmədov beynəlxalq qanunvericiliyə
dəyişikliklərin edilməsi üçün BMT-yə
müraciət etdiyini deyib və bu məsələyə
baxılacağına inandığını
vurğulayıb. Dövlət Agentliyinin rəhbəri deyib ki,
WİPO-ya təqdim olunan sənədlər toplusunda
ermənilərin oğurladığı Azərbaycan
musiqilərindən bəstəkarlar Tofiq Quliyevin
"Sənə də qalmaz", Cahangir Cahangirovun "Ay
qız", Rauf Hacıyevin "Saçlarına gül
düzüm", Ələkbər Tağıyevin "Nə
gəlməz oldun", Eldar Mansurovun "Gecə
zəngləri", Aygun Səmədzadənin
"Məktəb illəri", Azərbaycan xalq
rəqsləri nümunələri əsasında hazırlanan
"Vokaliz" adlı musiqi, klassik bəstəkarların
yaradıcılığı və folklor
nümunələrindən olan "Vağzalı",
"Yallı" "Uzurdərə", "Mirzeyi",
"Qazağı", "Tərəkəmə",
"Sarı gəlin" "Xan bacı", "Dəli
Ceyran", Üzeyir Hacıbəyovun "Arşın mal
alan". "O olmasın, bu olsun" operettaları,
"Koroğlu" operası var.
Xəzər.- 2008.- 3 may.- S. 15.