Azərbaycanın
Rumıniyadakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, mayın 10-da Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının
85-ci ildönümü ilə əlaqədar Buxarestdə
yubiley tədbirləri keçirilmişdir.
Heydər
Əliyevin adını daşıyan parkda keçirilən
tədbirdə Rumıniya Prezidenti Aparatının və
hökumətin, parlament və senatın
nümayəndələri, ictimai təşkilatların
rəhbərləri, diplomatlar, Heydər Əliyev Fondu
Rumıniya Nümayəndəliyinin və ARDNŞ-in
Rumıniya Nümayəndəliyinin əməkdaşları,
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti,
Rumıniya-Azərbaycan Ticarət Palatası,
Azərbaycan-Rumıniya Gənclər və
Mədəniyyət Assosiasiyası, Türkiyə-Rumıniya
Ticarət Palatası, Türkiyə İş Adamları
Dərnəyi, Rumıniya Türk-Tatar Demokrat Birliyinin
üzvləri, Buxarestdə yaşayan, işləyən,
təhsil alan həmyerlilərimiz, o cümlədən
hərbçi kursantlarımız iştirak etmişlər.
Azərbaycanın
Rumıniyadakı səfiri Eldar Həsənov
xalqımızın ümummilli lideri Heydər Əliyevin
həyat və fəaliyyətindən söhbət
açmış, ulu öndərin ölkəmizin
müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda
gördüyü işləri qeyd etmişdir. Möhkəm köklərə malik Azərbaycan ilə Rumıniya münasibətlərinin müasir
şəraitdə strateji
tərəfdaşlıq səviyyəsinə
yüksəlməsində Heydər
Əliyevin xüsusi rolu vurğulanmışdır.
Yubiley
tədbirində Buxarest şəhəri 2-ci sektorunun meri
Nikolae Ontsanu və Rumıniya-Azərbaycan Dostluq
Cəmiyyətinin Baş katibi, akademik İon Pop de Popa
çıxış edərək Heydər Əliyev
şəxsiyyətinin və siyasətinin yalnız
Azərbaycan çərçivəsində deyil,
ümumiyyətlə, regional və qlobal miqyasda dəyərləndirilməsinin
vacibliyini nəzərə çatdırmışlar.
Sonra ümummilli liderin büstünün önünə əklillər
və tər çiçəklər qoyulmuş,
ulu öndərin əziz xatirəsinə yüksək hörmət
və ehtiram ifadə edilmişdir.
Tədbirdə
Buxarest şəhərinin 50 nömrəli orta
məktəbinin şagirdləri Azərbaycan və rumın
dillərində mahnılar ifa etmişlər.
Daha sonra
tədbir iştirakçıları Heydər Əliyev
Fondunun Rumıniya Nümayəndəliyinin binasında
ümummilli liderin həyat və fəaliyyətini əks
etdirən fotosərgi ilə tanış olmuş, ulu
öndərə həsr olunmuş sənədli filmə
baxmışlar.
Azərbaycan.- 2008.- 11 may.- S. 5.